Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1707/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2652/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddianın verilməsinə görə 58 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın və həmin akt əsasında hesablanmış 4147,20 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 4147,20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, 1-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evin qaz hesabı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsində onun adınadır və istifadə etdikləri qazın pulunu vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri yaşadıqları ünvana gələrək akt yazmışlar. Cavabdehin nümayəndələri 4147,20 manat borclarının olduğunu bildirdikdə, o, etiraz edərək bu qədər borclarının olmasının mümkün olmadığını bildirdi. Həmin borcun sayğacsız qazdan istifadə etdikləri üçün hesablanmış cərimə olduğu və həmin cəriməni ödəməyini, ödəməyəcəkləri təqdirdə qazın kəsiləcəyini bildirdilər və qaz təchizatı cavabdehin nümayəndələri tərəfindən dayandırılmış, iddiaçı onlara etiraz etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akt onun iştirakı və xəbəri olmadan tərtib olunmuşdur. O, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh onun yaşadığı ünvana cərimə yazarkən öz səlahiyyətlərindən istifadə etmiş, onların evinə yüksək məbləğdə cərimə hesablamışdır. Cavabdeh 360 gün müddətinə cərimə hesablamışdır. Cavabdehin hesabatından belə çıxır ki, onlar il boyu sayğacsız qazdan istifadə etmişlər. Halbuki cavabdehin nümayəndəsi hər ay qaz sayğacına baxış keçirib. Əgər onların evində sayğacdan kənar xətt 1 il müddətinə istifadə olunsaydı, nəzarətçi sayğaca baxış keçirdikdə həmin sayğacdan kənar xətt aşkar olunardı. O, hesabına yazılmış əsassız borcun silinməsini tələb etsə də, cavabdeh hər hansı bir vasitə ilə qanunsuz hesabladıqları borcun ödənilməsini tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir və sayğacdan kənar qanunsuz istifadə etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Abonentə məxsus fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi iş materiallarında yer alan sübutlardan iddiaçının qanunazidd hərəkətləri, yəni qanunsuz qoşulma faktı öz təsdiqini tapsa da 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının uydurmasına inanaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bununla bağlı bir daha bildiririk ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin tam ləğv edilməsinə əsasdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini cavabdeh təşkilatın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğunun aşkar olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi cərimənin silinməsi barədədir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib və cavabdeh təşkilatın tərtib etdiyi akta əsasən abonentin qaz sayğacını üfüqi vəziyyətə gətirərək qazdan qeyri-qanuni istifadə halının aşkarlanması nəticəsində dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb edilmişdir. Quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmişdir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1. bəndində isə qeyd edilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır (6.5-1.1-6.5-1.3 bəndləri). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (6.5-3. bəndi). İşdən göründüyü kimi qaz xəttinə qanunsuz qoşulmuş cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş, kənar xətt qazpaylayıcı şəbəkədən ayrılmış və bu barədə müvafiq akt tərtib edilməklə cavabdeh təşkilat tərəfindən 4147,20 manat dəymiş zərərin məbləği hesablanmaqla iddiaçıdan tələb edilmişdir. Lakin bu zaman cavabdeh təşkilat tərəfindən cərimənin məbləği “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun hesablanmamışdır. Belə ki, qeyd olunan qaydanın 6.5.3. bəndinə əsasən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu qaydaya uyğun hesablama zamanı isə iddiaçıya cavabdeh təşkilat tərəfindən (4x12x360=27,280 kub.metr x 0,12=2073,6 manat) 2073,6 manat cərimə hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,2 manat cərimənin 2073,6 manatı (4147,20-2073,6=2073,6) silinməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2073,6 manat borcun silinməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,2 manat cərimənin 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik məbləği silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1707/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1707/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver