Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1739/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2145/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Xəzər bağları, fərdi ev (saldo üzrə ünvan 1 ünvanında X1yə görə hesablanmış 944.88 (doqquz yüz qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində borcun **********02056 saylı abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evə məxsus cavabdeh tərəfindən hesablanmış 607 manat 27 qəpik borcun silinməsi və onun tərəfindən həmin borca görə ödənilmiş 170 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 06 avqust 1989-cu il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən fərdi evdə yaşayır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində olan fərdi yaşayış evinə dair əsassız olaraq 607 manat 27 qəpik borc hesablanmışdır. Bildirmək istəyir ki, borcun məbləği daha çox olmuş, sayğac dəyişdikdən sonra smart kart sisteminə keçirilmiş və o hər dəfə ödəniş etdikdə karta yüklənən pulun 50%-ci borca çıxır. Hazırda borcun 170 manatını ödəmiş, 607 manat 27 qəpik ödənilməmiş borc qalmışdır. Hesab edir ki, bu borc tamamilə əsassızdır və uydurmadır. Belə ki, xəbəri olmadan və iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evində olab sayğacı başqa sayğac ilə dəyişərək heç bir müqavilə bağlamadan, yerində akt tərtib edilmədən və hər hansı bir prosedur həyata keçirilmədən smart kart təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırda aktiv borc, eləcə də 170 manat borcun öz başına tutulması əsassız və qanunsuzdur. Bu borcla bağlı rəsmi qaydada hər hansı bildiriş nə yaşadığı mənzilə, nə də şəxsinə təqdim edilməmişdir. Əgər belə bir bildirişin ona və yaxud da ailə üzvlərinin hər hansı birinə təqdim edilməsi, eləcə də həmin bildirişlərin onlar tərəfindən alınması barədə dəlil vardırsa məhkəməyə təqdim edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən onunla heç bir müqavilə bağlanmamış, tarif qiymətinin artması barədə heç bir məlumat verilməmişdir. Əgər sayğacda hər hansı bir müdaxilə olunmuşsa da belə bir hal mümkün deyildir. Belə ki, sayğac hasarın çölündə quraşdırılmışdır. Buna məsuliyyəti məhz müəssisə daşıyır. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi sayğac digər sayğacla əvəz edildikdə onlara heç bir məlumat verilməmiş, sayğacın dəyişilməsi ilə bağlı hər hansı akt tərtib edilməmiş, borc məbləği barədə heç bir məlumat verilməmişdir. Təbii ki, məlumat verilsəydi o sayğacın onun iştirakı ilə laboratoriyaya aparılmasını tələb edəcəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnamənin təsviri hissəsində iddiaçının borcu olduğunu qəbul etmiş və həmin borcları müvafiq tarix üzrə göstərmişdir. Lakin məhkəmə əsaslandırıcı hissəyə gəldikdə təsviri hissədə göstərilənlərə zidd olaraq, heç bir əsaslandırıcı dəlil gətirmədən, hüquqi izah vermədən qeyri-müəyyən mülahizə əsasında iddiaçıya hesablanmış 944 manat 88 qəpik borcun silinməsini qət etmişdir. Məhkəmənin “elektrik hesabat sayğacının yarasız hala düşməsi nəticəsində yaranmış borc” hesab etdiyi borcun məbləği 607 manat 27 qəpik deyil, 337 manat 61 qəpikdir. Məhkəməyə sübut kimi işin halları ilə bağlı 19 yanvar 2023-cü il tarixli, 030997 nömrəli akt sübut kimi təqdim edilsə də, lakin məhkəmə qətnamə qət edərkən təqdim edilən sübuta münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, iddiaçıya EEİQ-8.17- 1-ci bəndinə əsasən akt tərtib edilmişdir. Həmin maddənin məzmununa görə, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunması, dövlət möhürünün trosunda dartılma və üst örtüyünün sol yuxarı hissəsində əzilmə izləri müşahidə olunması halları təsdiq olunmayaraq sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, ünvan 4 ünvanında istifadə etdiyi elektrik enerjisinə görə 944.88 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9-cu bəndləri). İşdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, sayğacın “A” işarəli zavod möhüründə təkrar taxılma izləri müşahidə olunur və bu fakt müvafiq aktla rəsmiləşdirilmişdir. Lakin cavabdeh təşkilat bu faktın iddiaçı tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1739/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1739/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver