Məhkəmə qərarları › İş №2(105)-1745/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1745/2023

06.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1745/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiiş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, iddia müddəti, hüququn tətbiq edilməsində səhv buraxılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(067)- 1053/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Xaçmaz Rayonu Alekseyevka kəndində yerləşən, ona məxsus ümümi sahəsi 30 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0.69 ha torpaq sahəsinin 0.30 ha hissəsi tərəndən cavabdehə bağışlanmışdır. Həmin əmlakların bağışlanmasında məqsəd ondan ibarət olmuşdur ki, ailə üzvləri arasında gələcəkdə əmlak bölgüsü ilə bağlı hər hansı bir anlaşılmazlıq baş verməsin. Lakin yuxarıda göstərilən əmlaklar Cavabdeh mülkiyyətinə keçdikdən sonra onun tərəfindən digər ailə üzvləri tərəfindən öz əmlaklarının dövlət qeydiyyatından keçirilməsində müxtəlif yollarla maneələr yaradılır. Hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 19 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanda yerləşən, ona məxsus ümümi sahəsi 30 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır.

5. 30 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1i, indiki adı Çaykənarı kəndində yerləşən ümümi sahəsi 0,69ha torpaq sahəsinin 0,25875ha hissəsini Cavabdeh bağışlamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(067)-1053/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsız hesab edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin də Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından iddia təmin oluna bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339, 354.1, 354.2, 421.1, 422.2, 421.3, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 422.3, 422.4, 425.1, 427.1, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8, 157.9, 152.1, 152.5, 337.2 və 354-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri:

9. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(067)-1053/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 30 kv.m olan fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,09 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinin (iddia ərizəsində səhvən 0,30 ha hissəsi göstərilmişdir) onun tərəfindən bağışlanmasından sonra cavabdeh tərəfindən 30 kv.m olan fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,09 ha olan torpaq sahəsinin hədiyyə olaraq qəbul edilməsi, 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinin qəbul edilməməsi və bunun nəticəsində həmin əmlakın onun mülkiyyətində qalan hissəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmaması olmuşdur. Məhkəmə iddia tələbinin təmin olunmamasını tərəfin (iddiaçının) izahatı və işdə olan sübutların araşdırılması zamanı Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 30 kv.m olan fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,09 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən 0,69 ha torpaq sahəsinin 0,30 ha hissəsinin tərəfindən Cavabdeh bağışlanmasının müəyyən edilməsilə əsaslandırmışdır. Halbuki, bağışlama müqaviləsilə 0,69 ha torpaq sahəsinin 0,30 ha hissəsi deyil, 0,25875ha hissəsi bağışlanmşıdır. Eyni zamanda məhkəmə, iddia tələbinin təmin olunmamasını məhkəmə araşdırması zamanı bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallar, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanması halları, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verilməsi hallarının müəyyən edilməməsi, hədiyyə edilmiş əşyaların hədiyyə alan tərəfindən qəbul edilməsi, bağışlama müqaviləsinin notarial qaydada təsdiqlənməsi, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verənlə hədiyyə alan arasında öhdəlik və şərt olmaması, sonradan həmin müqavilə əsasında evin hədiyyə alanın mülkiyyətinə keçməsinin müəyyən edilməsilə əsaslandırmışdır. Lakin, məhkəmə bağışlama müqaviləsinin predmeti olan, Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 30 kv.m fərdi yaşayış evinin hədiyyə alanın mülkiyyətinə keçdiyinin müəyyən edildiyini qətnamədə göstərsə də, digər daşınmaz əmlakların, o cümlədən məhkəmə mübahisəsinin yaranmasına səbəb olan 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinin hədiyyə alan tərəfindən mülkiyyətə qəbul edilməsi məsələsini araşdırmamış, bağışlama müqaviləsinin həmin əmlaka münasibətdə bağlanmış sayılması məsələsinə münasibət bildirməmişdir. Eyni zamanda məhkəmə həmin əmlakın hədiyyə alan tərəfindən qəbul edilməməsinin hədiyyə verən tərəf üçün hansı hüquqi nəticələr yaratdığını araşdırmamış və bağışlama müqaviləsinə əsasən iddaçı tərəfindən cavabdehə 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinin bağışlandığı halda, iddia ərzizəsindəki qeyri-dəqiqliyinə diqqət yetirməyərək cavabdehə 0,69 ha torpaq sahəsinin 0,30 ha hissəsinin bağışlandığını göstərmişdir. Halbuki, həmin halların araşdırılması işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hədiyyə alan Cavabdeh hədiyyə edilmiş Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 30 kv.m fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,09 ha olan torpaq sahəsini mülkiyyətə qəbul etsə də, 0,69ha torpaq sahəsinin 0,25875ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın bölgü planının aparılmasında iştirak etməkdən və bölgü planına imza atmaqdan imtina etmiş, bununla hüquqi və faktiki baxımdan həmin əşyanın bağışlanan hissəsini qəbul etməmiş, həm də nəticə etibarilə onun həmin əmlakın mülkiyyətində qalan hissəsinə hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh bağışlama müqaviləsinin bağlanmasına razılıq verərkən müqavilənin predmeti olan 0,69 ha torpaq sahəsinə münasibətdə onu aldatmış, ona bağışlanmış Alekseyevka kəndində yerləşən 30 kv.m olan fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,09ha olan torpaq sahəsini mülkiyyətə qəbul edərək satmış və onun bölünmüş əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaratmaq üçün məlum olmayan ünvana köçmüşdür. Müqavilə bağlayarkən cavabdehin onu aldatmaq niyyətində olmasına səbəb 2020-ci ildən başlayaraq aralarında əmlak mübahisələri ilə bağlı məhkəmə çəkişmələrinin davam etməsi, cavabdehin bundan narazı qalması olmuşdur. Məhkəmə qətnamədə bağışlama müqaviləsinin predmeti olan 30 kv.m fərdi yaşayış evinin hədiyyə alanın mülkiyyətinə keçməsinin müəyyən edildiyini göstərsə də, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün digər daşınmaz əmlakların, o cümlədən məhkəmə mübahisəsinin yaranmasına səbəb olan 0,69 ha torpaq sahəsin 0,25875 hahissəsinin hüquqi (həm də faktiki) baxımdan hədiyyə alan tərəfindən qəbul edilib-edilməməsini, mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınıb-alınmamasını araşdırmamış, bağışlama müqaviləsinin MM-in 178.1 və 666.1-ci maddələrinin tələbi daxilində bağlanmış sayılıb-sayılmamalı olmasını aydınlaşdırmamışdır. Beləliklə, Cavabdeh ona bağışlanmış 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmədiyindən və əmlak hüquqları dövlət reyestrində qeydə alınmadığından həmin əmlaka mülkiyyət hüquqları əldə edənə (indiki halda Günəş Şəxbabayevaya) keçməmişdir və Mülki Məcəllənin 666.1-cıi maddəsinin tələbi baxımından bağışlama nüqaviləsi həmin əmlaka münasibətdə bağlanmış sayıla bilməz. Cavabdeh bağışlama müqaviləsinin predmeti olan 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsini bağışlama müqaviləsi üzrə qəbul etməməklə, müqavilə bağlanarkən məqsədinin həmin əmlakı hədiyyə almaq deyil, hədiyyə verən olaraq onu aldatmaq, həmin əmlaka mülkiyyət hüquqlarımın gələcəkdə həyata keçirilməsinə maneə yaratmaq olmuşdur. Ona görə də bağışlama müqaviləsi həmin əşyaya münasibətdə etibarsız sayılmalıdır.Məhkəmə işə baxarkən onun 87 yaşının olduğunu, eşitmə funksiyasında ciddi qüsur olmaqla kar və savadsız olduğunu, sualları eşidib cavablandırmaq iqtidarında olmadığını, həmçinin hüquqlarının nümayədə vasitəsilə olmadan şəxsən müdafiə etdiyini nəzərə almamış, MPM-nin yuxarıda sadalanan məddələri ilə verilən imkanlar daxilində prosessual hüquqlarının həyata keşirilməsinə köməklik göstərməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamışdır. Məhkəmə işin düzgün həlli üçün mühüm əhəmiyyəti olan cavabdehə bağışlanmış 0,69 ha torpaq sahəsinin 0,25875 ha hissəsinin hədiyyə alan tərəfindən qəbul edilməsi məsələsini aydınlaşdırmamaqla qətnamənin əsaslı olımasına dair MPM-in 217.1-ci maddəsinin tələbini pozmuş, həmçinin 217.3-cü maddəsinin tələbinə uyğun olaraq qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Belə qətnamə həmin Məcəllənin 385.1.2-ci maddəsinin tələbinə əsasən apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin maddənin tələbinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi məhkəmənin iş üzrə nəticəsi faktlara əsaslanmır. Bununla da məhkəmə ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi barədə MPM-nin 9-cu maddəsinin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları:

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdil və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

d) Apellyasiya baxışının hədləri:

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023cü il tarixli, 2(067)-1053/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmədiyindən, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd olunmalıdır.

18. İddiaçı Cavabdeh qarşı yönəlmiş tələbindən göründüyü kimi iddiaçı tərəflər arasında bağlanmış bağışlama müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini cavabdeh tərəfindən əmlaklarının dövlət qeydiyyatına keçirilməsinə maneə yaratması ilə əsaslandırmışdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdırdır.

20. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqavilələrinə əsasən ünvan 1ində yerləşən, ona məxsus ümümi sahəsi 30 kv.m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.09ha torpaq sahəsini, həmin ünvanda yerləşən 0.69ha torpaq sahəsinin 0,25875ha hissəsini Cavabdeh bağışlamışdır. İddiaçı cavabdehin digər ailə üzvlərinə öz əmlaklarının dövlət qeydiyyatından keçirilməsinə müxtəlif yollarla maneələr yaratdığını iddia edərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir.

22. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir.

23. İşə baxan məhkəmə qətnamədə hazırkı mübahisənin hüquqi tənzimlənməsi kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.1-157.9-cu və 421-422, 427-ci maddələrinə istinad etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini qəbul etmir və qeyd edir ki, qətnamədə istinad olunan bu hüquq normaları mülkiyyət hüququ, mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla hazırkı mübahisə əqdin etibarsız hesab edilməsindən ibarətdir, hər hansı formada mülkiyyətə qəsddən söhbət getmir. Yaxud yenə qətnamədə istinad olunan 421-422, 427-ci maddələrində isə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, öhdəliklərin icrası hallarından bəhs edilir ki, bu müddəaların da hazırkı mübahisəyə tətbiq edilməsi yolverilməzdir.

24. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

25. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Araşdırılan iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlıdır.

27. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13 və 14-cü fəslində nəzərdə tutulan «Əqdlər haqqında ümumi müddəalar» və «Əqdlərin etibarsızlığı», 32-ci fəslində nəzərdə tutulan «Bağışlama» müqaviləsinin müddəları nəzərdən keçirilə bilər.

28. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

29. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir.

30. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Qeyd edildiyi kimi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, əqdlərin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutlumş əsaslar olmalıdır.

32. Mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.

33. Kollegyia hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi üçün sadalanan ünsürlərin mövcudluğu müəyyən edilmədi. Tərəflər iradə ifadələrinə uyğun olaraq qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirilən əqdləri bağlamışlar. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.

34. Kollegiyanın qənaətincə iddiaçının əqdin etibarsızlığı ilə bağlı irəli sürdüyü dəlillər (hüquqların dövlət qeydiyyatına alınmasına maneə yaratması) formal mülahizə olmaqla həmin dəlillər əqdin etirabarsız hesab edilməsinin qanuni əsası olaraq qəbul edilə bilməz.

35. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanraq hesab edir ki, iddiaçı tələbini məhkəmədə sübuta yetirə bilmədi.

36. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

37. Bununla yanaşı kollegiya həmçinin qeyd edir ki, araşdırılan mübahisə üzrə iddia müddəti ötürülmüşdür.

38. Göründüyü kimi mübahisələndirilən müqavilələr -xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə bağlanılmışdır.

39. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan iddia ərizəsi ilə 13 fevral 2023-cü il tarixdə poçt orqanına təqdim etməklə məhkəməyə müraciət etmişdir.

40. Mülki Məcəllənin 354.1-ci maddənin tələbinə görə Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

41. Kollegiya qanunvericiliyə istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb əsaslı olduğu halda belə iddia müddəti ötürüldüyündən təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

44. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq bağışlanmış əmlakın bir hissəsinin cavabdeh tərəfindən satılmasını və digər əmlakın cavabdeh tərəfindən hədiyyə olaraq qəbul edilməməsini, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasını, o cümlədən cavabdeh tərəfindən iddiaçıya öz əmlakı üzərində ölçmə işlərinin aparılıb, hüquqlarının dövlət qeydiyyatına alınmasına maneələr yaradıldığını göstərmişdir.

45. Kollegiya şikayətin sadalanan bu dəlillərini əsassız hesab edir.

46. Belə ki, kollegiyanın qənaətincə qeyd olunan dəlillər müqavilənin etibarsız hesab edilməsinə əsas vermir.

47. Birinci - cavabdeh mülkiyyətçi olaraq mülkiyyətində olan əmlakı barəsində qanunla müəyyən edilmiş hədlərdə istədiyi kimi sahiblik, istifadə və sərəncam hüququna malikdir.

48. İkinci – bağışlanmış əmlaklardan biri üzərində hüquqların dövlət qeydiyyatına alınmaması həmin əmlaka münasibətdə hədiyyənin qəbul edilməməsi kimi qiymətləndirməyə əsas vermir. Mülki qanunvericiliyə görə Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

49. Üçüncü – iddiaçıya məxsus hissədə torpaq sahəsinin ölçmə və bölgü işlərinin aparılmaması və hüquqların dövlət qeydiyyatına alınmaması yenə də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların yaranması kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı əsaslandığı maneələrin aradan qaldırılması ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir və bu yolla məsələnin qanuni həllinə nail ola bilər.

50. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

51. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(067)-1053/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.1.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(067)-1053/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsn. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar