Məhkəmə qərarları › İş №2(105)-174/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-174/2025

06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-174/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)-1990/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* №-li akt və «İtirilmiş qazın bərpası üzrə» 28 mart 2024-cü il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 881 manat 28 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, yaşayış evinə Qaz idarəsi tərəfindən qaz sayğacı quraşdırılıb və o, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəmişdir, heç bir borcu da olmayıb. 2024-cü mart ayında Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya onun sayğacında nöqsan aşkar edilməsi barədə rəyi verilmişdir. Onlar bu barədə 28 mart 2024cü il tarixli ******* №-li akt tərtib olunduğunu və 28 mart 2024-cü il tarixli komissiya qərarına əsasən ona 881 manat 28 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2024-cü il tarixli ******* №-li akt əsasında yazılmış komissiya qərarı ilə qəti razı deyil. Bu barədə ona yaxın vaxtlarda məlum olmuşdur. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində iddiaçıya məxsus evə baxış keçirilmiş, abonentin mənzilində quraşdırılan qaz cihazlarının gücü sayğacın qaz sərfindən çox olması, 6.8 kub.metr sərfiyyatı aşmasının mövcud olması aşkar olunmuşdur. Baxış zamanı istifadə olunan qaz işlədiciləri - istilik sistemi Kombi28, suqızdırıcı, qaz sobası, qaz plitəsi PQ3 müəyyən edilmişdir.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli akt İddiaçı tərəfindən imzalanmışdır.

6. Fotoşəkildən görünür ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı G4-T markalı, 6 kub metr gücündədir.

7. İddiaçının evinə quraşdırılmış texniki göstəriciləri BK-G4, BK-G4T qaz sayğacının pasport məlumatlarından görünür ki, qaz sayğacının maksimal gücü 6 olması qeyd olunmuşdur.

8. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, İddiaçı məxsus evdə aşkar edilmiş nöqsan: mövcud qaz sayğacının saatlıq maksimal öçlmə həddi 6 kub.metr–saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 12.8 kub.metr-saat olması aşkar olunmuşdur.

9. Abonentin Saldosundan görünür ki, İddiaçı 881.28 manat dəymiş ziyan hesablanmışdır.

10. Tərəflər arasında bağlanılmış «Qaz paylayıcıs ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqı» Müqaviləsindən görünür ki, istehlakçıya məxsus qaz qurğuları – bir ədəd qaz plitəsi (PQ3) və istilik sistemindən (Kombi28) ibarət olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)- 1990/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4, 3.4, 3.4.1 və 3.4.2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.3.1, 560.3.2, 1096.1 və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 214.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)-1990/2024 nömrəli ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil. Belə ki, həmin qətnamə qanuni və əsaslı deyildir. Bildirmək istəyir ki, məhkəmə onun iddia tələblərinə ümumiyyətlə qiymət verməmiş və cavabdehin istədiyi kimi qərar qəbul etmişdir. Əslində isə cavabdeh təşkilatın ona yazdığı aktlar tam əsassız sənədlərdir. Belə ki, qaz işçiləri qanunsuz olaraq onun təbii qazdan istifadə qaydalarını pozduğunu əsas qətirərək cərimə aktı yazmışlar. O, yazılmış əsassız aktlarda yazılanlar barədə ümumiyyətlə məlumatı olmamışdır. Həmin qanunsuz tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulduğuna dair aktı məhkəmədə mübahisələndirsə də, ona məlum olmayan səbəblərdən məhkəmə cavabdeh təşkilatın xeyrinə qərar qəbul etmişdir. Hesab edir ki, nə o, nə də ailə üzvləri heç bir istifadə qaydalarını pozmamış və bu barədə məsuliyyətləri yoxdur. Quraşdırılmış sayğacın qorunmasına o və ailə üzvləri cavabdeh deyil. Hesab edir ki, cavabdeh təşkilatın onun haqqında akt tərtib edilməsi qanunaziddir. Çıxarılmış qətnamə ilə razı deyil, həmin məbləğdə onun cavabdeh təşkilata borcu yoxdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İş üzrə Cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında qazın alqı-satqısına dair müqavilə bağalndıqdan sonra istehlakçı tərəfindən yeni qaz qurğuları quraşdırılmış, lakin bu barədə qazpaylayıcına məlumat verilməmiş, iddiaçının evinə quraşdırılmış qaz sayğacı G4-T markalı, 6 kub metr gücündə olmuş, mənzildə quraşdırılan qaz cihazlarının gücü sayğacın qaz sərfindən çox olmuşdur kt, nəticədə sərf edilən qazın həcmi düzgün qeydə alınmamışdır. Yeni qaz qurğuları quraşdırıldığı halda istehlakçı tərəfindən bu barədə məlumat verilməli, qaz cihazlarının gücü nəzərə alınmaqla yeni sayğac quraşdırılmalı idi. Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 11. 6-cı bənd. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək;

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)-1990/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, əsassız olaraq hesablanmış 881 manat 28 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Birinci intansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus ünvanda quraşdırılmış mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 kub metr olduğu halda, o müqavilənin şərtlərini pozaraq, mənzilində qaz cihazlarının gücü artıq olan qaz işlədiciləri işlətmiş, nəticədə bu da qaz qurğularının texniki pasport göstəricilərində saatlıq qaz sərfinin maksimal göstəricilərdən artıq olmasına gətirib çıxarmışdır. (maksimal göstərici 6 kub.metr olduğu halda, iddiaçının evində 6.8 kub metr sərfiyyat aşması aşkarlanmışdır.) İş materiallarından və işin məhkəmə tədqiqatı zamanı araşdırılması zamanı iddiaçının (istehlakçının) qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırması barədə qaz paylayıcısına hər hansı bir yazılı müraciət etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçının əsassız hesablanmış borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)-1990/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(067)-1990/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar