Məhkəmə qərarları › İş №2(105)-1725/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1725/2023

17.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1725/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X26 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh1, üçüncü şəxs X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.123 ha torpaq sahəsinin Cavabdeh1 hədiyyə edilməsinə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə X14 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 7 övladı dünyaya gəlmişdir. Qız övladları ailə həyatı qurmuş, həyat yoldaşlarının yaşadığı ünvanlara köçmüşlər. 2 oğul övladı üçün yaşadıqları həyətyanı sahədə hər birinə ayrılıqda fərdi yaşayış evi tikib, minimum yaşayışla təmin etmişlər. xx.xx.2000-ci ildə həyat yoldaşı vəfat etmişdir. Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 2V-21 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həyat yoldaşının vərəsəsi kimi tanınmışdır. Ondan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 1.230632 ha torpaq sahəsindən 0.123 ha torpaq sahəsi ona irs qalmışdır. Həmin torpağın mülkiyyət sənədi qismində çıxış edən sənəd isə torpağa mülkiyyət hüququna dair JN 1116, kod 30300036 saylı dövlət aktıdır. 2022-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh qismində çıxış edən oğlu Gülağa onu aldatmış, üstündə ev olan həmin torpağın ona bağışlanılması müqaviləsinə imza etdirmişdir. 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli həmin bağışlama müqaviləsində göstərilmişdir ki, guya o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsini cavabdehə bağışlamışdır. Halbuki Gülağa yalandan ona demişdir ki, torpaqlarının sənədinə çıxarış alınması üçün imza etmək üçün notariusa getməlidir. O, latın qrafikası ilə yazıb-oxumağı bacarmasa da notariusda imza edən zaman «Notariat haqqında» qanunun və «Notariat hərəkətlərinin aparılması haqqında» təlimatın tələblərinə zidd olaraq, heç bir şahid olmadan və ona müqavilə ucadan oxunmadan imza etdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-29-2/2-27/2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır. Sonradan Gülağa ondan ələ keçirtdiyi torpaqdan müəyyən hissəni 17000 manata öz kürəkəninə satmışdır. Halbuki həmin torpağın hazırki bazar dəyəri 60000 manat təşkil edir. Eyni zamanda müəyyən hissəni də nəvəsinə, yəni X3 oğluna bağışlamışdır. Torpaq ona 1972-ci ildə verilmişdir, hazırda ona övladı X9 baxır. Göründüyü kimi əmlakı dələduzluq yolu ilə ələ keçirilmiş, ona qarşı mülkiyyət əleyhinə hüquqpozma törətmişdir. Odur ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli, pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir.

3. Cavabdeh1 iddia tələbinə etiraz verərək, İddiaçı Cavabdeh1 qarşı xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, xx.xx.2016-cı il tarixində notariat ofisində özünün birbaşa iştirakı ilə bağlanılmış Daşınmaz Əmlakın bağışlanılması müqaviləsindən 2022-ci ilin iyul ayında xəbəri olmuşdur. Cavabdeh yazıb-oxumağı bacarmadığını bildirmiş və hamin tarixdə Notariat ofisində imzalanmış müqavilənin mahiyyətindən xəbəri olmadığını vurğulayır. xx.xx.2016-cı il tarixli müqavilədən də görünür ki, iddiaçı prosesdə birbaşa olaraq iştirak etmişdir. Yəni onun şəkili çəkilmiş, əl imzası alınmış və hamısı müqaviləyə əlavə olunmuşdur. Eyni zamanda Müqavilənin 5-ci bəndinə əsasən Notarius tərəfindən müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrin izah edilmiş olduğu görünür. Tələbin absurdluğu özünü bir daha orda göstərir ki, Müqavilənin imzalanmasında ondan başqa 6 nəfər özünün yaxın qohumu qismində çıxış edən şəxslər iştirak etmişdir. Onlar da iddiaçı kimi müqaviləyə öz şəkil, imzaları ilə əlavə olunmuşdur. Bu qədər qohumun iştirakı ilə aparılan bir prosesdən iddiaçının xəbərinin olmaması sadəcə olaraq absurd və əsassızdır. Bu halda iddianın hansı dərəcə qanunsuz olmasına dəlalət edir. İddiaçı müqavilənin xx.xx.2016-cı il tarixində özünün iştirakı ilə bağlanılmasından sonra düz 6 il 3 ay keçdikdən sonra, yəni 2022-ci ilin iyul ayında xəbər tutduğunu bildirir. Bir daha qeyd edir ki, qarşı tərəfin bu formada bildirməsi sadəcə olaraq ötürülmüş iddia müddətindən fikirləri yayındırmaq məqsədi daşıyır. Yuxarıdakı normalardan da göründüyü kimi əqdin bağlandığı forma qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yəni əqd notarial bağlanılmışdır. Eyni zamanda əqdin, yəni bağışlamanın nolarial qaydada təsdiqləndiyi andan hər iki tərəf üçün məcburi xarakter daşıyır. Bağışlama müqaviləsi öz hüquqi təbiətinə görə bu hal üzrə birtərəfli xarakter daşıyır və hədiyyə alan qismində cavabdehin ofertanı müqavilədə qəbul elədiyi andan hüquqi qüvvəyə minmiş hesab edilir. Bu hal üzrə əqdin etibarsızlığına səbəb olacaq hər hansı hal mövcud deyildir. Eyni zamanda müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bu hal üzrə iddiaçı özünün iradə ifadəsini cavabdehə heç bir vasitə ilə (pretenziya və s.) 7 il ərzində bildirməmişdir. Bu hal da iddiaçının əqdin mahiyyətindən xəbərdar olduğu qənaətinə gəlmək üçün əsasdır.

4. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilə şəxsən tərəflərin özləri tərəfindən imzalanmış, orada onların fotoşəkilləri əks olunmuşdur. Yəni göründüyü kimi iddiaçının belə bir müqavilə bağlamaması barədə dəlili iş materialları ilə təkzib olunur. Bu əsasla müəyyən edilir ki, iddiaçı özünə məxsus mübahisəli əmlakı öz istəyi ilə, öz iradəsi ilə cavabdehə bağışlamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 372.1, 272.2, 373.1, 373.2, 275.1, 375.2, 89.1, 389.2, 405.1, 405.2, 66.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Sözügedən müqavilə əqdin etibarsızlığı anlayışının təsir dairəsinə düşür. Bu müqavilə ilə bağlı mübahisə mövcuddur. Mübahisə edilən əqdlər də özlüyündə etibarsızlığı özündə ehtiva edir. Əgər müqavilə barəsində mübahisə varsa, o, etibarsızdır. İradə ifadəsinin qarşı tərəfə bildirilməməsinin səbəbi də ondan ibarətdir ki, iddiaçı iradə ifadəsinin sərbəstliyi ilə bağlı iradə ifadəsinin subyekti hesab edilə bilməz. Çünki o, latın qrafikalı əlifbada yazıb-oxumağı bacarmır, bunu təsdiq edən sübutlar da iş materiallarına əlavə edilmişdir, o, öz övladına olan inamından cavabdehin sui-istifadəsi nəticəsində və yaşlı olduğu, aldadıldığı nəzərə alınaraq bu normanın təsir dairəsinə düşmür. Bu müqavilənin doğura biləcəyi yeganə nəticə elə onun etibarsızlığıdır, o, bağlandığı andan etibarsızdır, çünki aldatma nəticəsində bağlanmışdır. Bu əqdin etibarsızlığı ortadadır və qarşı tərəfə aldığını olduğu kimi geri qaytarmalıdır. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bu iş üzrə cavabdeh iddiaçını aldadaraq, guya torpağa çıxarış alınması adı ilə əslində bağışlama müqaviləsinə qol çəkdirmişdir. Məhz bu səbəbdən də həmin müqavilə bağlandığı andan etibarsızdır. Müddətin keçməsi məsələsinə gəldikdə isə, qanunvericiliyin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı məhz bu yaxınlarda öyrənmişdir ki, oğlu onu aldadıb, dərhal məhkəməyə müraciət etmişdir. Həyat göstərir ki, insanın öz övladına da güvəni limitsiz deyil. İddiaçı hardan bilə bilərdi ki, böyüdüb boya-başa çatdırdığı övladı əmlak üçün onu aldadacaq, onun mülkiyyətini əlindən alacaq. Odur ki, müddətin keçməsi barədə məhkəmənin arqumentləri effekt vermir və işə hüquqi qiymət verməkdən yayınma cəhdi kimi qəbul edilməlidir. Məhkəmə baş vermiş dələduzluq faktı barəsində prokurora xəbər vermək əvəzinə, formal qətnamə qəbul edərək işi sadəcə öz üzərindən atmışdır. O məxsus torpaq sahəsi hüquqi maxinasiyalarla, sənədlərin saxtalaşdırılması yolu ilə əlindən alınmışdır. Qanunla qorunan mülkiyyət hüququ tapdalanmış, ona maddi və mənəvi zərər vurulmuşdur. Özünə məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları əlindən alınmışdır. Çıxarış almaq adı ilə ona bağışlama müqaviləsinə qol çəkdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, böyük oğlu, yəni cavabdeh onu aldadıb, imza etdiyi sənədin pay torpaq sahəsi ilə bağlı olduğunu bildirib və o da aldanaraq sənədə imza edib. Oğluna torpaq sahəsi vermək niyyəti olmayıb. Atası öləndən sonra oğlu onu bir dəfə də axtarmayıb və ona baxmayıb. Oğlu torpağın bir hissəsini digər oğlundan olan nəvəsinin adına keçirib. Onun heç kimə torpaq vermək niyyəti olmayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)- 2654/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, anası yaşlıdır. Övladların hamısı ailə qurub. Qardaşlarının da torpaqları var, ev tikərək köçüblər. 1973-cü ildə atası ilə anası Naxçıvandan Abşerona köçüblər və sovxozda işləyərək ev tikiblər. İndi gəlinlər və nəvələr anası yaşlı olduğuna görə ona hədə-qorxu gəlirlər. Öləndə heç kimin ona sahib çıxmayacağını deyirlər. Qonşular ona deyir ki, anası ilə qalan şəxslər anasını incidir. Anasının yanına gedəndə onlara hücum çəkirlər. Anası notariusda bağışlama müqaviləsinə qol çəkib. Amma qardaşı onu aldadıb ki, torpaq sahəsi ilə əlaqədar başqa sənədlər lazım olsa anası yaşlı olduğu üçün işləri özünün həll edə bilməsi məqsədilə qol çəkdirir. Sonradan məlum olub ki, imza bağışlama müqaviləsinə edilib. Bəhram Məmmədov qardaşının oğludur. Müqavilə bağlanılarkən o da notariusda olub. Anası bağışlanma müqaviləsinin etibarsızlığını xahiş edir. Keçən il məlumatlı olub ki, torpaq sahəsini bağışlayıb. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bacı-qardaşı iddia edir ki, o, anasına baxmır. Amma anasına o baxmışdır. Arvadı onkoloji xəstədir. Bunla belə onu evdən çıxarmaq istəyirlər. Bağışlama qanuni şəkildə olub. Onlar notariusu aldada bilməzlər. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X10 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bağışlanma müqaviləsi tam olaraq qanuni şəkildə bağlanılıb. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxslər X11, X15, X10, X16, X4, X12, X7, X20 məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər.

15. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair» 18 mart 2022ci il tarixli qərarında qeyd edilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

19. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005).

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarında olan 12 iyul 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 15 iyul 2000-ci ildə vəfat etmiş Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 6-da yaşamış X6 vərəsələri bunlardır: Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 6-da qeydiyyatda olan İddiaçı - Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-116 KOD 30800086 əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən mərhum X8 düşən paydan 0,12 ha torpaq sahəsindən ibarətdir.

24. 02 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X10, İddiaçı, X20, X16, X7, X9, X15, X5, X12, X1 rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar.

25. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumatdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı Saray qəsəbəsi, Adil Mənsimov küçəsində 06 saylı evdə yaşayır. O, latın əlifbasında yazmağı bacarmır.

26. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı həqiqətən də latın qrafikasında yazıb oxuya bilmir.

27. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 12 iyul 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 15 iyul 2000-ci ildə vəfat etmiş X6 vərəsəsi İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almışdır. 02 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X10, İddiaçı, X20, X16, X7, X9, X15, X5, X12, X1 rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.123 ha torpaq sahəsinin Cavabdeh1 hədiyyə edilməsinə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində qeyd etmişdir ki, torpaq sahəsini cavabdeh onu aldadaraq bağışlama müqaviləsi əsasında əldə etmişdir. Lakin o, latın qrafikasında yazıb oxuya bilmir, bu barədə iddia ərizəsinə sübutlar da əlavə etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz verərək bildirmişdir ki, bağışlanma müqaviləsi bağlanan zaman iddiaçının şəkli çəkilmiş, əl imzası alınmış və hamısı müqaviləyə əlavə olunmuşdur. Eyni zamanda Müqavilənin 5-ci bəndinə əsasən Notarius tərəfindən müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

29. Hazırki işdə iddiaçı əqdin bağlanması üçün iradə ifadəsi ilə bağlı şərtlərin pozulduğuna istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin hazırki işdə məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilə bağlanarkən iradə ifadəsinin bildirilməsi ilə bağlı şərtlərə riayət edilməməməsi müəyyən edilməmişdir. Beləliklə iddiaçı sözügedən müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş etibarlılıq şərtlərinə riayət edilməməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas kimi göstərdiyi dəlillər əsassız olduğundan və müqavilənin etibarlılıq şərtlərinin pozulduğu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.

30. Həmçinin iş materiallarından göründüyü kimi iddia tələbi üzrə iddia müddəti də keçmiş, cavabdeh isə bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

31. İşin araşdırılan hallarından göründüyü kimi müqavilənin bağlanmasından altı ildən artıq müddət keçmişdir. Ötən müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmiş, yalnız indi torpaq sahəsinin qiymətinin artması ilə əlaqədar belə bir iddianı qaldırmışdır.

32. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilə şəxsən tərəflərin özləri tərəfindən imzalanmış, orada onların fotoşəkilləri əks olunmuşdur. Yəni göründüyü kimi iddiaçının belə bir müqavilə bağlamaması barədə dəlili iş materialları ilə təkzib olunur. Bu əsasda müəyyən edilir ki, iddiaçı özünə məxsus mübahisəli əmlakı öz istəyi ilə, öz iradəsi ilə cavabdehə bağışlamışdır.

33. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

34. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edlən sənədlərə və işin hallarına istinadən iddia tələbinin təmin edilməməsi nəticəsini gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

35. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 12 iyul 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 15 iyul 2000-ci ildə vəfat etmiş X6 vərəsəsi İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almışdır. 02 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X10, İddiaçı, X20, X16, X7, X9, X15, X5, X12, X1 rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına olan torpaq sahəsini bağışlaması barədə bağlanmış müqavilə etibarlı hesab edilməlidir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-nin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir.

39. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.

41. Bundan başqa iddiaçının onun müqavilənin bağlanılmasından xəbəri olmamasına dair dəlili də iş materialları ilə təkzib olunur.

42. Belə ki, iş materiallarından görünür ki, həmin müqavilə bağlanılarkın iddiaçı ilə yanaşı onun digər ailə üzvləri də iştirak etmişdir.

43. Bündan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2016-cı il trixdə bağlanılmış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir.

45. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(012)-2654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar