Məhkəmə qərarları › İş №2(105)-1706/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1706/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1706/2022 23.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: DƏDRX-də qeydiyyatın ləğv olunması və torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(074)-393/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edib, DƏDRX-də Şamaxı rayonu Dağ Bağırlı kəndində 0,15 ha həyətyanı torpaq sahəsinə dair X4 adına aparılmış qeydiyyatın ləğv olunması və həmin 0,15 ha torpağa dair X10 və X13 arasında aparılmış 04 avqust 2005-ci il tarixli, 4 Ə/4/ nömrəli alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X13 04 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,15 ha torpaq sahəsi üzərində yerləşən X7 məxsus evi bütövlükdə almışdır. Hazırda anası da, atası da vəfat etmişlər. Evə həyətyanı torpaq sahəsinə vərəsəlik açdırıb, çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmiş, orada torpaq sahəsinin əvvəlki sahibinin X4 adına qeyd olunduğu məlum olmuşdur və bu qeyd alqı-satqıdan 2 gün əvvəl Dağ Bağırlı İcra nümayəndəsinin arayışı əsasında aparılmışdır. Bu əsasdan da torpaq sahəsinə dair çıxarış verməkdən imtina edilmişdir. Anası evi torpaq sahəsi ilə birlikdə almışdır. Çünki torpaq sahəsi olmadan evi almaq ağlabatan hal deyildir. Kənd yerlərində isə əslində bu əhəmiyyətsiz bir şeydir və torpaqsız ev heç kəsə lazım deyildir. Anası əslində bu evi xx.xx.2005-ci il tarixində X3 0,15 ha torpaq sahəsi ilə birlikdə almışdır. Evə dair alqı-satqı müqaviləsi bağlandığı andan həmin torpaq sahəsinin əvvəlki sahibinin adı qeydiyyatdan silinməli idi və torpaq sahəsi də anası X8 adına qeydiyyata alınmalı idi. İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edib, Şamaxı rayon Dağ Bağırlı kəndində 0,15 ha həyətyanı torpaq sahəsinin X10 və X13 arasında 04 avqust 2005-ci il tarixli, 4 Ə/4/ nömrəli alqı-satqı müqaviləsi bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavadehlərin iddia tələbinə qarşı yazılı etirazları daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(074)-393/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinənə qarşı “DƏDRX-də qeydiyyatın ləğv olunması və torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddia təmin edilib, Şamaxı rayonu Dağ Bağırlı kəndində 0.15 hektar həyətyanı torpaq sahəsinə dair X10 və X13 arasında 04 avqust 2005-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, X2 rayonu Dağ Bağırlı kəndində 0.15 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini 04 avqust 2005-ci iİ tarixdə X9 faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirmədiklərindən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(074)-393/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunverciliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyesterində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış 04 avqust 2005-ci il tarixli, 4Ə-4-839 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhumə X13 tərəfindən əldə olunmuş Şamaxı rayonu Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı evin əvvəlki mülkiyyətçisi X4 dörd nəfərdən ibarət olan ailəsinin mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələrinin tələbləri pozularaq digər mülkiyyətçilərin hüquqları nəzərə alınmadan iddia təmin edilmişdir. İlk növbədə məhkəmə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Alqı-satqısı bağlanmış hesab edilmiş 0.15 ha torpaq sahəsinə X4 tam mülkiyyət hüququ olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X14 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllə Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Torpaq Məcəlləsi Maddə 56.9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Maddə 66.1. Torpağın alqı-satqısı yazılı müqavilə tətib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, X10 04 avqust 2005-ci il tarixli, 244915 saylı müqavilə əsasında 04 avqust 2005-ci il tarixli, 07/171 nömrəli qeydə alma vəsiqəsi və Şamaxı rayonlararası texnikiinvertarlaşdırma bürosunun 04 avqust 2005-ci il tarixli, 35 nömrəli arayışına əsasən ona məxsus Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən 1500 kv.m torpaq sahəsində yerləşən, 1970-ci ildə tikilmiş ümümi sahəsi 338.8 kv.metr, yaşayış sahəsi 122 kv.metr olan dörd otaqlı, divarı daş üstü dəmirdən ibarət yaşayış evini X1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin xx.xx.2005-ci il tarixli,171 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv.metr, yaşayış sahəsi 122 kv.metr olan ev alqı-satqı müqaviləsi ilə X8 mülkiyyətinə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X8 vərəsələri X15 və İddiaçıdur və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamədə verilən miras əmlakı X9 verilmiş 171 inventar iş nömrəsi ilə 01 nömrəli kitabında qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi 122 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X15 Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V/369 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013cü ildə ölmüş anası X5 ona çatan ½ miras payını qardaşı İddiaçı İnqilab oğluna bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışından görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində və həmin ünvanda yerləşən 0,0447 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olmaqla təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir və istifadə üçün İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, № **********30 saylı məktundan görünür ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4ə4-839 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhumə X13 tərəfindən əldə olunmuş Şamaxı rayonun Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı evin əvvəlki mülkiyyətçisi X4 dörd nəfərdən ibarət olan ailəsinin mülkiyyətinə verilmişdir. Evin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olduğu üçün həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət restrində qeydiyyata alınması mümkün olmamışdır. Şamaxı Rayon İHB-nın Dağ Bağırlı İƏD-si üzrə nümayəndiliyinin xx.xx.2005-ci il tarixli 238 saylı arayışından görünür ki, X4 Dağ Bağırlı kəndində 0.15 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. Fərdi yaşayış fonduna daxil olan 171 inventar nömrəli yaşayış evinin texniki pasportun surətindən görünür ki, Şamaxı rayon Dağ Bağırlı kəndində yerləşən ümümi sahəsi 338.8 kv/m, yaşayış sahəsi 122 kv.metr olan ev X8 mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və əsassız bir nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış 04 avqust 2005-ci il tarixli, 4Ə-4-839 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhumə X13 tərəfindən əldə olunmuş Şamaxı rayonu Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı evin əvvəlki mülkiyyətçisi X4 dörd nəfərdən ibarət olan ailəsinin mülkiyyətinə verilmişdir. X4 və onun ailə üzvlərinin adları Torpaq İslahatı zamanı Dağ Bağırlı kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısına 216 nömrə ilə qeyd olunmuşdur, lakin onların adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş şəhadətnamə Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. İşin faktiki halları ilə müəyyən olur ki, Şamaxı rayon dövlət notariat kontorunda bağlanmış 04 avqust 2005-ci il tarixli, 4Ə-4-839 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhumə X13 tərəfindən əldə olunmuş Şamaxı rayonu Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsi Torpaq İslahatı zamanı evin əvvəlki mülkiyyətçisi X4 dörd nəfərdən ibarət olan ailəsinin mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmamışdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflər arasında 0.15 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və eyni zamanda digər mülkiyyətçilər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin olunmamalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(074)-393/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinənə qarşı “DƏDRX-də qeydiyyatın ləğv olunması və torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar