Məhkəmə qərarları › İş №2(105)-1701/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1701/2025

11.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1701/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)- 2003/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Quba regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) İddiaçı cavabdehlər Cavabdeh2 və Quba regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Quba Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməməsi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 saylı qərardadından verdiyi şikayətin baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddia tələbi tam əsaslandırılmışdır. Bu şikayətdə isə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-2003/2025 saylı qərardadının əsassız olması səbəbləri izah edilir. Qərardadda iddia ərizəsinin baxılmamış saxlanılmasının əsası kimi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsaslanmaqla, məhkəməyə müraciət etmiş iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməməsi və bu qaydanı tətbiq etmək imkanı itirilməməsi səbəbi göstərilmişdir. Qərardadda (qərardadın ikinci vərəqinin yuxarıdan ikinci abzası) hakim bu mövqeyinin əsaslandırılması kimi aşağıdakıları göstərir: “Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Quba regional “ASAN xidmə kəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra (yəni notariusa müraciət edib müvafiq imtina aldığı təqdirdə) maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.” Lakin bildirir ki, o, vərəsəliklə əlaqədar Quba regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və orada V-100 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Lakin cavabdehin hərəkətsizliyi səbəbindən vərəsəliyi notariatda rəsmiləşdirmək mümkün olmamışdır. Quba Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin bu barədə xx.xx.2025-ci il tarixli, 2935 saylı məktubu iddia ərizəsinə əlavə olunmuşdur. Bu səbəbdən qərardadda iddia ərizəsinin baxılmamış saxlanılması üçün hakimin göstərdiyi bu əsas düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsində məhkəməyə müraciət etmiş iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməməsindən söhbət gedir. Lakin heç bir qanunvericilik aktında vərəsəlik ilə əlaqədar məhkəməyə müraciət etməmişdən əvvəl əks tərəflərə pretenziya göndərilməsinin məcburiliyi göstərilməyib. Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

8. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadının ləğv edilməsinə və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.

11. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh2 və Quba regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Məhkəmənin mübahisələndirilən qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə istinad edərək gəliyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tam tanınması tələbi barədə məhkəməyə müraciət etsə də, işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh2 və Quba regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

14. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq şikayət vermişdir.

15. Şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə məsələyə düzgün qiymət verməmiş, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

16. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı vərəsəliklə əlaqədar Quba regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və orada V-100 reyestr nömrəli vərəsəlik işi açıldığı göstərilsə də iddia ərizənin məzmunundan görünür ki, iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməməklə tərəflər arasından mirasın qəbul edilməsi ilə bağlı mübahisə vardır.

17. Göründüyü kimi birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş və iddiaya mahiyyəti üzrə baxmalı olduğu halda, əsassız olaraq formallığa varmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etmiş, iddiaçının məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırmışdır.

18. Mülki prosessual qanunvericiliyin başlıca məqsədlərindənn biri - şəxslərin məhkəməyə əlçatanlığının; prosessual qənaət prinsipinin təmin edilməsidir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(027)-2003/2025 nömrəli qərardadı ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar