Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1742/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, akt əsasında qanunsuz hesablanmış borcun silinməsi, yeni sayğacın quraşdırılması üçün tələb edilmiş pulun, həmçinin dəymiş maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1653/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1653/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 13.11.2020-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı əsassız hesablanmış 216 manat borcun və yeni sayğacın dəyəri kimi ondan tələb edilən 211,69 manat borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh “Cavabdeh” İB ondan apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1653/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.06.2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 211,69 manat məbləğində borcun silinməsi, yeni sayğacın quraşdırılmasına görə hesablanmış 115 manat pulun, 80 manat məbləğində tutulmuş pulun, həmçinin 1000 manat dəyərində maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, bağlar 1 ünvanındakı 4730 saylı fərdi ev iddiaçıya məxsusdur. Qaz sayğaçı evin yerləşdiyi həyətyanı sahədən kənarda, yəni küçədə yerləşir. Qaz sayğacının çıxarılması iddiaçının iştirakı olmadan aparılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.06.2020-ci il tarixli, ******* saylı aktla iddiaçıya məxsus fərdi evdə istifadə olunan qaz sayğacına müdaxilə olunduğu-sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu qeyd olunmuşdur. 23.12.2020-ci il tarixli məktuba əsasən sayğaca iddiaçının müdaxilə etməyini əsas gətirərək yeni qoyulmuş sayğaca görə 211,69 manat pul tələb etmişlər. Bu aktı alandan sonra Qaz İdarəsinə məlumat verdikdə bildirmişlər ki, sayğaca onun tərəfindən müdaxilə olunması şübhəsi vardır. Bu absurd bir yanaşmadır. Sayğacın plombuna o, hər hansı bir müdaxilə etməmişdir. Akt iddiaçı tərəfindən imzalanmamış və ya qeydlər edilməmişdir. Fərdi evdə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən evin daxilində deyil, evin yerləşdiyi həyətyanı sahədən kənarda yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının oun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq, cavabdeh qurum tərəfindən 13 noyabr 2020-ci il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Qeyd olunan akt əsasında əsassız olaraq iddiaçıya 211,69 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadəyə görə ayrı-ayrı vaxtlarda 50 manat və 30 manat pul ödəmişdir. Lakin, “Cavabdeh” İstehsalat Birliyi bu məbləği əsassız hesabladığı borc kimi çıxmışdır. Ona görə də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “Cavabdeh” İB apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun qismən təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, bağlar 1 ünvanı, 4730 saylı fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 16.06.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. Bu sayğac laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca baxış keçirildi, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın yaddaş arxivi oxundu, sayğacda 05.10.2019-cu il Alarm-1 rejimi aşkar olunub, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Qurumun əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək 13.11.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmışdır. 16.06.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri 211,69 manat abonentdən tələb edilmişdir. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə hallarının qarşısı hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. Məhkəmə tərəfindən qeyd olunan hallara qiymət verilməməsi və qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinın nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, iddia ərizəsi müraciət etdiyi hüquqşünasın səhvi nəticəsində düzgün tərtib edilməmişdir. Sonradan o, bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 16.06.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin akt əsasında iddiaçıya məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Yenə iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13.11.2020-ci il tarixli, ******* saylı aktan görünür ki, Sumqayıt şəhəri, Bağlar 1 ünvanı, 4730 saylı fərdi evin sayğacı 29.10.2020-ci il tarixdə dövlət yoxlanılmasına aparılmış və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğacın yaddaşı oxunmuş, Alarm-1 rejimi aşkar olunmuşdur. Həmin akt əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 13.11.2020-ci il tarixdə cavabdehə 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan iddiaçıya aid ünvana məxsus **********00300 saylı abonent saldosundan görünür ki, cavabdehə akt əsasında 216 manat borc hesablanmışdır. Yenə işdə olan İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, abonentin ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. İtirilmiş qazın sərfiyyatına görə hesablanmış 211,69 manat abonent tərəfindən ödənilməzsə, hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1653/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İş materiallarından görünür ki, İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.06.2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 211,69 manat məbləğində borcun silinməsi, yeni sayğacın quraşdırılmasına görə hesablanmış 115 manat pulun, 80 manat məbləğində tutulmuş pulun, həmçinin 1000 manat dəyərində maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan məhkəmə iddia tələblərindən kənara çıxmış, əsassız hesablanmış 216 manat məbləğində borcun və sayğacın dəyəri kimi tələb edilən 211 manat borcun silinməsi barədə nəticəyə gəlmiş (iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının iş materiallarında olmayan ərizəsinə əsasən), bununla da MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Bu maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddiaçının tələblərini ehtiva edən nəticəyə gəlməmiş, İddiaçı tələblərindəki məbləğlərdən artıq borc üzrə qeyd edilən prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da MPM-nin 387-ci maddəsinin tələbinə əsasən onun ləğvi üçün əsas hesab edilir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Sumqayıt şəhəri, bağlar 1 ünvanı, 4730 saylı fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edir. Abonentə **********00300 saylı kod verilmiş, evə G-4 markalı sayğac quraşdırılmışdır. Həmin təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman yerində tərtib edilmiş ******* saylı, 16.06.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. Bu sayğac laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə ”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca baxış keçirildi, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, sayğacın yaddaş arxivi oxundu, sayğacda 05.10.2019-cu il Alarm-1 rejimi aşkar olunub, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Cavabdeh qurumun əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutmuş, bu barədə akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək 13.11.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmışdır. 16.06.2020-ci il tarixli akta əsasən isə abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri 211,69 manat vəsait abonentdən tələb edilmişdir. Hazırda İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.06.2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 211,69 manat məbləğində borcun silinməsi, yeni sayğacın quraşdırılmasına görə hesablanmış 115 manat pulun, 80 manat məbləğində tutulmuş pulun, həmçinin 1000 manat dəyərində maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 26.06.2020-ci il tarixli akt mövcud deyildir. Mövcud olmayan aktın etibarsızlığı barədə tələb isə heç bir halda təmin edilə bilməz. İşdəki 16.06.2020-ci il tarixli akt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədədir. Bu aktın mübahisələndirilməsi qəbul olunsa belə, məhkəmə kollegiyası hesab edir ki, «Cavabdeh» İstehsalat Birliyinin Sumqayıt QİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş və məhkəməyə sübut kimi təqdim edilmiş ******* saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Başqa sözlə, həmin aktın sübut kimi qiymətləndirilib qəbul edilibedilməməsi məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Lakin bir sübut kimi həmin aktın etibarsız hesab edilməsi prosessual baxımdan anlaşılmazdır. Digər tərəfdən, həmin aktla müəyyən edilmiş fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yararsız müddəti üçün hesablanmış 216 manat məbləğində debitor borcun tətbiq edilməsi, habelə yararsız sayğacın dəyəri kimi tələb edilən 211 manat vəsait əsaslı hesab edilə bilməz. Çünki yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Bununla belə, iddiaçının tələbindən görünür ki, o, birinci borc üzrə 211,69 manat pulun, ikinci borc üzrə isə 115 manat pulun silinməsini tələb edir. Buna görə də məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, akt əsasında hesablanmış 211,69 manat məbləğində borc və sayğacın yararsızlığıa görə hesablanmış 115 manat borc silinməli, qalan hissələrdə iddia təmin edilməməlidir. Maddi və mənəvi zərərin əvəzinin tutulması barədə tələbə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə tələbin əsaslılığı iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə cavabdeh “Cavabdeh”İB apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1653/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 13.11.2020-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı əsassız hesablanmış 211,69 manat borc və yararsız sayğacın dəyəri kimi ondan tələb edilən 115 manat borc silinsin. Qalan hissədə iddia təmin olunmasın. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1742/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1742/2021
02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver