Məhkəmə qərarları › İş №2(105)-1704/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1704/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1704/2023 29.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə 1937 manat borc, 0 manat cərimə, 39,37 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alğı-satqı müqaviləsinə əsasən cavabdeh 2037 manat dəyərində nisyə aldığı mala görə 100 manat ilkin olaraq ödəmiş, qalıq 1937 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1937 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alğı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alğı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir.Tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir.Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir.Belə ki, cavabdehin 1937 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 40019486 saylı,xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə 1937 manat borc, 0 manat cərimə, 39,37 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması qət edlmişdir (hakim Vladimir Ruvinov).

5. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş yəni müqavilədə nəzərdə tutulan malı Cavabdeh vermiş, lakin sonuncu malın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. "xxxx" MMC tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən İddiaçı QSC-yə güzəşt etdiyindən nəticədə Cavabdeh İddiaçı QSC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.2.1, 448.1, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş edilmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 85, 88, 284-1., 2845.1. 284-5.2. maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin surəti ona rəsmi qaydada verilməmişdir. 09 iyul 2023-cü i l tarixdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Asan Xidmət mərkəzində olarkən ona məlum olmuşdur ki, barəsində məhkəmə qətnaməsi var və ölkədən çıxışına məhdudiyyət qoyulub. Dərhal Sumqayıt İcra İdarəsinə getdikdə məlum oldu ki, İddiaçı QSC-nin ona qarşı iddiasına Qubadlı Rayon Məhkəməsinin e-2(028)-243/2023 saylı mülki iş üzrə 28.04 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və icra üçün Sumqayıt icra idarəsinə göndərilmişdir. Bildirir ki, onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 40019486 saylı “Nisyə alğı-satqı müqaviləsi” bağlanmış, lakin sonradan o, müqavilə üzrə sifariş etdiyi malı almaqdan imtina etdiyinə görə qeyd olunan müqavilə ləğv edilmişdir. Hazırda onun heç bir borcu yoxdur. Bu "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq edilir. Arayış əlavə edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmənin qəbul etdiyi qətnamə əsassız olduğundan ləğv edilərək iddia tələbi rədd edilməlidir

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər.

11. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

16. İş materiallarında olan 40019486 saylı xx.xx.2022-ci il tarixli saylı Nisyə alğısatqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh siyahısı Təhvil-Təslim aktında göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

17. 40019486 saylı xx.xx.2022-ci il tarixli 1 saylı Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, alıcı Cavabdeh dəyəri 2037 manat olan mallara görə ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq 1-ci ay 100 manat, qalan 17 ayda hər ay 108 manat olmaq şərti ilə ödəməlidir.

18. xx.xx.2022-ci il tarixli Təhvil-təslim Aktından görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsinə əsasən kondisioner Carrier adlı malı təhvil vermişdir və alıcı tərəfindən satılmış malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir.

19. R-16/19 saylı xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor (İddiaçı MMC) borclu barəsində müştərinin ("xxxx" MMC) borcluya mallarının satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir.

20. R-16/19 saylı xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarxili R-xx/xx-0230 saylı Sazişə əsasən "xxxx" MMC borclu Cavabdeh 40019486 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 1937 manat borcuna dair tələb etmək hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir.

21. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, 40019486 saylı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı QSC-yə 1937 manat əsas borcu vardır.

22. Bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə borcu olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.

23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş yəni müqavilədə nəzərdə tutulan malı Cavabdeh vermiş, lakin sonuncu malın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. "xxxx" MMC tələb etmə hüququnu faktorinq müqaviləsinə əsasən İddiaçı QSC-yə güzəşt etdiyindən nəticədə Cavabdeh İddiaçı QSC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır.

25. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi üzrə icra vərəqəsi verilmiş, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borcluya məlumat verilmişdir.

27. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə sifariş etdiyi və təhvil almadığı 1937 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli, 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi ləğv edilmişdir. Müqavilə üzrə borc 0 manat təşkil edir. “Ferrum Capital”-da xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcalanın adında olan 1937 manat borc qalığı "xxxx" MMC-nin öhdəliyidir.

28. Göründüyü kimi iddia tələbini əsasını təşkil edən xx.xx.2022-ci il tarixli, 40019486 saylı xx.xx.2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi ləğv edilmiş və müqavilə üzrə cavabdehə təhvil verilməli məhsuldan imtina edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın əsasını təşkil edən müqavilə ləğv edildiyindən və müqavilə üzrə məhsul cavabdehə təqdim edilmədiyindən həmin müqavilə üzrə təhvil verilməyən məhsula görə məhsulun dəyəri cavabdehdən tələb edilə bilməz. 30.Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-243/2023 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar