Məhkəmə qərarları › İş №2(105)-1745/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1745/2025

03.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1745/2025 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı miras payların bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı miras payların bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-805/2025 nömrəli, 24 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı miras payların bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Notariat Ofisinin A9009176 il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri, Ü. Bünyatzadə küçəsi yerləşən, cavabdehin adına alınmış torpaq sahəsini vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Xaçmaz şəhərinin Ü.Bünyatzadə küçəsi ərazisində yerləşən cavabdehin adına qeydə alınmış ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən torpaq sahəsinin vərəsələr arasında bölüşdürlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçının oğlu X8 ilə Cavabdeh birgə nikahda olmuş və onların həmin nikahlarından övladları yoxdur. İddiaçının oğlu X8 xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində rəhmətə getmişdir. İddiaçının oğlu X8 Cavabdeh ilə birgə nikahda olduğu zaman adına Xaçmaz rayon Notariat Ofisinin A9009176 il tarixli, “daşınmaz əmlakın alqı-satqı müqaviləsi"- nə əsasən xx.xx.2021-cü il tarixdə Xaçmaz şəhərinin Ü. Bünyatzadə küçəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini X2 almışdır. İddiaçı oğlunun birinci dərəcəli vərəsələrindən biri olaraq hesab edir ki, oğlundan miras qalmış həmin əmlak qanunvericiliyə uyğun bölüşdürülməlidir.

4. Şabran Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 miras qalmış və sonuncunun Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsi üzərində (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) İddiaçı payı 1/4 hissədə, Cavabdeh payının isə 3/4 hissədə müəyyən edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Şabran Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul olunmuş qətnamə ilə razı deyil. Qətnamə bir sıra maddi və hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalı olduğu halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) qeydiyyat nömrəli çıxarışda olan 0,149 ha torpaq sahəsinin əvəzinə 0,02 ha qeyd edilməsi əmlakın sahəsini düzgün bölüşdürülməməsinə səbəb olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) qeydiyyat nömrəli çıxarışda olan 0,149 ha torpaq sahəsinin əvəzinə 0,02 ha qeyd edilməsi qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Onun adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) qeydiyyat nömrəli çıxarışdan görünür ki, onun Xaçmaz şəhərində yaşayış məntəqələrinin torpaq kateqoriyasına aid 0.02 ha torpaq sahəsi yoxdur, qeyd etdiyi çıxarışa əsasən onun adına 0,0149 ha torpaq sahəsi vardır. Məhkəmə qətnaməsi ilə Xaçmaz şəhəri, Ülvü Bünyatzadə küçəsi ərazisində yerləşən 0,02 hektar torpaq sahəsi üzərində (daşınmaz əmlakın reyestr nömrəsi: **********53) İddiaçı payı 1/4 hissədə, Cavabdeh payı isə 3/4 hissədə müəyyən edilməsi hesab edir ki, qanunsuzdur və ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 29. Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

13. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür

14. Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır.

21. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. X5 xx.xx.1989-cu il tarixdə Xaçmaz şəhərində anadan olması, atası X4, anası isə İddiaçı olması, Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanması, X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 822 saylı məktubuna əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri sırasına daxil işin mübahisəsiz halıdır.

24. Baxılan iş üzrə iddia miras payların bölüşdürülməsi barədədir və iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1274, 1275, 1291-ci maddələri nəzərdən keçirilə bilər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

26. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar.

27. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (Mülki Məcəllənin 1274-cü maddəsi).

28. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Əfqan Yarəliyevlə 2016-cı ildən nikahda olan Cavabdeh mübahisəli əmlakı xx.xx.2024-cü ildə əqd əsasında əldə etdiyindən, İddiaçı oğlu Ə.Yarəliyevdən miras qalmış həmin əmlakdan ¼ hissədə payının müəyyən edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Torpaq sahəsinin 0,149 ha olduğu halda 0,02 ha göstərilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, istər alqısatqı müqaviləsində, istərsə də xx.xx.2021-ci il tarixli çıxarışda mübahisəli torpaq sahəsinin 0,02 ha olması aşkardır, eləcə də DƏDRX-nin xx.xx.2025-ci il tarixli məktubunda da bu məsələyə aydınlıq gətirilərək müqavilə əsasında 0,02 ha toraq sahəsinə Cavabdeh adına çıxarışın verildiyi qeyd olunmuşdur. Odur ki, məhkəmə kollegiyası şikayətin bu dəlilini əsaslı hesab etmir.

35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar