Məhkəmə qərarları › İş №2(105)-1709/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1709/2023

21.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1709/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 Çərkəz qızının iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-2469/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 4147.20 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi evi ona məxsusdur. Həmin evdə 2022-ci ilin oktyabr ayından 1 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Evə aid ******* №-li köhnə məişət qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşadığı evə yeni köçdüyü üçün o qaz sayğacına nəinki müdaxilə etmiş, onunla maraqlanmamış, heç ona tərəf baxmağına ehtiyac olmamışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri gəlmiş və köhnə ******* №-li lipa qaz sayğacını açıb götürmüşlər. xx.xx.2022-ci ildə isə **********5 №-li yeni aşağı təzyiqli qaz sayğacını quraşdırmışlar. Cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 4147.20 manat məbləğində borc hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Sayğac yaşadığı mənzilin daxilində deyil, kənarda yerləşir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A ünvanına «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən lipa sayğacdan (təbii qazdan qeyri-qanuni) istifadə halı aşkar edilmişdir. Abonent iddia ərizəsində lipa sayğacın (sayğac nömrəsi: 4289823) olduğunu qeyd etmişdir. Birliyin əməkdaşları tərəfindən yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktlada qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirilmiş, istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmiş və dövlətə vurduğu ziyan müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 4127.20 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsində “cərimənin silinməsi” tələbini qeyd etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, o istifadə etdiyi qazın dəyərini belə ödəməmişdir. Sayğac xx.xx.2022-ci ildə qoyulmuşdur. Abonent tərəfindən 2022-ci ilin noyabr, dekabr aylarında ödəniş olunmamış, 2023-cü ildə cəmi 50 manat ödəniş edilmişdir. Bu ödəmələr abonentin sayğacdan kənar qeyri-qanuni xətdən istifadə etdiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, iddiaçının tanışıdır. O, evin bünövrəsi qoyulandan başlayaraq tikilməsində iştirak etmişdir. Qaz xəttini o, çəkmiş, 4 metr boru ilə divarı deşərək qaz xətti çəkmişdir. Nə sayğacı bağlamış, nə də evdə sayğac görməmişdir. 2020-ci ildə evi tikmişdir. Evdə kombi və 4 gözlü qaz vardır. Qaz xətti çəkilənə qədər evdə qazdan istifadə olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-2469/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi yaşayış evinə aid **********09101 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4087.20 manat borcun silinməsi, iddianın verilməsinə görə 60.87 manat dövlət rüsumunun cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-2469/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********09101 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560m3x 0,12qəpik=4,147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. O da nəzərə çatdırılır ki, əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında Dövlətə vurulan ziyan müəyyən edilərək 4147,20 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2023-cü ilin abonent saldosunda qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 Çərkəz qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “06 noyabr 2022-ci ildə çıxarılan lipa sayğac (№ 4289823) əvəzinə quraşdırılan **********5 saylı sayğaca məxsus mənzilə istifadə etdiyi qeyri-qanuni qaz hesablanmışdır” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 kub/metr müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********09101 olan ünvana akta görə 4147.20 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında 57.24, 2023-cü ilin yanvar-aprel aylarında müvafiq olaraq 58.80; 45.24; 24.12 və 45.24 manat dəyərində təbii qaz istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi “Ceyranbatan” 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus sənədsiz evində 2022-ci ilin oktyabr ayından yaşayır. İş materiallarına əlavə edilmiş Satıcı – Ultratek “MMC” ilə alıcı - İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, ******* №-li nisyə alqı-satqı müqaviləsindən və ona edilmiş 1 nömrəli əlavədən görünür ki, satıcı 849 manat dəyərində “X4 24 kW” adlı malı alıcıya nisyə satmağı, alıcı isə ilkin ödənişsiz, 18 ay müddətində hər ay 48 manat, sonuncu ay 33 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus sənədsiz evində 2022-ci ilin oktyabr ayından “Ceyranbatan-1” ərazisində yaşayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olundu ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi yaşayış evinə (abonent kodu: **********09101) xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmiş və bu barədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəyəri ödənilmədən 34560 kub/metr təbii qazın istehlak edildiyi müəyyən olunmuş və abonentə 4147.20 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A ünvanında yerləşən fərdi yaşayış evinin qaz xətlərinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş və itirilmiş qazın dəyəri olaraq abonentə 4147.20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmasını, bunun əsasında sözügedən aktın tərtib edilərək cərimə yazıldığını qeyd etmiş olsa da, qazdan qeyri-qanuni istifadə nəticəsində 34560 kub/metr təbii qazın istehlak edildiyini və bunun nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə 4147.20 manat məbləğində ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə kollegiyasının araşdırması zamanı, eləcə də birinci instansiya məhkəməsinin baxışı zamanı şahid ifadəsi əsasında müəyyən edilmişdir ki, iddiaçı sözügedən evə 2022-ci ilin oktyabr ayının 14-də köçmüş, həmin tarixdən təbii qazdan istifadə etməyə başlamış, ünvana aid olmayan sayğac isə xx.xx.2022-ci ildə cavabdeh təşkilatın nümayəndələri tərəfindən aşkarlanmış və bu ilin noyabr ayının 14-də yeni sayğac quraşdırılmışdır. Belə ki, müvafiq aktla yanaşı mövcud pozuntunun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də iddiaçının yaşadığı evdə aidiyyəti sayğacın deyil, başqasının istifadə etdiyi təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər şəxslər tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının abonent saldosuna əsasən onun ilin həmin fəsli üzrə orta qaz sərfiyyatının dəyəri təxminən 60 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan istifadəyə görə 60 manat iddiaçı tərəfindən ödənilməli olduğundan akta əsasən ona hesablanmış 4147.20 manat cərimə məbləğindən 60 manat qaz sərfiyyatının dəyəri çıxılmaqla 4087.20 manat cərimənin silinməli olması barədə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-2469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar