Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1741/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(060)-186/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(060)-186/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2513 saylı evə aid **********00522 abonent koduna hesablanmış 235,88 manat borcun silinməsi, iddianın verilməsinə görə 20 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 07.02.2019-cu il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akta əsasən sayğacın dəyərinə görə hesablanmış 235,88 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 2513 ünvanında yerləşən fərdi evi mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 05.09.2018ci il tarixli, ******* saylı çıxarış təsdiq edir. Fərdi evinə xidmət edən qaz sayğacı 05.02.2020ci ildə naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. O, bu barədə Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis bölməsinə şikayət etmişdir. Şikayətindən sonra Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis bölməsinin arayışı ilə Sumqayıt Qaz İstismar Sahəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, təchizatçı tərəfindən qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanında oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda, sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir, əks halda, yeni quraşdırılmış sayğacın dəyərinin 235,88 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır, sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. Sayğac onun xəbəri olmadan oğurlanmışdır. Fərdi evinə xidmət edən qaz sayğacının yoxa çıxmasına görə “Cavabdeh” İstehsalat Birliyi sayğacın dəyəri olaraq 235,88 manat pulu ondan tələb edir. Cavabdehə etdiyi müraciətdən sonra evi qaz sayğacı ilə təmin edilmiş, bu barədə 07.02.2019-cu il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın dəyəri olaraq ona 235,88 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş 05.02.2020-ci il tarixli aktda göstərilmişdir ki, 3 ay ərzində sayğacın dəyəri ödənilməsə, evinə qazın verilişi dayandırılacaqdır. İstehlakçı kimi qaz sayğacının oğurlanmasından məlumatı olmamışdır və sayğacın dəyərinin ondan tələb olunmasını əsassız hesab edir. Bundan əlavə, fərdi evinə qaz sayğacı istehlakçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğacı fərdi evinin bayır divarında yerləşir, sayğaca edilən hər hansı bir müdaxiləyə görə və qaz sayğacının yoxa çıxmasında o, günahkar deyildir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 2513 saylı fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı yerində olmadığı üçün 07.02.2020-ci il tarixli akt tərtib edilmiş və G-4 markalı sayğacın dəyəri 235,88 manat abonentdən tələb edilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən evin daxilinə baxış keçirmək mümkün olmamışdır. 07.02.2020-ci il tarixdə ******* saylı akt tərtib edilərək Sumqayıt şəhəri Polis idarəsinin 04.02.2020-ci il tarixli, 124-1921-1220 saylı arayışına, 06.02.2020-ci tarixli, B-652 saylı ərizəyə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 2513 saylı bağ evinə yeni sayğac quraşdırılmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2513 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 05.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 03 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 07.02.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2513 saylı bağ evinə quraşdırılmış və oğurlanmış qaz sayğacının əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. İş materiallarında olan 05.02.2020-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri Polis idarəsinin 1-ci Polis bölməsinin 124-1921-1220 saylı arayışı və istehlakçının müraciəti əsasında yaşadığı Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2513 saylı bağ evinə təchizatçı tərəfindən müvəqqəti olaraq 3 iş günü müddətində yeni qaz sayğacı quraşdırılmış və təbii qazın təchizatı müvafiq qaydada təmin edilmişdir. Həmin aktın qeydində göstərilir ki, təchizatçı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda, sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir, əks halda, yeni quraşdırılmış sayğacının dəyərinin 235,88 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır, sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə, qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda, hasarın küçəyə tərəf olan hissəsində quraşdırılmışdır və həmin qaz sayğacı oğurlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda, hasarın küçəyə tərəf olan hissəsində quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacının oğurlanmasında iddiaçının təqsiri olması araşdırılmalı və sübuta yetirilməli idi. Lakin qaz sayğacının oğurlanmasının iddiaçının təqsiri üzündən baş verməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının oğurlanmasının iddiaçının təqsirindən baş verməsi sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(060)-186/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1741/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1741/2021
03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver