Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1728/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh “Yelo Bank» ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələri haqqında protokolların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5461/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim A.İsmayılov) İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2796/2022 nömrəli qərarı ilə İddiaçı Ərzuman oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİNHALLARİ: İddiaçı Ərzuman oğlu Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, N-253/3 və 253/3/1 saylı, xx.xx.2019-cu il tarixli hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərrac onun iştirakı olmadan keçirilib. Sonradan hərrac təşkilatını da yerində tapa bilməmişdir. Ödəniş etməkdən boyun qaçırmır. Amma borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Hissə-hissə ödəniş etmək istəyir. İki dəfə devalivasiya olub. Bu da ödəmə qabiliyyətini itirməyinə səbəb olub. Ödəyicilik qabiliyyəti olanda borcunu vaxtında ödəyib. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5461/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, əmlak artıq bankın balansındadır. Hər hansı güzəştin nəzərdə tutulması bankın səlahiyyətindədir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)- 5461/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavadehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC-nin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmiş, nümayəndələrini göndərməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı, X4 və X5 müştərək qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzilllərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması və ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-253/3 saylı, 20.012.2019-cu il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 43350 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. Yenə iş materiallarına əlavə edilmiş Y-253/3/1 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 30600 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, qeyd edilən hər iki mübahisəli mənzil 22 aprel 2021-ci il tarixdən Yelo Bank ASC-nin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi protokolların ləğv edilməsinə əsas olan halların müəyyən edilməməsi, əmlakların hərrac vasitəsi ilə satılmasının qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi əsasında həyata keçirilməsini, bundan başqa İddiaçı Ərzuman oğlunun iddia tələbində özünə məxsus 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzili ilə yanaşı, X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 saylı mənzilinin də hərracdan satılmasının nəticələri haqqında Y-253/3/1 saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş etməsini, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməməsini müəyyən edərək iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq qeyd olunan maddi hüquq normaları baxımından düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, ipoteka predmeti olan X6 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsilə satışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkarlanmamış, qeyd olunan əmlakın hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi əsasında qanunvericiliyə uyğun baş tutmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” AR Qanununun 17.1 və 17.1.7-ci maddələrinin tələblərinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yenə həmin Qanunun 19.1 və 19.1.6-cı maddələrinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. İstinad edilən Qanunun 19.2-ci maddəsinə görə isə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X4 və X5 müştərək qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzilllərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması və ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş, bundan sonra, icra məmurunun sifarişi ilə hər iki mənzil hərraca çıxarılmış və "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-253/3 saylı, 20.012.2019-cu il tarixli protokoluna əsasən İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 43350 manat, Y253/3/1 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokola əsasən isə X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti 30600 manat müəyyən edilmiş və həmin mənzillər Cavabdeh1 ASC tərəfindən alınmışdır. Hazırda hər iki mənzil Yelo BankASC-nin mülkiyyətindədir. İddiaçı hesab edir ki, həmin hərrac təşkilatı hərracın keçirilməsi qaydalarında bir neçə qanun pozuntusuna yol vermişdir. Belə ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş, hərraclar onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2796/2022 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin hərracın keçrilməsinə dair bildiriş və elanlara istinad etsə də, iş materiallarında belə bir sübutlar olmaması, belə olan halda apellyasiya məhkəməsinin hərracın mövcud qanunlar çərçivəsində keçirilməsini hansı sübutları qiymətləndirməsi yolunun müəyyən etməsinin məlum olmaması, iddiaçı özünün mülkiyyətində olan ipoteka predmetinin hərracda satılması ilə yanaşı, digər şəxsin mülkiyyətində olan ipoteka predmetinin hərracda satılmasını da mübahisələndirməsini, birinci instansiyası məhkəməsinin bunu qətnaməsində göstərsə də iddiaçının başqa şəxsə məxsus əmlakın hərracda satılmasını mübahisələndirmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət vermədən həmin iddianı da eyni əsasla, hərracın qanunvericiliyə uyğun keçirilməsi əsası ilə rədd etməsini, apellyasiya məhkəməsinin isə ümumiyyətlə, bunun üstündən keçərək, eyni səhvi təkrarlamasını müəyyən edərək şərh edilən pozuntuların aradan qaldırması, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası mübahisəli əmlaklara dair hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilib-verilməməsini araşdıraraq qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə iddiaçıya xx.xx.2019-cu il tarixdə məktub ünvanlayaraq qətnamə ilə ondan tutulmalı olan borc və borcun ipoteka predmetlərinə yönəldilməsi barədə məlumat vermişdir. "xxxx" 25 oktyabr 2019-cu il tarixdə mübahisəli əmlakların açıq hərraca çıxarılması, hərracın keçirilmə vaxtı və yeri, əmlak haqqında məlumatın “Birja yenilikləri” və “Market” qazetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində Lot 527/19 nömrəsi ilə dərc olunması barədə iş üzrə tərəflərə bildiriş ünvanlamışdır. Hərrac Mərkəzi xx.xx.2019-cu il tarixdə əmlakın təkrar hərraca çıxarılması, hərracın keçirilmə vaxtı və yeri, əmlak haqqında məlumatın “Birja yenilikləri” və “Market” qazetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində Lot 557/19 nömrəsi ilə dərc olunması barədə bildiriş ünvanlamışdır. İddiaçıya göndərilmiş məktublar “qapı bağlıdır, evdə yoxdur, ərazidə tanımırlar” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hərracda satılacaq digər əmlakın mülkiyyətçisi, eyni zamanda iddiaçının arvadı olan X1 göndərilmiş xx.xx.2019-cu il tarixli məktub Çiçəknaz Tağıyeva tərəfindən xx.xx.2019-cu il tarixdə qəbzə imza edilərək alınmışdır. Bu halı iddiaçı özü də izahatında bildirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə müraciət edərək bankla razılıq əldə edilməsi səbəbdən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bundan sonra Hərrac Mərkəzi xx.xx.2019-cu il tarixdə "xxxx" bank ASC-yə təklif göndərərək əmlakları almağı təklif etmiş, xx.xx.2019-cu il tarixli protokollarla mübahisəli əmlaklar tələbkar "xxxx"bank ASC-yə satılmışdır. Bununla da görünür ki, girov qoyulmuş əmlakların açıq hərracda stılması barədə iddiaçının məlumatı olmuşdur. Belə ki, Hərrac Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə mərkəzə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir ki, bu da hərracın keçirilməsindən məlumatlı olması deməkdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində özünə məxsus əmlakın satılmasına dair hərrac protokolunun ləğv ediləsi ilə yanaşı, X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin satılmasına dair hərrac protokolunun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 məxsus mənzilin satılmasına dair hərrac protokolunun da ləğv edilməsini xahiş etsə də, onun adından iddia qaldırmaq hüququnun olmasına dair hər hansı sübutu, onun adından müəyyən hərəkətlər etmək səlahiyyəti verən etibarnaməni iş materiallarına əlavə etməmişdir. Bu baxımdan da iddia tələbinin qeyd edilən hissəsi bu əsasla da təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hərracın keçirilməsi barədə iddiaçı məlumatlandırılmışdır. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə kütləvi informasiya vasitələrində elan verilmişdir. İddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar. Bununla da iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər iş materiallarına əlavə edilmuş özü tərəfindən hərrac mərkəzinə ünvanladığı ərizə ilə təkzib edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5461/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5461/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1728/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1728/2022
05.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver