Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1736/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1863/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində yazılmış 2550 (iki min beş yüz əlli) manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yerləşən bağ sahəsində istifadə etmədiyi halda qanunazidd olaraq 2550 (iki min beş yüz əlli) manat sudan istifadə borcu yazılmışdır. Halbuki onun bağ sahəsində ümumiyyətlə borcun yazıldığı tarixə su borusu, su xətti mövcud olmayıb. Onun bağ sahəsində su quyusu olduğu üçün bağında suvarmanı məhz həmin su quyusundan aparmışdır. Cavabdeh tərəfindən hansı xidmət və ya istehlaka görə ona borcun yazılması müəmmalı qalıb. Cavabdeh ilə bağ sahəsində suvarma aparılması üçün hər hansı müqaviləsi olmayıb, bağında su xətti, su borusu mövcud olmayıb. Öz vəsaiti hesabına bağında su quyusu açdırmış və bu qanunvericiliyə əsasən tamamilə pulsuzdur, torpağında yerləşən quyunun suyundan istifadə etdiyinə görə qanunvericiliyə əsasən ödəniş nəzərdə tutulmur. Həmçinin o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və onunla cavabdeh arasında yalnız həmin mənzildə sudan istifadə ilə bağlı abunə müqaviləsi bağlanılıb. Cavabdeh tərəfindən yazılmış borca görə narazıdır, həmin borcu əsassız hesab edir, 2550 (iki min beş yüz əlli) manat borc məbləğinin silinməsini xahiş edir və tələbini əsaslandırır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 1.1-ci bəndinə görə Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasmda qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. "Sudan istifadə Qaydaları"nm 1.2.2-ci bəndinə əsasən, istehlakçı STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fıziki şəxsdir, 1.4-ci bəndinə əsasən, Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra - STTSAS) istifadə etmək hüququ vardır, 1.6-cı bəndinə əsasən, STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra müqavilə) əsasən həyata keçirilir, 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifəsidir. Qeyd etdiyi əsaslar onu bir daha göstərir ki, həmin borc onun barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. AR NK-nin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” və AR NK-nin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları" bağ sahəsində yerləşən quyusundan istifadə edilən suya görə ödəniş öhdəliyini nəzərdə tutmur. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yerləşən bağ sahəsində cavabdeh tərəfindən ona su verilməyib. Ona su verdiklərini sübut etsinlər, sonra ona borc yazsınlar, qanunvericiliyin tələblərinə uyğun hərəkət etsinlər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1863/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir (hakim Günel Tanrıverdiyeva)
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsinə, 61-ci maddəsinin 1-ci bəndinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 6.Cavabdeh ASC tərəfidən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1863/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edib, iddia tələbinin rədd edilməsinə və 22.75 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Şikayətin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sudan istifadə qaydaları”nın 7.4cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Qeyd edilir ki, sözügedən arayış iddiaçı tərəfindən STKM-ə təqdim edilməməsi səbəbindən istifadəsində olan bağ sahəsinə 5 nəfər ailə üzvü tərkibində hesabat aparılmışdır. Bundan başqa məhkəmə bağ sahəsinə görə 5 nəfər ailə üzvünə hesablanmış borcu silərkən, ən azı 1 nəfər ailə üzvünə görə hesabatı saxlamalı idi. Digər tərəfdən məhkəmənin iddiaçının bağ sahəsinə görə cavabdeh təşkilatın abonenti olmasına baxmayaraq, öz bağ sahəsində quyu suyundan istifadə etdiyini bildirməsinin əsas götürülməsi heç bir məntiqə sığmır. Belə ki bağ sahəsinə görə iddiaçının müraciəti əsasında, su təchizatı müəssisəsində 2016-cı ildən başlayaraq istehlakçı kimi qeydiyyata götürülmüş və ötən dövr ərzində maneəsiz olaraq xidmətlərdən daim istifadə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
442. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir.
12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Mülki Prosessual Məcəllə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1863/2023 saylı qətnaməsi sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilməli, 1934,67 manat məbləğində borc silinməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, ünvan 2 ünvanında İddiaçı 5 nəfər ailə tərkibi ilə sudan istifadəyə görə 2571.47 manat borc hesablanmışdır.
19. İşdə olan Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi 1 nömrəli Mənzil İstismar Sahəsinin 2594 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1996-cı ildən etibarən ünvan 3 ünvanında yaşayır.
20. İş materiallarında olan abonentin kartından görünür ki, ünvan 3 ünvanında İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2012-ci il tarixdə sayğac açılmışdır.
21. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Azərsu ASC tərəfindən borc hesablanmış ünvanda - ünvan 4ğını, bağ sahəsində olan bir neçə ağacın sulanması üçün isə su quyusundan istifadə etdiyini bildirmişdir. Bu halı, yəni bağ sahəsində yaşayışın olmadığını, yaşamaq üçün yeni ev tikildiyini və həyətdə su quyusunun olmasını iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü də təsdiq edir.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçının 5 nəfər ailə üzvünün iki ünvanda eyni anda yaşaması və eyni anda sudan istifadə etməsi mümkünsüz olduğundan, məhkəməyə təqdim edilmiş sübutlardan isə iddiaçının ünvan 3 ünvanında daimi olaraq yaşadığı, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yaşamadığı öz təsdiqini tapdığından iddiaçıya ikinci ünvana görə sudan istifadə ilə əlaqədar borc hesablanması onun bir istehlakçı kimi hüquqlarını pozur.
23. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ASC tərəfindən sözügedən mübahisəli Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında xx.xx.2021-ci ildə sayğac quraşdırılmışdır.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçıya sayğac quraşdırılan tarixə qədər hesablanmış borc silinməlidir. Həmin vaxta kimi cavabdeh təşkilat tərəfindən isə iddiaçıya 2417,67 (1462.67 (2016) + 249 (2017) + 267 (2019) + 351,6 (2020) + 35,95 (2021-ci ilin birinci ayı) +51,45 (2021-ci ilin ikinci ayı)) manat borc hesablanmışdır.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc silinməlidir. 26.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da silinməli olan borcun müəyyən edilmiş məbləği ilə razılaşmır.
27. Belə ki, iddiaçının özü də bildirir ki, həmin bağ sahəsində su quyusu mövcuddur, həmin quyudan istifadə etmələ orada olan bir neçə ağacı sulayır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir.
29. “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
30. İş materiallarından görünür ki, sözügedən arayışın iddiaçı tərəfindən STKM-ə təqdim etməməsi səbəbindən istifadəsində olan bağ sahəsinə 5 nəfər ailə üzvü tərkibində hesabat aparılmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, bundan başqa məhkəmə bağ sahəsinə görə 5 nəfər ailə üzvünə hesablanmış borcu silərkən, ən azı 1 nəfər ailə üzvünə görə hesabatı saxlamalı idi.
32. İş materiallarından görünür ki, məhkəmə beş nəfərə görə hesablanmış 2417,67 manat məbləğində borcu silmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə beş bəfərə görə deyil, dörd nəfərə görə hesablanmış borcu, yəni 1934,13 mana hesablanmış borcu silməli idi.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1863/2023 saylı qətnaməsi sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilməli, 1934,67 manat məbləğində borc silinməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1863/2023 saylı qətnaməsi sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilsin, sudan istifadəyə görə hesablanmış 1934,13 (min doqquz yüz otuz dörd manat, altmış yeddi qəpik) məbləğində borc silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.