Məhkəmə qərarları › İş №2(105)-1719/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1719/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1719/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3578/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının Ərizəçi ünvanlanmış 29 mart 2024-cü il tarixli, 5-6/1-H-53- 068/2024 nömrəli müraciətə cavabından görünür ki, aparılmış arxiv araşdırması nəticəsində Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı protokolu ilə xx.xx.1988-ci il tarixdə verilmiş, 987 saylı orderdə və sərəncam altı sənədlərdə ata adının Hüseynov Cümşüd “Atam” oğlu kimi qeyd olunduğu məlum olmuş, bununla da, texniki səhvə yol verildiyi məlum olunmuşdur.

2. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 377587 nömrəli ölüm haqqında şəhadətnamənin tərkrar verilmiş surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində baş beyin ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin 08-ci ayının 16-cı günündə 1082 nömrə ilə qeyd edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuşdur.

4. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-109-2023 saylı arxiv çıxarışından müəyyən olunur ki, X3 ata adı “Hətəm” əvəzinə səhvən “Aman” kimi qeyd edilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzil üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə bağlı olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata atında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə ata adı “X9” kimi, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-809-2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda “X10” kimi, “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 377587 nömrəli ölüm haqqında şəhadətnamədə isə “X8” kimi qeyd edilmişdir. Nəzərə çatdırılmışdır ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

6. İş materiallarında olan rus dilindən azərbaycan dilinə tərcümə olunmuş, notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə büronun 19 oktyabr 1988-ci il tarixli 987 nömrəli orderin surətindən görünür ki, vətəndaş X8 və onunla 3 otaqlı, sahəsi 63.2 kv.m olan Sisiyan rayonu, Şəki kəndi ünvanında yaşayan 5 nəfər vətəndaş Ayrapetiyan M.V ilə dəyişdirilmə qaydasında ünvan 4 ünvanında yerləşən, sahəsi 47.31 kv.m olan 3 otaqlı mənzilə köçmək hüququna malikdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. Ərizəçi (Maraqlı şəxs1 olmaqla) hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-DA-10F/2-809-2023 saylı arxiv arayışının X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla) ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderin və Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı arxiv protokolunun X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və X12 Şəxsi Sumqayıt Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3397/2023 saylı məktubunda qeyd edir ki, ünvan 5 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi Sumqayıt Ərazi İdarəsində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə bağlı bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə atasının ata adı olaraq “X9” kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023cü il tarixli, 3-48-DA-10F/2-809-2023 saylı arxiv arayışında göstərilən 23 nömrəli protokoldan çıxarışda “X10” kimi, “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 377587 nömrəli ölüm haqqında şəhadətnamədə (təkrar) isə “X8” kimi qeyd olunmuşdur. Nəzərə çatdırılmışdır ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli onun ərizəsinə cavablandırılmış məktubunda qeyd edilmişdir ki, aparılmış arxiv araşdırmaları nəticəsində Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı protokolu ilə xx.xx.1988-ci il tarixdə verilmiş 987 saylı orderdə və sərəncam altı sənədlərdə ata adı Hüseynov Cümşüd “Atam” oğlu kimi qeyd olunduğu məlum olmuş, bununla da texniki səhvə yol verildiyi məlum olunmuşdur. Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə atasının ata adı olaraq “X9” kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2- 809-2023 saylı arxiv arayışında göstərilən 23 nömrəli protokoldan çıxarışda “X10” kimi, “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İl 377587 nömrəli ölüm haqqında şəhadətnamədə (təkrar) isə “X8” kimi qeyd olunmuşdur.

10. 03 iyul 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı şəxslər qismində cəlb edilmişlər.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 57724497 nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

12. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Onun atasının adı Cümşüddür. Mürşüdgil ailədə üç qardaş və dörd bacıdırlar. Uzun müddətdir ki, onu tanıyır. Qohumluq əlaqələri də vardır.

13. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Öncədən qohumluq əlaqələri, yəni kirvəlikləri vardır. Mürşüdün atasının adı Cümşüddür. Cümşüdün atasının adı isə Hətəmdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3578/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) ərizə təmin edilmiş, Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə büronun 987 №-li, xx.xx.1988-ci il tarixli orderi və Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı arxiv protokolunun X4 məxsus olması faktının müəyyən olunması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 3578/2024 nömrəli qətnaməsinin, ərizənin təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin səlahiyyətlərini Sumqayıt şəhər İcar Hakimiyyəti yerinə yetirir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Hesab edir ki, qeyd edilən mülki işi üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizəçi Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə və Azərbaycaı Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-DA-10F/2-809-2023 saylı arxiv arayışında göstərilən 23 nömrə protokoldan çıxarışda ata adında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı səlahiyyətli orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməli, Sumqayıt şəhər İcar Hakimiyyəti tərəfindən bununla bağlı müvafiq düzəliş edilməli idi. Qanunla belə səlahiyyətə malik olan inzibat orqana müraciət etmədən məhkəmə qaydasında işin həll olunmasını tələb etmək, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə uyğun mülki iş məhkəmə icraatına o halda qəbul oluna bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasıın. Göründüyü kimi müvafiq mənzilə dair lazımi sənədləri başqa qaydada almaq mümkündür, bununla bağlı səlahiyyətli inzibati orqan mövcuddur. Lakin ərizəçi tərəfindən bununla bağlı müvafiq inzibati orqana müraciət olunmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, mənzilə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və sərəncamlarda olan texniki səhvlərin düzəldilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə məhkəmə işlərinə həmin sənədləri vermiş inzibati orqanlar və ya onların hüquqi varisləri maraqlı şəxs qismində işə cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə vermiş və işə baxmış məhkəmə ərizənin təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə1 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. (...) 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

27. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

28. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi).

35. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.

36. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur.

37. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri-məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir.

38. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.

39. Mülki Prosessual Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

40. Məhkəmə Kollgiyası qeyd edir ki, Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci ildə “X14” oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1988-ci il tarixli, 23 №-li protokolda ərizəçi X3 ata adı “Aman” kimi qeyd olunmuşdur.

41. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan SSR Sumqayıt şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə bürosu tərəfindən, xx.xx.1988-ci ildə “X14” oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1988-ci il tarixli, 987 №-li orderdə ərizəçi X3 ata adı “Aman” kimi qeyd olunmuşdur.

42. İşdən həmçinin görünür ki, apellyasiya şikayəti verən maraqlı şəxs ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda izah etmişdir ki, adlar arasındakı həmin uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır.

43. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən atasının həqiqi ata adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və ərizənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3578/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar