Məhkəmə qərarları › İş №2(105)-1705/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1705/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1705/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 567,71 manat borcun və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddia əsassızdır.İddiaçı ondan su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 567,71 manat borcun və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasını iddia edir. İddia tələbini qəbul etmir. Belə ki, onun iddiaçı təşkilata borcu yoxdur. İddiaçının qeyd etdiyi və **********000 abonent kodu olan ünvan yaşayış üçün yararsız bir tikilidir və o, arabir bu tikiliyə baş çəkmişdir. Daimi olaraq isə ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən də heç kim bu vaxta kimi ondan sudan istifadə ilə bağlı pul tələbi etməmiş, yaşadığı ünvana bildiriş gəlməmişdir. Hətta cavabdeh bu tikili istifadəsiz olduğu üçün ora sayğac da quraşdırmamışdır. Təxminən 2 ay bundan qabaq o, iddiaçı təşkilatda olmuş və ərizə ilə müraciət edərək həmin ünvana sayğac quraşdırılmasını xahiş etmişdir. Onun bu ərizəsini təmin etmək əvəzinə ona qarşı hazırki iddia qaldırılmışdır.

3. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********000) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 567,71 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri sayğac göstəricilərinə uyğun olaraq müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1248 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında 1 (bir) nəfər qeydiyyatdadır.

5. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 29,50 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov).

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin 2016-cı il üzrə 538,21 manat borcu olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borclarının silinməsi barədə sərəncamına əsasən limitdən artıq istifadə olunan suyun dəyəri silinməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına Su təchizatı və tullantı suları haqqında” Qanunun 61, 62, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4.1.3, 7.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının ünvanına xidmətlərin dəyəri suölçən cihaz quraşdırılmadığı səbəbindən orta sərfiyyat ilə hesablanmış və istifadə edilən su sərfiyyatı məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən artıq olması səbəbindən borc yaranmışdır. Borc məbləği artan dinamika üzrə yüksəlmiş və nəticə olaraq hazırkı vaxta 569,71 manat məbləğinə çatmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehə məxsus olan ünvanda xx.xx.2013-cü il tarixdən kod açılaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmağa başlamışdır. Həmin ünvanda xx.xx.2012-ci ildən sayğac quraşdırılıb və 5 nəfərə mübasibətdə məcburi köçkün limiti tətbiq olunub. İddiaçı qalan borcu tam ödəməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məcburi köçkündür. Borcu dövlət tərəfindən ödənilirdi. Sayğac olan ünvanda onlar yaşamır. Bildiyi qədərilə həmin ünvanda kod onun adında deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. 7.4-cü bəndinin tələblərinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5-ci bəndinə görə su ölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı su larının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

16. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

17. Mülki Prosessual Məcəllə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı təşkilat iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnamənin iddia tələbini təmin edilməyən hissəsində müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır.

22. İş materiallarında olan İddiaçı ASC-nin Abonent kartının surətindən görünür ki, abonent kodu **********000 olan Cavabdeh su və çirkab sularına görə 2016-cı il üzrə 538,21 manat və 2017-ci il üzrə 29,5 manat, cəmi 567,71 manat borcu vardır.

23. Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə üzrə Komitəsinin 1248 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Sumqayıt şəhəri Yeni yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 769 saylı evdə yaşayır.

24. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcu barəsində məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.

25. İş materiallarından müəyyən edilir ki, Cavabdeh qaçqın və məcburi köçkün statusuna malikdir.

26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin 2016-cı il üzrə 538,21 manat borcu olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borclarının silinməsi barədə sərəncamına əsasən limitdən artıq istifadə olunan suyun dəyəri silinməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh məcburi köçkün statusuna malikdir.

28. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

29. Göründüyü kimi xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar sildiyindən həmin tarixdən sornakı dövrlər üçün cavadbehdən istifadə etdiyi su və məişət tullantılarının daşınmasına görə haqq alınmalıdır.

30. İş materiallarından görünür ki, 538,21 manat borc 2016-cı il üzrə, 29,50 manat borc isə xx.xx.2017-ci il tarixdə sonrakı dövrlər üçün hesablanmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı ilədək olan borclar silindiyindən cavadbehin xx.xx.2017-ci ildən sonrakı dövlər üçün hesablanmış 29,50 manat borc cavabdehdən tutula bilər.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd etdikləri dəlilləri təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz.

34. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 35.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(028)-303/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar