Məhkəmə qərarları › İş №2(105)-1715/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1715/2024

11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1715/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbinə mülki iş üzrə (Açar sözlər: notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X32 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı (sonuncu məhkəmə iclasına gəlməmişdir), qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-208/2024 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X23, anası X11r.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 26/8B, mənzil 43 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) X8 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

3. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 911162 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

4. İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, mik-1, ev dair vərəsələri : qızı Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə 827 nömrəli, oğlu X12 xx.xx.2018-ci il tarixdə 8İ-4351 reyestr nömrəli, qızı X13 xx.xx.2018-ci il tarixdə 1367 nömrəli, qızı İddiaçı xx.xx.2018-ci il tarixdə 1366 nömrəli, oğlu X15 xx.xx.2018-ci il tarixdə 1333 nömrəli, X33 xx.xx.2018- ci il tarixdə, 8İ-4352 reyestr nömrəli, oğlu X19 xx.xx.2018-ci il tarixdə 1334 nömrəsi ilə təsdiq edilmiş “mirasın qıbulu barədə” ərizə ilə müraciət etmişlər. X6 xx.xx.2018-ci il tarixli, 7E-16158 reyestr nömrəli, qızı X16 xx.xx.2018-ci il tarixli, 7E-13233 reyestr nömrəli, oğlu X21 xx.xx.2018-ci il tarixli, 7E-13234 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan Maraqlı şəxs xeyrinə imtina” barədə ərizə ilə müraciət etmişlər. Mirasqoyan xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində 2V- 127 reyestr nömrəsi ilə təsdiq edilmimş vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı- Maraqlı şəxs vəsiyyət etmişdir. Vərəsə - X14 xx.xx.2018-ci il tarixdə 5548 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2018-ci il tarixdə 5523 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1291-ci maddələrinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə- İddiaçı xx.xx.2018-ci il tarixdə 5547 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - X9 xx.xx.2018-ci il tarixdə 5545 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - X4 xx.xx.2018-ci il tarixdə 5546 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 2(105)-342/2022 saylı icra vərəqəsinə əsasən mirasqoyana məxsus Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə X5, 1/18 hissəsinə X10 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir. İddiaçı X13 “xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi”nə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın İİ bölməsinə “Təsdiq edilməli olan hüquq və fakt barəsində müahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Buna əsasən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

5. 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, vərəsələr dairəsinə daxil edilmişdir. Lakin miras şərikləri arasında mübahisə olduğundan xx.xx.2018-ci il tarixində 5547 saylı məktubla miras şərikləri arasında mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

6. 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2038 saylı məktubda qeyd edilmişdir ki, miras şərikləri arasında mübahisə olduğundan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunur.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarxili, 2(105)-342/2022 saylı icra sənədinə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2018-ci il tarixində ölmüş X2 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə X5, 1/20 hissəsinə X10 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Maraqlı şəxs vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə X5, 1/18 hissəsinə X10 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 (beş) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir.

8. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli 13(102)-254/2022 nömrəli qərardadından görünür ki, iddiaçılar X13 və İddiaçı tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenindən baxılması haqqında ərizənin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçıya göndərdiyi vərəsəlik şəhadətnaməsinin verilməsinin imtinası barədə cavab məktubunun qeyri-qanuni hesab edilməsi barədə və iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına dair məhkəməyə ərizə təqdim edərək, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində xüsusi notarius X17 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bundan sonra iddiaçı dəqiqləşmə verərək cavabdehin iddiaçıya göndərdiyi vərəsəlik şəhadətnaməsinin verilməsinin imtinası barədə cavab məktubunun qeyri-qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hal-hazırda da ünvan 2 ünvanında yaşayır. xx.xx.2018-ci il tarixdə anası - X18 ölmüşdür. Anası öldükdən bir qədər sonra vərəsələr qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şahədətnaməsini almaq üçün Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinə yazılı ərizə ilə müraciət etmək qərarına gəlmişlər. Belə ki, iddiaçı, 12 may 2018-ci il tarixdə xx.xx.2018-cil tarixdə ölən anası X2 qalmış miras əmlakı qəbul etməyi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinə yazılı ərizə vermişdir. Həmin ərizədə iddiaçı ilə yanaşı daha 8 vərəsənin də olduğunu, həmçinin əmlakları da qeyd etmişdir. Həmin ərizəyə cavab olaraq, Sumqayıt “ASAN Xidmət” Mərkəzində xüsusi notariat kontoru Xüsusi notarius X24 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 5547 nömrəli cavab məktubunda miras vərəsələri arasında mübahisə olduğunu və bu səbəbdən iddiaçıya Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu barədə məktub gəlmişdir. Həmin məktubda bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Lakin, bu səbəbdən iddiaçıya şəhadətnamə verilməməsi tamamilə qanunsuz haldır. Heç bir qanunda və ya qərarda şəriklər arasında mübahisə olarsa şəhadətnamə verilməsin deyə bir müddəa göstərilməmişdir. Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinin vərəsələrin arasında mübahisə olduğu üçün iddiaçıya şəhadətnamə verməməsinin heç bir məntiqli tərəfi yoxdur. Bu tamamilə qanunsuz bir haldır. Vərəsələr arasında mübahisə olmasım iddiaçının mirasın qəbulu ilə bağlı şəhadətnamə almağına əngəl və ya maneə deyildir. İdiaçı, bu imtina səbəbinin qanunsuz olduğunu bilsə də, yenə də vərəsələr arasında mübahisənin sona çatmağını gözləmişdir 22 avqust 2023-cü il tarixdə yenidən 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə ərizə yazaraq iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin bu ərizəyə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 23 avqust 2023- cü il tarixli 2038 nömrəlic avab məktubuna əsasən imtina cavabı almış və səbəb olaraq yenə də vərəsələr arasında mübahisə olduğu əsas gətirilmişdir. Qeyd edir ki, bu səbəbin heç bir halda ona aidiyyəti yoxdur. Çünki, iddiaçının vərəsələrdən heç biri ilə arasında problem yaşanmamış, mübahisə olmamışdır. Onların arasında heç bir mübahisə yoxdur olsa belə bu digər vərəsələr arasında yaşandığından iddiaçıya aidiyyəti yoxdur. Buna baxmayaraq iddiaçının mübahisəsi olduğunu və buna görə də şəhadətnamə verilməyəcəyi deyilmişdir. Bunun qanunsuz olduğunu dəfələrlə bildirsə də, heç bir dəyişiklik olmamış və Məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu cavab məktubu qanunsuz və ziddiyyətli olduğundan hesab edir ki, iddiaçıya vərəsəlik şəhadətnaməsi təqdim olunmalıdır. Müstəqil notariusun etdiyi hərəkətlər həm Azərbaycan Respublikası Konstitusiyasına, həm Azərbaycan Respublikası MM-nin 1134.1-ci, 1147-ci, 1159-cu, 1193-cü və 1243-cü maddələrinə, həm də "Notariat haqqında" Qanunun 57-ci və 58-ci maddələrinə əsasən tamamilə qanunsuzdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-208/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair” notariat hərəkətinin qanunazidd hesab edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1321, 1322, 1324, 1325-ci maddələri, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarındakə hüquqi mövqeyi, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 59-cu maddələri, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli Qərarının 36-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-208/2024 nömrəli qətnaməsinın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci isntansiya məhkəməsi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinanın səbəbində vərəsələr arasında mübahisənin olmasının göstərilməsinə baxmayaraq onu bu iş üzrə cəlb etməmiş və nəticədə qəbul edilmiş qətnamə onun vərəsəlik hüquqlarının pozulmasına xidmət etmişdir. Birinci instansiya məhkəməsi artıq miras əmlakla bağlı vərəsələrin dairəsinin müəyyən olunması və vərəsələr arasında pay bölgüsünün aparılması barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasını nəzərə almamış və miras əmlakda pay hüququ olmayan bir şəxsin adına vərəsəlik hüququna dair şəhadətnaməsinin verilməsini qanunauyğun hesab etmişdir. Hazırki qətnamənin icrası 16/18-də pay hüququ əsasında ona məxsus olan əmlaka miras əmlakdan məcburi pay hüququ əldə etmək imkanını itirmiş şəxsin də miras almaq hüququnun tanınmasına əsas verməklə yanaşı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-342/2022 nömrəli qətnaməsi ilə müəyyən etdiyi hallara zidd olan əsasların üzə çıxmasına və onun payının azalmasına, mülkiyyət hüquqlarına müdaxilə edilməsinə səbəb olmuşdur. Bundan başqa, AR Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 23 oktyabr 2023-cü il tarixli 13(102)-254/2022 saylı qərardadı ilə hazırki iş üzrə iddiaçının ərizəsinin AR Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. Həmin ərizə AR Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(102)-4168/2021 saylı qərarından verilmiş və şikayətin də əsasında iddiaçının həmin qərarla vərəsə kimi qəbul edilməməsi və buna səbəb kimi iddiaçının notariusa gec müraciət etməsi olmuş və bundan sonra iddiaçı miras əmlakdan payının müəyyən edilməsini və ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini notariat ofisindən xahiş etmişdir. Halbuki artıq o qanun qüvvəsini almış məhkəmə aktları ilə bu əmlaka vərəsəlik hüququnu itirmişdir.

18. Məhkəmə vərəsəlik hüququna dair şəhadətnamənin verilməməsinin vərəsələr arasında mübahisənin olması səbəbindən baş verməsini nəzərə almaqla bu iş üzrə hüquqları müəyyən edilmiş bütün vərəsələri, o cümlədən də onu tərəf kimi tanımalı olduğu halda bunu etməmiş və nəticədə o qarşı tərəfin iddia tələbi ilə bağlı sübutlarını təqdim etmək imkanından məhrum olmuş və bu prosessual pozuntu məhkəmə tərəfindən maddi normaların da düzgün tətbiq edilməməsinə səbəb olmuşdur.

19. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır.

20. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə bu iş üzrə miras əmlakın 16/18 hissəsinə pay hüququ tanınan, miras qoyan tərəfindən ona vəsiyyət edilən bir vərəsəni tərəf kimi tanımamış və onun məhkəmə çəkişməsində iştirakına şərait yaratmamışdır. O, məhkəmə qətnaməsinin qəbul edilməsindən məlumatsız olmuş, xx.xx.2024-cü ildə məhkəmə qətnaməsinin surəti ona təqdim edilmiş və apellyasiya şikayət vermişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

23. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi şəkildə xəbərdar edilmiş cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

33. Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

34. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

35. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

36. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Verilmiş apellyasiya şikayətindən görünür ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 208/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

47. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.

49. Beləliklə, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iddiaçıya göndərdiyi vərəsəlik şəhadətnaməsinin verilməsinin imtinası barədə cavab məktubunun qeyri-qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanuni vərəsəlik dairəsinə daxil edilmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və onun iddiası təmin edilməlidir.

51. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-208/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək dəlillərində göstərmişdir ki, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinanın səbəbi vərəsələr arasında mübahisənin olması göstərilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi onu iş üzrə cəlb etməmiş və nəticədə qəbul edilmiş qətnamə onun vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi artıq miras əmlakla bağlı vərəsələrin dairəsinin müəyyən olunması və vərəsələr arasında pay bölgüsünün aparılması barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasını nəzərə almamış və miras əmlakda pay hüququ olmayan bir şəxsin adına vərəsəlik hüququna dair şəhadətnaməsnin verilməsini qanunauyğun hesab etmişdir.

52. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

53. Mülki işin mübahisəsiz hallarından görünür ki, X18 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Sumqayıt şəhəri, mik-1, ev 8B/26, mənzil 43-dən ibarət olmuş, miras şərikləri arasında mübahisə olduğundan vərəsə İddiaçı xx.xx.2018-ci il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə aktlarından görünür ki, qeyd olunan miras əmlaka dair vərəsələr arasında məhkəmə mübahisəsi mövcud olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilin 1/18 hissəsinə Rasimxan Səmədovun, 1/18 hissəsinə Vəlixan Səmədovun məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir. İşdən həmçinin görünür ki, miras əmlak olan mübahisəli mənzilə dair hazırkı İddiaçı mirasda payı müəyyən edilməmişdir.

54. Kollegiya hesab edir ki, beş ildən sonra irəli sürülmüş mövcud iddia üzrə iddiaçının hüquqi marağının nədən ibarət olması isə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduğunu və mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verildiyini nəzərə almamışdır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti- iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.

56. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir.

58. Göründüyü kimi, vərəsələr arasında payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu təqdirdə həmin mübahisələrin həlli notariat orqanlarının deyil, müvafiq məhkəmələrin səlahiyyətinə aiddir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

60. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

63. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-208/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-208/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar