Məhkəmə qərarları › İş №2(105)-1729/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1729/2021

28.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1729/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Nüsrət qızının, onun vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh Nüsrət qızına qarşı alqı-satqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Nüsrət qızına qarşı alqı-satqı müqaviləsinin, şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və qeydlərin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır (hakim İ.Məmmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)2205/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-1846/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2205/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əlaqəli 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydinin ləğv edilməsi, 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 21.11.2003-cü il tarixdə X7 ilə rəsmi qaydada nikah bağlamış, birgə nikahdan bir övladı olmuşdur. Ərinin xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsində 2003-cü ilin yayında fərdi yaşayış evi tikərək 2004-cü ilin qışında əri və oğlu ilə birgə həmin evə köçmüşdür. X5 13.05.2018-ci il tarixdə həmin evdə ölmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3199/2019 saylı mülki işi üzrə iş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışa əsasən Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının adına xüsusi mülkiyyət hüququ əsasında 20.11.2018-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, ******* saylı Çıxarışın verilməsinə əsas olmuş 20.11.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydiyyat, JN 340 saylı KOD30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş 10.04.2006-cı il tarixli, 4-Ə- 143 saylı alqı-satqı müqaviləsi olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3199/2019 saylı mülki işi üzrə iş materiallarında olan JN 340 saylı KOD 30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və həmin iş üzrə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.06.2018-ci il tarixli **********59 nömrəli məktubundan göründüyü kimi həmin şəhadətnamə Dövlət qeydiyyatına alınmamış, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən möhür və imza ilə təsdiq edilməmiş, Quba şəhəri ərazisində Cavabdeh Nüsrət qızının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Nüsrət qızı izahatında apellyasiya şikayətini qəbul etməyib göstərmişdir ki, qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Ona məxsus torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. 45 il doğum evində işləmiş, öz zəhməti ilə Quba Bələdiyyəsindən torpaq almışdır. Evi özü tikmişdir. Nəinki iddiaçıya, heç iddiaçının əri olan oğluna da evin və torpağın heç bir aidiyyatı olmayıb. Oğlu narkoloji dispanserdə qeydiyyatda idi. İddiaçını tanımamış, elçi getməmiş, toy etməmişdir. Oğlu ilə aralarında nə olubsa öz problemləridir. İddiaçı evin 2004-cü ildə tikildiyini qeyd edir. 2004-cü ildə həmin torpaq sahəsində kol-kosdan başqa heç nə olmayıb. Quba Bələdiyyəsindən aldığı torpaq sahəsində ev tikmişdir. Satdığı hissə də 2 sot olmaqla həmin torpaq sahəsindəndir. Oranı X2. Amma evi tikdiyi hissəni satmamışdır. İddiaçı onun evində qeydiyyatda deyil. Lalə onun evində yaşamır, bir neçə əşyası var. Orada yaşadığını göstərmək üçün yalandan evə gedib-gəlir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Nüsrət qızının vəkili X8 apellyasiya şikayətini qəbul etməyib onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ilə cavabdehin oğlu X7 nikaha girmiş, X7 13.05.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan JN 340 saylı KOD30301004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh Nüsrət qızına Quba şəhəri ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 20.11.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2(105)-3199/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(027)-1199/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan AN-İ ******* saylı, 20 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətində olan Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsi X1. İşdə olan 30.09.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisində 0,026 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olmuş 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsini mübahisələndirir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı mübahisənin predmeti olan torpaq sahəsində yaşayış evi inşa etdirməklə əri və uşağı ilə həmin evdə yaşamış, əri vəfat edəndən sonra da yaşamaqda davam etməkdədir. Evin tikintisinə yerli icra hakimiyyəti orqanları etiraz etməmiş, əksinə su, qaz, işıq xəttləri çəkilməklə buna rəvac vermişlər. Həmin ev özbaşına tikili olsa da iddiaçının və onun öhdəsində olan yetkinlik yaşına çatmayan uşağının yaşayış yeridir. Evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən özəlləşdirilməsi və tərəflər arasında kəskin münaqişənin olması da nəzərə alınarsa İddiaçı gələcəkdə yaşayış evindən məhrum olmaq ehtimalını gerçəkləşə bilər. Cavabdeh yaşayış evinin öz adına sənədləşdirilməsinə İddiaçı yaratdığı maneələrin aradan qaldırılması barədə iddia qaldırmış, həmin iddia Quba Rayon Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019cu il tarixlə qətnaməsi ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2(027)- 2383/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “Azəriqaz” İB-nin X13 İdarəsinə və Cavabdeh Nüsrət qızına qarşə fərdi yaşayış evinə təbii qazın verilməsinin dayandırılması ilə bağlı hərəkətlərə qadağa qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, qətnamə ilə iddia tələbi təmin edilmiş, Quba şəhəri, Mikayıl Müşfiq küçəsi 16( Quba şəhəri, Qələbə küçəsi 25) saylı fərdi yaşayış evinə təbii qazın verilməsinin dayandırılması ilə bağlı hərəkətlərin “Azəriqaz” İB-nin X13 İdarəsinə və Cavabdeh Nüsrət qızına qadağa edilməsi qət edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsində iddiaçı və keçmiş əri tərəfindən tikilmiş fərdi yaşayış evi mövcuddur, evdə iddiaçı və övladı yaşayır. Həmin torpaq sahəsində cavabdehin yaşadığı evin mövcud olması məhkəmə qətnaməsi ilə də təsdiq edilir. Həmintorpaq sahəsinin satılması da iddiaçının maraqlarına toxunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-1846/2021 saylı qərarında göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçı tərəfin vəsatətləri əsasında mübahisələndirilən 10.04.2006-cı il tarixli, 4Ə-143 saylı alqısatqı müqaviləsini əldə edərək işə əlavə etməli, müqavilə tərəfləri müəyyən etməli, müqavilədə satıcı qismində iştirak etməsi ehtimal olunan şəxsi müəyyən edilməklə işə cəlb etməli, müqavilənin tərəflərinin iradəsinə uyğunluğunun müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının 29.06.2021-ci il tarixli, 2(105)-1729/2021 saylı qərardadı ilə Quba Bələdiyyəsi ilə Cavabdeh Nüsrət qızı arasında bağlanmış 10.04.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən götürülməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 10.07.2021-ci il tarixli, 05/01-2936/11 saylı məktubundan görünür ki, Quba dövlət notariat ofisi tərəfindəın arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd edilən şəxslər barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda qeyd edilən müqavilənin dövlət notariat arxivində saxlanılan nüsxəsində 143 reyestr nömrəli müqavilənin 06 aprel 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmin müqavilənin qeydə alındığı notariat reyestri arxivə təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçı 0,08 ha torpaq sahəsinin satılmasına əsas olmuş Quba Bələdiyyəsi ilə Cavabdeh Nüsrət qızı arasında bağlanmış 10.04.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi mübahisələndirir. Hazırda isə iş materialları ilə müəyyən edilir ki, mübahisəli 0,08 ha torpaq sahəsinin Quba Bələdiyyəsi tərəfindən Cavabdeh Nüsrət qızı satılmasına dair tərəflər arasında bağlanmış 10.04.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi mövcud deyildir. Həmçinin həmin notariat ofisində 143 reyestr nömrəsi ilə qeydiyyata alınmış müqavilə 06.04.2006-cı il tarixdə cavabdehlə Quba Bələdiyyəsi arasında deyil, başqa şəxslər arasında rəsmiləşdirilmişdir. Eyni zamanda qeyd edilən müqavilənin təqdim edilməsi iş üzrə tərəflərə bildirilsə də, nə həmin müqavilənin surətini nə də, əslini məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, qeyd edilən müqavilənin mövcudluğu iş materialları ilə nəinki təsdiq, hətta təkzib edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 0,08 ha torpaq sahəsinin Quba Bələdiyyəsi tərəfindən cavabdehə satılması barədə 10.04.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsi aşkar edilmədiyindən həmin müqavilə əsasında 0,08 ha torpaq sahəsinin Cavabdeh satılması da təkzib edilir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə ilə əlaqəli 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydi ləğv edilməsinə zərurət yoxdur. Belə ki, qeyd edilən müqavilə bağlanmamışdır. 4-Ə-143 saylı reysetr nömrəsilə başqa tarixdə, başqa şəxslər arasında müqavilə bağlanmışdır. Belə olan halda, mövcud olmayan müqavilənin etibarsızlığı barədə iddia tələbi də istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən qanunvercilik normalarının da tələbindən görünür ki, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslardan biri müqavilə hesab olunur və daşınmaz əmlaka dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bu şərtlərdən birinə əməl edilməməsi bütövlükdə aparılmış qeydiyyatın düzgün olmamasını ehtiva edir. Hazırki işin də yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, Quba Bələdiyyəsi ilə Cavabdeh arasında 0,08 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə olmadığı üçün qeyd edilən torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə əsasında əsassız olaraq cavabdehin adına qeydə alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Nüsrət qızına ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilməlidir. Həmçinin cavabdehin adına verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarış da Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə əsasında verildiyi və məhkəmə kollegiyası şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsinə gəldiyi üçün Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilməli və həmin çıxarış da ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən yuxarıda göstərilən maddi hüquq normalarını pozmaqla, işin şərh edilən mühüm faktiki hallarını nəzərə almamaqla qətnamə çıxarmışdır. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin vəkilinin reyestrin həqiqiliyi prezumpsiyası barədə dəlilini də iddianın rədd edilmə əsası kimi qəbul etmir. Əvvəla, iddia tələbi məhz reyestrin qeyri-həqiqiliyi barədədir. Bundan başqa, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunun tələbindən də görünür ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası o hala qüvvədə olur ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeyri-dəqiqlik barədə əldə edən şəxs vicdanlı olsun. Hazırki işdə isə, əksinə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmiş və olmayan müqavilə əsasında belə bir qeydin aparılması, başqa sözlə qeyri-dəqiqliyi əldə edən şəxs kimi cavabdehə məlum olmuşdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, müqavilə əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilməli və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarış etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-417/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Quba rayon Dövlət notariat kontorunda təsdiq olunduğu göstərilən 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 10.04.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeyd ləğv edilsin və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarış etibarsız hesab edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar