Məhkəmə qərarları › İş №2(105)-1745/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1745/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1745/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 avqust 2024cü il tarixli, 2(074)-791/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli HDM № 038962 saylı akta əsasən, itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 2014 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, ildə bir-iki dəfə Şamaxı şəhərində olan fərdi yaşayış evinə gəlir. Ona məlumat verilmişdir ki, Azərişıq ASC tərəfindən ona 2014 manat borc yazılmışdır. Belə ki, əsas kimi sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi göstərilmişdir. O, Azərbaycanda daimi yaşamadığı üçün, məntiqə uyğun deyil. Aktı da, cavabdehin əməkdaşları özləri tərtib edib, imzalayıblar.

3. Cavabdeh "xxxx" ASC tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhəri, Q.Nəbi küçəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********04360 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları A.Hüseynov və M.Əliyev tərəfindən Şamaxı şəhəri, Q.Nəbi küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Belə ki, sayğacın dövrəyə qoşulma ardıcıllığı pozularaq kanar mənbədən “0” xətti verməklə sayğacı dövrədən kənarlaşdırıimaqla "0" yuvasına faza xətti “faz” yuvasına isə “0” xətti verilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8 .17-1 bəndinin tələbinə uyğun olaraq qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü ii tarixli, NDM038962 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NDM038962 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 14726 kvt.s (dəyən 1914.38 manat) toplamda 2014.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsürun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı aşkar olunmuş qüsura əsasən razılaşaraq itirilmiş enerjinin bərpası məqsədilə 100.00 manatını ödəmişdir. İddiaçının xx.xx.2024-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 1902.58 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, İddiaçı tərtib edilmiş qusur aktı ilə razılaşmışdır. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə, elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7-19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Yuxanda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhəri, Q.Nəbi küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NDM038962 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir.

5. 27 fevral 2023-cü il tarixli NDM 038962 nömrəli aktdan görünür ki, “Elektrik enerjisindən istifadə Qaydalarf’na əsasən abonent Mehman Xanəliyevə məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Belə ki, sayğacın dövrəyə qoşulma ardıcıllığı pozularaq kanar mənbədən “0” xətti verməklə sayğacı dövrədən kənarlaşdırılmaqla "0" yuvasına faza xətti '“faza” uuvasına isə “0” xətti verilmişdir.

6. xx.xx.2024-cü il tarixli, NDM038962 saylı akta əsasən “Azərişıq" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat). 0 09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 14726 kvt.s (dəyən 1914.38 manat) toplamda 2014.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Şamaxı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(074)-791/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli HDM № 038962 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 2014 manat məbləğin İddiaçı abunə hesabından silinməsi, cavabdeh "xxxx" ASC-dən 40,14 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13, 8.2, 8.4 və 9.13.2-ci bəndləri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3, 26-cı maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 77, 119, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(074)-791/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyrimötəbər sübutlara əsaslanaraq qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamədə sübut kimi istinad edilən mənbələrdən biri aktdır. İzahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri Q.Nəbi küçəsində X2 yaşadığı fərdi yaşayış evində elektrik sayğacının dövriyyədən kənarlaşdırıldığı müəyyən edilmişdir. Yuxarda qeyd olunanlar əsasında NDM038962 saylı akt tərtib olunmuşdur. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində kənar xəttən istifadə edilməsinə dair heç bir sübut yoxdur. Qeyd etməyi zəruri hesab edir ki, tərəfindən bununla bağlı məhkəməyə akt, əlavə sənədlər və videoçəkiliş diski təqdim edilmişdir. Həmin videoçəkiliş diskində iddiaçının kənar xətdən istifadə edərək elektrik enerjisini taladığı açıq aşkar görünür.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

17. “Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 19. Elektrik enerjisinin istehlakı 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Apellyasiya instansiyası məhkəməsi tərəfləri dinləyib, iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında X5 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********04360 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X3 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxeminə müdaxilə, elektrik sayğacının dövriyyədən kənarlaşdırıldığı aşkar edilmişdir. 27 fevral 2023-cü il tarixli, NDM 038962 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat). 0 09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 14726 kvt.s (dəyən 1914.38 manat) toplamda 2014.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.

21. Göründüyü kimi iddiaçı tərəfindən hesabanmış 2014 manat borc məbləği mübahisələndirilmişdir.

22. Birinci intansiya məhkəməsi iddia tələbi həddində işə baxaraq hesab etmişdir ki, iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, hesablanmış borc iddiaçının abunə hesabından silinməlidir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, cavabdeh "xxxx" ASC iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs olan istehlakçıların sayğaclarının işlək vəziyyətdə saxlanılmasına enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

28. Kollegiya həmçinin vurğulayır ki, apellyator şikayətin dəlili olaraq iddiaçının təqsirinin videoçəkiliş vasitəsi ilə qeydə alınmış disk materilları ilə təsdiq olunduğuna istinad etsə də, araşdırma zamanı tədqiq edilmiş həmin videosk materialları ilə abonent tərəfindən sayğaca müdaxilə - plomb qoparılması, şüşənin sındırıldığı, zədələnmə və s. kimi hallar, eləcə də kənar qoşulma halları müəyyən edilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təsiri sübuta yetirilməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(074)-791/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(074)-791/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar