Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1730/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(012)-425/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(012)-425/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh1 ilə alqısatqı edilməsinə dair 01 may 2005-ci il tarixli və 21,3 kv.m sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 ilə alqı-satqı edilməsinə dair 01 may 2005ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1 və həmin ünvanda yerləşən torpaq sahəsinin 21,3 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 18 mart 2004-cü il tarixli qərarına əsasən Xırdalan şəhəri, 28-ci məhəllədə cizgidə göstərilən sərhəd daxilində ona 0,26 hektar torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair JN-0048 saylı, kodu 30801006 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onun mülkiyyətində olan həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrində müxtəlif xidmət sahələri fəaliyyət göstərmişdir. Uzun müddətdir ona məxsus həmin torpaq sahəsinin 21,3 kv.m hissəsində inşa edilmiş qeyriyaşayış sahəsini mağaza kimi fəaliyyət göstərmək üçün tərəfindən əmisi oğlu Cavabdeh2, 51,8 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsini isə mağaza kimi fəaliyyət göstərmək üçün digər əmisi oğlu Cavabdeh1 istifadəsinə vermişdir. Hər iki əmisi oğlu ilə aralarında xeyli müddətdir bəzi münaqişələr yaransa da, yenə də ona məxsus torpaq sahəsində olan həmin qeyri-yaşayış sahələri ilə əlaqədar əmisi oğlanlarından heç bir tələbi olmamış və bu gün də yoxdur. Sadəcə son vaxtlar ona məlum olmuşdur ki, Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsini X14 adlı şəxsə satmışdır. Bu səbəbdən də araşdırma apararkən və Cavabdeh3nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin 21,3 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsi 01 may 2005-ci il tarixdə Cavabdeh2, 51,8 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi isə 01 may 2005-ci il tarixdə Cavabdeh1 adlarına rəsmiləşdirilmişdir. Hər iki alqı-satqı müqaviləsində guya həmin alqısatqı predmetləri olan qeyri-yaşayış sahələrinin Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli, 1018 saylı arayışına və 12 aprel 2005-ci il tarixli, 625 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olduğu və guya tərəfindən həmin şəxslərə satıldığı qeyd edilmişdir. Halbuki onun belə bir qeydiyyat vəsiqəsi olmamış, həmin nömrəli və həmin tarixli qeydiyyat vəsiqəsi isə oğlu Elmar Orucovun adına olmuşdur. Mülkiyyətində olan 0,26 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən ona həmin torpaq sahəsinə dair verilmiş JN-0048 saylı, kodu 30801006 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından sonra ona yalnız 20 dekabr 2013-cü il tarixdə 0,17609 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli, 0,053516 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli və 0,0304 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarışlar verilmişdir. Qeyd edilən çıxarışlar ona verildikdən sonra Cavabdeh3nə müraciət edərək həmin çıxarışlar əsasında ona məxsus olan torpaq sahəsinin cizgilərinin yerində dəqiqləşdirilməsini xahiş etmiş, lakin ona heç bir köməklik göstərilməmişdir. Bu səbəbdən də 31 may 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olmuşdu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərizəsinə verdiyi 15 iyul 2020-ci il tarixli, **********22 saylı cavab məktubunda qeyd edilmişdir ki, adı çəkilən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan üç konturdan ibarət torpaq sahəsinin 0,0304 ha hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın reyestrində qeydə alınaraq 20 dekabr 2013-cü il tarixli, **********17 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin 0,0535 ha və 0,17609 ha konturları isə üzərində yerləşən qeyri-yaşayış binaları ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir. Müraciəti ilə bağlı torpaq sahəsində mütəxəssislər tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Aparılmış yoxlama-ölçü işləri zamanı iddia etdiyi torpaq sahəsinin mülkiyyətində olan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Ərizəçi olaraq onun iştirakı olmadan hansı mütəxəssisin yoxlama-ölçü necə aparması ona məlum deyildir və mübahisələndirdiyi torpaq sahəsi qeyd edilən qeyriyaşayış sahələrinin yerləşdiyi torpaq sahələridir. Bu səbəbdən də mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş göstərilən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin qanunsuz olduğu cavabdehlərə əvvəlcədən məlum olmuş, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ona məlum olmayan sənədlər əsasında notariat əməliyyatı aparılmış və son zamanlar bütün bunları araşdırmaq məqsədi ilə dövlət reyestri xidmətinə verilmiş ərizəsinə və müraciətlərinə qeyri-müəyyən cavablar verilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Əvvəla, birinci instansiya məhkəməsi nəticəyə gələrkən ətraflı araşdırma aparmamış, qeyri-yaşayış sahələrinə dair çıxarışların olub-olmamasını, əgər varsa, həmin çıxarışların verilməsi üçün əsas olmuş hüquqverici sənədlərin nədən ibarət olmasını yoxlamamışdır. Halbuki, iddianın əsaslarından biri həmin qeyri-yaşayış sahələrinə dair çıxarışların olmamasına, həmin çıxarışların saxta yolla əldə edilməsinə və onun adından guya satılmasına yönəlmişdir. Halbuki bunun üçün kifayət qədər əsaslar vardır. Belə ki, Cavabdeh2 həmin çıxarışları təqdim edən orqanda, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində yüksək vəzifədə işləyir və həmin çıxarışları rahat şəkildə öz mənafeyinə uyğun əldə edə bilər. Digər tərəfdən, onun tərəfindən mübahisələndirilməsinə baxmayaraq, məhkəmə tərəfindən müqavilələrdəki imzaların həqiqiliyi bu sahədə xüsusi biliyi olan ekspertlər tərəfindən müəyyən edilməmişdir. Məhkəmə imzalara öz mülahizəsinə uyğun şəkildə qiymət vermişdir. Bu isə mülki prosessual qanunvericiliyə ziddir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh3 nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0304 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 495 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində 20 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0304 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 19 dekabr 2013-cü il tarixdə AA seriyalı, 007495 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayonu Xırdalan bələdiyyəsinin İddiaçı ünvanladığı 28 dekabr 2013-cü il tarixli, 630 saylı məktubun surətindən görünür ki, Xırdalan bələdiyyəsi tərəfindən 18 mart 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0,26 ha torpaq sahəsi DT və XK tərəfindən verilmiş JN-0048, kod 30801006 nömrəli dövlət aktında göstərilən koordinatlar üzrə torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. İş materiallarında olan 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanılaraq, 4Ə/-1198 nömrə ilə reyestrdə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Orucov X11 rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli, 1018 saylı arayışına və 12 aprel 2005-ci il tarixli, 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “S” tikinti hissəsini-ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanılaraq 4Ə/-1199 nömrə ilə reyestrdə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Orucov X11 rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli, 1018 nömrəli arayışına və 12 aprel 2005-ci il tarixli, 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini-ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,00213 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində 21 dekabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Tİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri yaşayış binası Cavabdeh2 adına mülkiyyət hüququ əsasında 1 nömrəli reyestr kitabının 157 səhifəsində 625b reyest nömrəsi ilə 01 may 2005-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri yaşayış binası X8 adına mülkiyyət hüququ əsasında 1 nömrəli reyestr kitabının 157 səhifəsində 625 reyest nömrəsi ilə 01 may 2005ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,053516 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 119,1 kv.metr qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 20 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,17609 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 530,2 kv.metr qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində 20 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan kodu 30801006 olan, JN-00487 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 18.03.2004-cü tarixli, 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Abşeron rayonu, Xırdalan qəsəbəsində 0,26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 15 iyul 2020-ci il tarixli, **********22 nömrəli məktubdan görünür ki, Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN- 0048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan üç konturdan ibarət torpaq sahəsinin 0,0304 ha hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona 20 dekabr 2013-cü il tarixli, **********17 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin 0,0535 ha və 0,17609 ha konturları isə üzərində yerləşən qeyri-yaşayış binaları ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki pasportu tərtib edilmişdir. Müraciətlə bağlı torpaq sahəsinə mütəxəssislər tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Aparılmış yoxlama-ölçü işləri zamanı iddia etdiyi torpaq sahəsinin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tələb edilərək işə əlavə edilmiş 4Ə/-1198, 4Ə/-1199 saylı notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında 12 aprel 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabında 157-ci səhifədə 625 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmış, 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanılaraq, 4Ə/-1198 nömrə ilə reyestrdə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə İddiaçı özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “S” tikinti hissəsini-ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 manata Cavabdeh2, 4Ə/- 1199 nömrə ilə reyestrdə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini-ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 manata Cavabdeh1 satmışdır. Notariat işində qeyri-yaşayış sahələrinin satılmasına İddiaçı arvadı X3 yazılı razılığı vardır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyestrdə 4Ə/-1198 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilə ilə Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli 1018 saylı arayışına və 12 aprel 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “S” tikinti hissəsini-ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 manata Cavabdeh2, 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/-1199 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqaviləsi ilə Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli 1018 nömrəli arayışına və 12 aprel 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini-ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə müqavilələrin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki işdə qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə müqavilələrin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqavilələri üzrə alıcılar Cavabdeh1 və Cavabdeh2 müqavilələrin legitimsizliyi barədə hər hansı şübhələri olmadığından, onlar vicdanlı alıcı hesab edilirlər. İddiaçı iddia ərizəsində alqı-satqı predmetləri olan qeyri-yaşayış sahələrinə dair Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən ona 12 aprel 2005-ci il tarixli, 625 saylı qeydiyyat vəsiqəsi verilmədiyini, həmin nömrəli və həmin tarixli qeydiyyat vəsiqəsinin oğlu Elmar Orucovun adına olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 12 aprel 2005-ci il tarixli, 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında 12 aprel 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabında 157-ci səhifədə 625 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmış, qeyri-yaşayış sahələrinin satılması da həmin qeydiyyat vəsiqəsi əsasında aparılmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri yaşayış binası isə mülkiyyət hüququ əsasında iddiaçının oğlu X8 adına 01 may 2005-ci il tarixdə qeydiyyata alınmışdır. Digər tərəfdən, qeyri-yaşayış sahələrinin satılmasına İddiaçı arvadı X3 da yazılı razılığı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qeyri-yaşayış sahələrinin alqı-satqısına dair müqavilələr bağlandıqdan 15 ildən artıq müddət keçdikdən sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(012)-425/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1730/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1730/2021
15.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver