Məhkəmə qərarları › İş №2(105)-1713/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1713/2021

05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1713/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X22 Tağızadənin sədrliyi və məruzəsi, X9 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı və iddiaçıların nümayəndəsi: İddiaçı1, Cavabdehin vəkili: X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) iddia və ona əlavənin təmin edilməsi, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsinin iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəsinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızı, Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1- 46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum atalarına məxsus hissəsinin onların tərəfindən qəbul edilməsi müddətinin uzadılması və miras paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa, İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Kiçibəyova) məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi; ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları X4 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi onların tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinin İddiaçı2in, ¼ hissəsinin iddiaçı K.N.Kiçibəyovanın, ¼ hissəssinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia və ona əlavə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onların ataları N.Ş.Kiçibəyovə məxsus olmuşdur. Həmin şəxs 18 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt İddiaçı2in 19, iddiaçı K.N.Kiçibəyovanın 14, İddiaçı1 isə 5 yaşı olmuşdur. Onlar həmin evdə doğulmuşlar, orada böyümüşlər. Mərhum ataları vəfat etsə də, uzun müddət həmin ev atalarının adında olmuşdur. Bu yaxınlaradək onlar həmin evin yenə də, atalarının adında olduğunu zənn etmişlər və həmin evə dair vərəsəliyin müəyyən olunmasını, mirasın vərəsələr arasında bölüşdürülməsini gözləmişlər. Həmin müddət ərzində onlar Rusiyada yaşasalar da, mütəmadi olaraq həmin evə gəlib-getmişlər, hətta evi öz vəsaitləri ilə yenidən bərpa etmişlər və əsaslı şəkildə təmir etdirmişlər. Həmin evdə anaları Cavabdeh və qardaşları N.N.Kiçibəyov yaşamışlar, lakin hər yay onlar da həmin evə gəlib xeyli müddət orada yaşamışlar. Həmin vaxtlar anaları Cavabdeh evə dair vərəsəlik müəyyən olunarkən atalarının evindən bütün vərəsələrə pay veriləcəyini, həmin evin gələcəkdə həm də onlara məxsus olacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında isə onlara məlum olmuşdur ki, artıq həmin evə dair vərəsəlik müəyyən olunmuş və ev bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. 18 oktyabr 1981-ci il tarixdə vəfat etmiş ataları N.Kiçibəyovun mirasına dair vərəsəlik müəyyən olunmuş, Qusar rayon Notariat Kontoru tərəfindən anaları Cavabdeh adına həm “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” 25 mart 2004-cü il tarixli 2V-1-45 reyestr nömrəli Şəhadətnamə, həm də, eyni tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Yəni, həmin evin ½ hissəsinə mülkiyyət hüququ tanınmaqla müvafiq şəhadətnamə, həm də digər ½ hissəyə dair mərhum atalarının vərəsəsi kimi tanınmaqla müvafiq Şəhadətnamə verilmişdir. Həmin ev həqiqətən də mərhum ataları ilə analarının birgə nikahları dövründə əldə edilmiş və onların birgə mülkiyyətlərində olmuşdur. Buna heç bir etirazları yoxdur. Lakin, evin mərhum atalarına məxsus ½ hissəsinə dair onların xəbəri olmadan vərəsəlik müəyyən olunmuşdur. Vərəsəliklə bağlı notariat işindən görünür ki, guya mərhum atalarının cəmi iki vərəsəsi, yəni anaları Cavabdeh və qardaşları N.Kiçibəyov olmuşdur. Halbuki, mərhum atalarının 5 qanun üzrə vərəsəsi olmuşdur. Bununla da, mərhum atalarının mirasına dair vərəsəlik müəyyən olunmaqla onlar, yəni Samir, Könül və Elnarə Kiçibəyov(a)lar gizlədilməklə onların vərəslik hüquqları pozulmuşdur. Mirasın onların tərəfindən vaxtında qəbul edilməməsinin səbəbi də onların uzun müddət anaları tərəfindən aldadılmaları, bu yaxınlaradək evin atalarının adında olmasını ona bildirməsi olmuşdur. Onlar həmin evdən miras payı alacaqlarını düşündüklərinə görə evin əsaslı təmirinə pul xərcləmişlər. Hətta, anaları evin hansı hissəsini, hansı vərəsəyə düşməsini də bildirmiş, öz aralarında faktiki olaraq evi bölüşdürmüşlər. Hər dəfə gələndə də, hər kəs evin özünə düşən hissəsində yaşamışdır. Hazırda isə onlara məlum olmuşdur ki, anaları həmin evi satmaq istəyir. Qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atalarının mirası anaları tərəfindən müddət uzadılmadan 23 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, onlar həmin vaxt Qusar şəhərində olmamışlar və Rusiya Federasiyasında olmuşlar və bu səbəbdən də vərəsəlik müəyyən olunarkən Notariat Kontoru onları da axtarıb tapıb mirasa dair fikirlərini almalı idi. Lakin, Notariat Kontoru həmin hərəkətləri etməmiş və onların vərəsəlik hüquqlarını pozmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçılar onun övladlarıdır. ünvan 1 ünvanda yerləşən ev onun özünə məxsus olmuşdur. İddiaçıların atalarının əmlakı olmayıb. O, iddiaçıların ataları N.Kiçibəyovla 1957-ci ildə ailə həyatı qurmuş, birgə nikahda olduqları zaman birlikdə ev tikdirmişlər. Əri Nəsrəddin 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt iddiaçı Elnarənin 5 yaşı olmuşdur. Nicatın 6 yaşı olmuşdur. O, təkbaşına 5 övlad böyütmüş, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutdurmuşdur. Əvvəllər ev 1 otaqdan və bir mətbəxdən ibarət olub. Ev qəzalı vəziyyətdə olduğundan evi yenidən qurmuşlar. 2000-ci ildən başlayaraq evi əsaslı təmir etməyə böyütməyə başlamışlar. İddiaçı 2003-cü ildən Rusiyaya getmişdir. Digər iddiaçılar da, Rusiyada olmuşlar. Onun yanında yalnız Nicat qalmışdır. O, həmin evi Nicatla birlikdə yenidən tikmişlər. Özünün vəsaiti ilə tikmiş, ona yalnız Nicat kömək etmişdir. O, müəllim işləmiş, əlavə uşaqlar hazırlamış və müqabilində pul qazanmışdır. Qazandığı pullarla da evi yenidən tikmişdir. 2004-cü ildə o, əri Nəsrəddinin adından öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vaxt vərəsələr barəsində arayış istəmişlər və o, həmin arayışı alıb notariusa vermişdir. Həmin arayışda iddiaçıların adlarının niyə göstərilməməsini bilmir. Həmin vaxt onun yanında yalnız Nicat olmuş, digər övladları Rusiyada olmuşlar. Ola bilər ki, buna görə arayışda ondan əlavə vərəsə kimi yalnız Nicatın adı göstərilmişdir. Elnarə uzun müddət Rusiyada olmuş, orada borcları olduğuna görə Azərbaycana gələ bilməmiş, 2019-cu ildə gəlmişdir. İddiaçılar heç vaxt onun qayğısına qalmamışlar, ona görə də, onlara miras payının verilməsini istəmir. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçılar tərəfindən ötürülmüş müddəti faktiki olaraq bərpa etməklə Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərini pozmuşdur. Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçıların iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX ******* saylı 17 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi «xxxx» ASC-nin Qusar filialın xeyrinə 12 iyul 2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Lakin ipotekanın ləğv olunub-olunmamasına məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Dövlət Reyestrindən çıxarış ləğv edilərkən həmin əmlakın yüklülüyü öz hüquqi qüvvəsini itirir. «İpoteka haqqında» Azərbaycan Respublikası qanununun 15.1-ci maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bununlada gələcəkdə məhkəmə qətnaməsinin icrasında çətinliklər olacaqdır. Qusar Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(029)-96/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili A.T.Ağakərimov cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, üçüncü şəxsin apellyasiya şikayətini qəbul etdi, eyni məzmunlu izahat verdi və şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 öz adından və digər iddiaçıların nümayəndəsi kimi apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayətləri isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən şəhadətnamənin alınmasında iddiaçıların mövcudluğu barədə məlumatın verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmadıqda, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Qusar rayon ZDS İK-nin 06 fevral 1959-cu il tarixli qərarından görünür ki, Qusar şəhər sakini N.Ş.Kiçibəyovin yaşayış evi olmadığını nəzərə alaraq ona Qusar şəhərində ev tikmək üçün 4 (dörd) sot torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24.03.2004-cü il tarixli 988 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə N.Ş.Kiçibəyovin adına qeydiyyata alınmışdır. İşə əlavə olan İ-İE 116159 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, N.Ş.Kiçibəyov ilə A.A.Abdullayeva 24 avqust 1957-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, Aidə Abdullayeva “Kiçibəyova” soyadını qəbul etmişdir. İşdə olan AZ 146055 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, N.Ş.Kiçibəyov 18 oktyabr 1981-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş 23.03.2004-cü il tarixli 2029 saylı ayarışın surətindən görünür ki, N.Ş.Kiçibəyovin iki vərəsələrinin- Cavabdeh və X5 qaldığı göstərilmişdir. İşdə olan N.N.Kiçibəyovin Qusar rayon dövlət notariusuna ünvanladığı 25.03.2004cü il tarixli ərizəsindən görünür ki, o, mərhum atası N.Ş.Kiçibəyovdən miras qalmış ünvan 1 ünvanda yerləşən evdən ona düşən miras əmlak payından imtina edir. İmtina barədə qanunla müəyyən edilmiş altı ay müddətindən xəbərdardır və gələcəkdə miras əmlak payına görə məhkəmə qarşısında iddia qaldırmayacaqdır. İşə əlavə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-45 saylı “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 18 oktyabr 1981-ci ildə vəfat etmiş X1 qalmış arvadı, ünvan 1 ünvanda yerləşən evdə yaşayan Cavabdeh onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 1 ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evdən ibarətdir. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 25 mart 2004-cü il tarixli 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18 oktyabr 1981-ci ildə vəfat etmiş X3 ünvan 1 ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evin ½ hissəsindən ibarət mirası onun vərəsəsi olan Cavabdeh verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29.10.2019-cu il tarixli **********64 saylı məktubu ilə təqdim edilmiş Seriya RX ******* saylı 17.04.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan İ-İE 660313, İV-JQ 429155, AZ ******* saylı doğum haqqında şəhadətnamələrin surətlərindən və Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.11.2019-cu il tarixli doğum haqqında arayışlardan görünür ki, X6 ilə Cavabdeh birgə nikahlarından 30.12.1958-ci il təvəllüdlü X7, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2, 18.04.1967-ci il təvəllüdlü X8, 28.01.1975-ci il təvəllüdlü X10 və xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1 anadan olmuşlar. İşdə olan İ-DV 320901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 10 mart 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Vİİ-JQ 304860 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X8 23 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Könül Kiçibəyova “Şixəliyeva” soyadını qəbul etmişdir. İşdə olan İ-DV 500862 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki. X2 Vyaçeslav Viktoroviç tərəfindən övladlığa götürülmüş, bu barədə 20 avqust 2003-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyat aparılmışdır. İşə əlavə olan Qusar rayon Polis Şöbəsinin 17.02.2021-ci il tarixli 149-3244-1221 saylı məktubundan görünür ki, xx.xx.1976-cı ildə Qusar rayonunda anadan olmuş İddiaçı1 Quba şəhəri C.Cabbarlı küçəsi ev 106 ünvanda daimi qeydiyyatdadır. Məhkəmə kollegiyası iclası müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi N.Ş.Kiçibəyov ilə Cavabdeh birgə nikahları dövründə əldə edilmişdir. İddiaçıların atası N.Ş.Kiçibəyov 18 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 6 nəfər qanun üzrə birinci dərəcəli vərəsələri, yəni arvadı Aida Kiçibəyova, övladları Silvan, Samir, Könül, Elnarə və Nicat qalmışlar. Həmin vərəsələrdən Silvan Kiçibəyov 10 mart 1990-cı il tarixdə vəfat etmişdir. X15 miras payından anası Cavabdeh xeyrinə imtina etmişdir. N.Ş.Kiçibəyov vəfat etdikdən sonra təxminən 2000-ci ildə köhnə ev sökülərək yerində Cavabdeh tərəfindən oğlu Nicatın köməkliyi ilə hazırki ev tikilmişdir. Cavabdeh əri N.Kiçibəyovun vəfatından sonra həmin evdə yaşamaqla Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən faktiki qəbul etmişdir. N.Kiçibəyov vəfat etdikdə İddiaçı2 19 yaşı olmuş, o, miras əmlak barəsində susmuş, miras əmlaka dair hər hansı şəkildə münasibətini bildirməmişdir. Digər iddiaçılar Könül Kiçibəyova həddi buluq yaşına 1985-ci ildə, İddiaçı1 isə 1989-cu ildə yetkinlik yaşına çatmışlar, mübahisə olunan miras əmlak barəsində susmuşlar, yəni hər üç vərəsə mirası qanunla müəyyən edilmiş qaydada və müddət çərçəvəsində qəbul etməmişlər. 2003-cü ildə iddiaçılar artıq Rusiya Federasiyasına köçmüşlər. 25 mart 2004-cü ilə tarixdə Cavabdeh adına 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273.1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. İddiaçılar Rusiya Federasiyasına köçənə kimi Könül Kiçibəyova 18 il ərzində, İddiaçı1 isə 14 il ərzində mirasın qəbulu barəsində heç bir hərəkət etməmişlər, miras barəsində susmuşlar, ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MM-nin 1273.1-ci maddəsi tətbiq edilməklə miras payları Cavabdeh keçmişdir. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçılar tərəfindən ötürülmüş müddəti faktiki olaraq bərpa etməklə Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən adına verilmiş RX ******* saylı 17 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi «xxxx» ASC-nin Qusar filialın xeyrinə 12 iyul 2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə, yüklü olub-olmamasını araşdırmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin apellyasiya şikayətləri təmin edilsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 17 fevral 2021-ci il tarixli 2(029)-96/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar