Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1726/2024 04.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması- forma və məzmun tələbinə əməl edilməməsinə görə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində əsas borc, 100 manat məbləğində dəbbə pulu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu ilə birlikdə 1132 manat məbləğində borcun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(028)-574/2024 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədləri sənədlər geri qaytarılmışdır.
3. İddiaçı MMC qeyd edilən qərardaddan şikayət verərək, Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(028)-574/2024 nömrəli qərardadının ləğv edilməsi və mülki iş üzrə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
4. Qubadlı Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf elektron qaydada verdiyi ərizəsində ərizənin formasına əməl etməyərək iddiaçı tərəfi düzgün yerləşdirməmişdir. Elektron sistemdə ərizə üzrə iddiaçı zamin, nümayəndəsi isə maraqlı şəxs kimi yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə iddia ərizəsini geri qaytarmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 150.1.1, 152.1.1-ci maddələrinə və 284-3.2 maddəsinin müvafiq bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə öz qərardadında sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ərizəyə əlavə edilmiş sənədləri geri qaytararkən hesab edib ki, iddiaçı tərəfindən ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci və 284-3-cü maddələrinin tələblərinin pozulması ilə verilmişdir. İşə baxan məhkəmə prosessual normaları sadalasa da, pozuntunun nədən ibarət olmasını göstərməmişdir. Hesab edir ki, iddia ərizəsi qanunauyğun formada tərtib edilmişdir, ərizənin geri qaytarılması üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1. iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; hakim iddia ərizəsini geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu yuxarıdakı nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
16. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.
17. Məhkəmə kollegiyası irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi onu nəzərə almamışdır ki, hazırkı iddia ərizəsinin birinci səhifəsində məhkəmənin qeyd etdiyi nöqsana yol verilsə də, elə həmin səhifənin aşağı hisəsində iş üzrə tərəflər tam dəqiq, anlaşılan şəkildə qeyd edilmişdir. Daha konkret ifadə edilsə, iddiaçı qrafasında İddiaçı MMC, iddiaçının nümayəndəsi kimi etibarnamə əsasında səlahiyyətli Maraqlı şəxs və cavabdeh qismində Cavabdeh qeyd edilmişdir.
18. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqsədi daşıyır. Həmin maneələri siyahısı MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Maddi hüquqi əsaslarla iddia ərizəsinin geri qaytarılmasına yol verilmir.
20. Göründüyü kimi işə baxan məhkəmə yuxarıda qeyd edilən prosessual tələbləri nəzərə almamış, iddia ərizəsində qeyd edilən məlumatlarla işin faktiki hallarını uzlaşdırmamış və formal xəta səbəbindən iddia ərizəsini geri qaytarmaqla, sonuncunun məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırmışdır.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)- 574/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar araşdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 oktyabr 2024-cü il tarixli, 2(028)-574/2024 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.