Məhkəmə qərarları › İş №2(105)-1720/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1720/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1720/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-389/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqavilənin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 2489,06 manat (18 ay x 123,67 manat + 263 manat ilkin ödəniş), İMEİ kodu **********39369 olan “İphone 14” markalı telefon, Zəmanət + 1 il və paket xidməti almışdır.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 3411,98 manat (18 ay x 170,11 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********48278 olan “İphone 15 Pro” markalı telefon, paket XXXL xidməti və Zəmanət + 1 il xidməti almışdır.

3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04248365 saylı müqavilənin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 2265,84 manat (18 ay x 125,88 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********20349 olan “İphone 14” markalı telefon, paket XL və Zəmanət + 1 il xidməti almışdır.

4. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqaviləyə əsasən 742,10 manat ödənilməmiş hissə, 74,21 manat cərimə olmaqla, cəmi 816,31 manat, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən 3061,98 manat ödənilməmiş hissə, 306,20 manat cərimə olmaqla, cəmi 3368,18 manat, xx.xx.2024-cü il tarixli, 04248365 saylı müqaviləyə əsasən 1401,02 manat ödənilməmiş hissə, 140,10 manat cərimə olmaqla, cəmi 1541,12 manat, ümumilikdə 5725,61 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqaviləyə əsasən 742,10 manat ödənilməmiş hissə, 74,21 manat cərimə olmaqla, cəmi 816,31 manat, xx.xx.2024cü il tarixli, ********** saylı müqaviləyə əsasən 3061,98 manat ödənilməmiş hissə, 306,20 manat cərimə olmaqla, cəmi 3368,18 manat, xx.xx.2024-cü il tarixli, 04248365 saylı müqaviləyə əsasən 1401,02 manat ödənilməmiş hissə, 140,10 manat cərimə olmaqla, cəmi 1541,12 manat, ümumilikdə 5725,61 manat borcun və 57,26 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2489,06 manat (18 ay x 123,67 manat + 263 manat ilkin ödəniş), İMEİ kodu **********39369 olan “İphone 14” markalı telefon, Zəmanət + 1 il və paket xidməti, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3411,98 manat (18 ay x 170,11 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********48278 olan “İphone 15 Pro” markalı telefon, paket XXXL və Zəmanət + 1 il xidməti, xx.xx.2024-cü il tarixli, 04248365 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2265,84 manat (18 ay x 125,88 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********20349 olan “İphone 14” markalı telefon, paket XL və Zəmanət + 1 il xidməti almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2961,78 manat təşkil edir. Nəticədə xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqaviləyə əsasən 742,10 manat ödənilməmiş hissə, 74,21 manat cərimə olmaqla, cəmi 816,31 manat, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən 3061,98 manat ödənilməmiş hissə, 306,20 manat cərimə olmaqla, cəmi 3368,18 manat, xx.xx.2024-cü il tarixli, 04248365 saylı müqaviləyə əsasən 1401,02 manat ödənilməmiş hissə, 140,10 manat cərimə olmaqla, cəmi 1541,12 manat, ümumilikdə 5725,61 manat borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir.

7. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-389/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqaviləyə əsasən 742,10 manat ödənilməmiş hissə, 34,21 manat cərimə olmaqla, cəmi 776,31 (yeddi yüz yetmiş altı manat 31 qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən 3061,98 manat ödənilməmiş hissə, 146,20 manat cərimə olmaqla, cəmi 3208,18 (üç min iki yüz səkkiz manat 18 qəpik) manat, xx.xx.2024cü il tarixli, 04248365 saylı müqaviləyə əsasən 1401,02 manat ödənilməmiş hissə, 70,10 manat cərimə olmaqla, cəmi 1471,12 (bir min dörd yüz yetmiş bir manat 12 qəpik) manat, ümumilikdə 5455,61 (beş min dörd yüz əlli beş manat 61 qəpik) manat borcun və dövlət rüsumunun 54,39 (əlli dörd manat 39 qəpik) manat hissəsinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 467, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119 və 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-389/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10717105 saylı müqavilə faktiki mövcüddur. Onun tərəfindən müqavilə öhdəliklərinin qəsdən gecikdirilməsi faktı baş verməmişdir. Tərəfindən 2961,78 manat ödəniş edilməsi faktını iddiaçı da etiraf etmişdir. Öz üzərinə düşən öhdəliyin ona aid risk dairəsindəki icrasının reallaşması üçün pozitiv səylər nümayiş etdirmişdir. Hazırkı iş üzrə qəbul edilmiş qətnamədən də görünür ki, müqavilədən irəli gələn borc öhdəliyinin onun tərəfindən lazımınca icra edilməməsi kimi bir hal mövcüd olmamışdır.

11. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi ilkin məhkəmə iclasından savayı digər məhkəmə baxışlarına dair məhkəməsinin iclası və yeri barədə lazımi şəkildə məlumatlandırılmamışdır. Məhkəmənin son iclasları haqqında heç bir sms və rəsmi poçt bildirişi əldə etməmişdir. Məhkəmə sonrakı iclaslarda da onun iştirakını təmin etməli idi. Ancaq məhkəmə işin sonrakı məhkəmə iclaslarında onun iştirakını təmin etməməklə iddiaçının müqaviləyə tələbinə mövqeyini və etirazını səsləndirmək hüququndan onu məhrum etmişdir. Məhkəmə iclası barədə xəbəri olmamışdır. Bu isə onun məhkəmədə mövqeyinə dair dəlillərini səsləndirməsini təəssüf ki imkansız etmişdir. Hakim təktərəfli işə baxaraq, onun iştirakını təmin etmədən, bununla da onun mövqeyinə dair dəlillərə sahib olmadan obeyktiv olmayan qətnamə çıxarmışdır. Bundan başqa, məhkəmənin qətnaməsində qət etdi hissədə ekspertiza xərci qeyd edilsə də, birinci instansiya məhkəməsi qətnaməsində ekspertizanın rəyinin nədən ibarət olduğunu aydın qeyd etməmişdir.

12. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirlən qətnaməsində ekspertizanın rəyini qeyd etməmiş və rəyin nədən ibarət olduğunu aydın göstərməmişdir. Məhkəmə prosesi zamanı onun hüquqlarının, o cümlədən sübutların təqdim olunması, məhkəmə iclaslarında olmaq hüququ və adekvat nümayəndəlik hüquqlarının tam hüquqlu müdafiəsi təmin edilməmişdir. O sonrakı məhkəmə iclasları barədə heç bir məhkəmə bildirşi almamışdır. Məhkəmə öz qətnaməsində qeyd edir ki, guya o rəsmi bildiriş almışdır. Amma bunu təsdiq edən sübutu məhkəmə öz qətnaməsində göstərə bilmir. Məhkəmə işə birtərəfli qaydada, məhkəmə müdafiə hüququnu pozmaqla baxmış və iddiaçının şəxsi mülahizələri əsasında onun xeyrinə mülki işin həlli üçün özünün obeyktiv olmayan daxili inamı ilə hərkət etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətində Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-389/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndirmişdir.

38. Ona görə də kollegiya Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.

42. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çəkişmə prinsipi pozularaq məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. Halbuki mülki iş materiallarının 37 və 48-ci səhifələrində olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri Cavabdeh tərəfindən şəxs qəbul edilməklə imza edilmişdir.

43. Kollegiya dəbbə pulunun məbləği ilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş cərimənin məbləği iş üzrə əsas borca mütənasibdir.

44. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Belə olan halda kollegiya iddia tələbinin tamamilə rədd olunması üçün əsas görmür.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

49. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

50. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)- 389/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-389/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar