Məhkəmə qərarları › İş №2(105)-1721/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1721/2024

18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1721/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 13 noyabr 2023-cü il tarixli NDM034831 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1ydaları”na uyğun baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə X3 etdiyi aşkar edilmişdir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təsərrüfatına tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM034831 saylı akt üzrə videoçəkiliş aparılmışdır. Lakin həmin videoçəkiliş əldə edilmədiyindən məhkəməyə təqdim edilməsi hələlik mümkün deyildir. Videoçəkiliş əldə ediləcəyi təqdirdə qısa müddətdə məhkəməyə təqdim ediləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona tətbiq etdiyi 13 noyabr 2023-cü il tarixli 034831 saylı aktında “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” iddiasının rədd edilməsi və onların bu əsasda dəymiş ziyana dair ona yazdıqları 826,08 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 13 noyabr 2023-cü il tarixli 034831 saylı aktın ona verilmiş surətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada evlərində quraşdırılmaqla istifadələrində olan elektrik sayğacı (abonent kodu **********00291) üçün “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” bəhanəsi ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona ümumilikdə 826,08 (səkkiz yüz iyirmi altı manat 08 qəpik) manat cərimə yazılmışdır. "xxxx" ASC tərəfindən onlara verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə də yazılmışdır ki, 2023-cü ilin noyabrından etibarən guya onun 826,08 (səkkiz yüz iyirmi altı manat 08 qəpik) manat borcu yaranmışdır. Bildirir ki, həmin vaxt "xxxx" ASC-nin əməkdaşlarının törətdiyi qanunsuz əməllər ondan xəbərsiz edilmişdir. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazmışlar ki, guya o, sayğacdan kənar xəttdən istifadə etmişdir. Halbuki o, sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Onlar müvafiq ölçmələr və hesablamalar aparıb özləri də görmüşlər ki, o, heç bir qeyri-qanuni əməllər törətməmişdir. Sonradan xəbər göndərmişlər ki, ona yazılmış 826,08 manat cərimə borcunu gecikdirmədən ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Bununla əlaqədar onlar son günlərdə tez-tez onu narahat edirlər. Odur ki, sonradan ona verilmiş aktda yazılanlar və ona yazılmış 826,08 manat cərimə tam əsassızdır. Bir daha bildirir ki, aktda yazılanlar həqiqətə uyğun deyildir. Həmin aktın adi surəti onlara bir neçə gün əvvəl verilmişdir. Aşkar görünür ki, cavabdeh ona adi kserokopiya şəklində elə bir akt verib ki, orada yazılanlar adi vəziyyətdə belə oxunmur. "xxxx" ASC-nin əməkdaşları aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. O, 1-ci qrup əlildir. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir və həm də şəkər xəstəsidir. Orta təhsillidir, iki övladı var. Oğlunun biri ali təhsilli hüquqşünasdır, hərbi xidmətdən yenicə ehtiyyata tərxis olunub. Digər övladı isə Ukraynada Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alır, tələbədir. Həyat yoldaşı uşaq bağçasında müəllimə işləyir. O, özü 1-ci qrup əlillik pensiyası alır, həyat yoldaşı isə işlədiyi yerdən əmək haqqı alır. Ayrı heç yerdən gəliri yoxdur. Məhkəməyə bildirir ki, son illərdə Şamaxı rayonunda "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər "xxxx" ASC-nin əməkdaşları tərəfindən qəsdən törədilir.

5. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona yazdığı 826,08 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “13 noyabr 2023cü ıl tarixli 034831 saylı akt əsasında hesablanmış 826,08 manat borcun hesabından silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023cü il tarixində "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və V.Cəlilov tərəfindən Şamaxı şəhəri Şəhriyar qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1ydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacından kənar bırbaşa qoşulmaqla kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X1ydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM034831 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM034831 saylı akta əsasən "xxxx" ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 qün üçün 0.08 manatla 1200 kvt.s (dəyəri 96.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54 00 manat) və 0.13 manatla 5318 kvt.s (dəyəri 691.34 manat) toplamda 841.34 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı aşkar olunmuş qüsura əsasən hesablanmış məbləğlə razılaşaraq 300.00 manat ödəniş etmişdir, iddiaçının xx.xx.2024-cü il tarixinə X3yə görə 487.08 manat borcu vardır. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-cı və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhəri Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM034831 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “13 noyabr 2023-cü il tarixli 034831 saylı “akt əsasında hesablanmış 826,08 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 13 noyabr 2023-cü il tarixli NDM034831 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 826,08 manat pulun İddiaçı abunə hesabından silinməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “X1ydaları”nın 8.17-1 və 8.17-2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanır. Belə ki, qətnamədə sübut kimi istinad edilən mənbələrdən biri aktdır. İzahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri Şəhriyar qəsəbəsində X4 yaşadığı fərdi yaşayış evində elektrik sayğacından kənar birbaşa qoşulmaqla kənar xətdən istifadə edildiyi müəyyən edilmişdir. Yuxarda qeyd olunanlar əsasında NDM034831 saylı akt tərtib olunmuşdur.

11. Qətnamə onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evindəki pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəməyə akt və əlavə sənədlər təqdim edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəfələr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın

16. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

17. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

18. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır. Nəzərə alınmalıdır ki, tələb olunan borcun məhz iddiaçıya hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda həmin borcun iddiaçıya aid olmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh hesablanmış borcun həqiqətən iddiaçıya aid olduğunu sübuta yetirməlidir.

32. İşin hallarına görə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evində sayğaca baxış keçirilmiş və iddiaçının fərdi yaşayış evində olan sayğacdan kənar xətt vasitəsi ilə X3 etdiyi əsas götürülərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə itirilmiş enerji hesabatı aparılmışdır. Lakin İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə X3 etməsinə dair cavabdeh tərəfindən hər hansı mötəbər (video və s.) sübut məhkəməyə təqdim edilməmişdir.

33. Kollegiya qeyd edir ki, bu növ mübahisələr üzrə cavabdeh tərəfindən tərtib olunmuş, lakin iddiaçı tərəfindən imzalanmamış akt iddianın rədd olunması üçün yeganə sübut növü kimi çıxış edə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur.

34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

35. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

36. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı borcun iddiaçıya məxsus olması öz təsdiqini tapmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz.

38. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-461/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar