Məhkəmə qərarları › İş №2(105)-1748/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1748/2021

25.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1748/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi İbrəhimov Cavid Ağabala oğlunun, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı qanunsuz tikilinin sökülməsi, torpağın istifadəsinə qaytarılmasına dair tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-58/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-58/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı **********09 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsilə məxsus olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,417 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən zəbt olunmuş 8 kv.m hissəsindən cavabdeh X6 çıxarılması, həmin hissədə inşa edilmiş təndir damı və damın cavabdehin hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh X5 238,70 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.Z.Hümbətov). Qətnamədən cavabdeh X10 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-58/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh X8 qarşı qnunsuz tikilinin sökülməsi, torpağın istifadəsinə qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********09 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsilə ona məxsus 0,4363 ha torpaq sahəsinin daxilində yerləşən cavabdeh tərəfindən tikilmiş təndir damının və cavabdeh tərəfindən tikilmiş damın üst örtüyünün ona aid torpaq sahəsinin hüdudları daxilində olan hissəsinin götürülərək ərazinin əvvəlki vəziyyətinin bərpa olunması, torpağdan qanunsuz istifadəyə son qoyulması və torpağın faktiki istifadəyə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə ilə razı deyil, onu tamamilə qanunsuz hesab edir. Məhkəmə bir mülkiyyətçi kimi onun hüquqlarına təminat verməmişdir. Qeyd edilən tikililər 1997-ci ildən inşa edilmiş və artıq 25 ildir ki, onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahəsinə dair kadastr planı alan zaman həmin təndir damı və damın yerləşdiyi sahə onun torpaq sahəsi kimi göstərilmiş, ona məxsus torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Şamaxı rayon Aqrar islahat Komissiyasının 2006-cı il tarixli qərarı ilə ona 710 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin kadastr sənədi əsasında bu torpaq sahəsi verildikdən sonra qarşı tərəf torpağa çıxarış almış və onun xəbəri olmadan həmin çıxarışda ona məxsus ərazinin bir hissəsi daxil edilmişdir. Bu barədə məhkəmə qətnaməsini alan zaman bilmiş və çıxarışın ləğvinə dair qarşılıqlı iddia ərizəsi verə bilməmişdir. Bundan başqa məhkəmə tərəfindən dəvət edilmiş ekspert işin hallarını tam araşdırmamış, yalnız mütəxəssis rəyinə əsasən rəy vermişdir. Ekspert tərəfindən torpaq sahəsinin ilkin sənədləri araşdırılaraq rəy verilməli idi. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, Şamaxı rayonu, Sabir qəsəbəsində 10.17 ha həyətyanı torpaq sahəsi iki hissədən ibarətdir. Hər iki torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində **********458 reyestr nömrəsi və **********51 reyestr nömrəsilə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin birini 12 mart 2005-ci ildə, ikincisini isə 24 aprel 2013-cü ildə alınmışdır. Uzun müddət Rusiyada yaşamışdır. Qayıtdıqdan sonra görmüşdür ki, cavabdeh onun olmamasından istifadə edərək çardağının arxa sol tərəfində həyətinin qabaq sağ tərəfində olan hasarın qurtaracağında ona aid torpaq sahəsində təndirxana tikmişdir. Bundan əlavə çardağı arxa divarında sağ tərəfə doğru çəkilmiş hasarın üstünə beton dirəklər düzmüşdür ki, həmin dirəklər onun həyətinə doğru 60 sm ərazini tutmuşdur. Bu da onun öz həyətində torpağından səmərəli istifadə etməyə imkan vermir. Təndirxananın da hasarının qurtaracaq hissəsində tikilməsi hasarını axıra qədər hörüb çatdırmağa imkan vermir. Bu isə iddiaçının öz torpağı üzərinə sərbəst olaraq öz hüquqlarını həyata keçirməsinə imkan vermir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilmiş və ekspert rəyi ilə də iddiası qismən əsaslı olması sübut edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-58/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********51 olan çıxarışının surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,0417 ha torpaq sahəsi olan daşınmaz əmlak İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********58 olan çıxarışının surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan daşınmaz əmlak İddiaçı məxsusdur. İş materiallarında olan A № 191264 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli 09 saylı qərarı ilə X8 710 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/2353 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 24 noyabr 2020-ci il tarixli, **********22 saylı mütəxəssis rəyinə əsasən iddiaçı X1 adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışa əsasən, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tam olaraq istifadəsində olduğu, reyestr nömrəsi **********51 olan çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,0417 ha torpaq sahəsinin 8,0 kv.m hissəsinin naturada cavabdeh X10 tərəfindən istifadə edildiyi və həmin sahənin üzərində tikinti mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, reyestr nömrəsi **********51 olan çıxarışla iddiaçı X1 Şamaxı rayonu, Sabir qəsəbəsində mülkiyyətinə verilmiş 0.0417 ha torpaq sahəsinin cavabdeh X10 tərəfindən naturada istifadə edilən 8 kv.m. hissəsində tikinti quraşdırma işləri aparılaraq təndir damı və dam inşa edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı tələbini cavabdehin ona aid torpaq sahəsində təndirxana tikməsi, hasarın üstünə onun həyətinə doğru 60 sm ərazini tutan beton dirəklər düzməsi ilə əsaslandırmışdır. Cavabdeh isə həmin ərazini 33 il əvvəl alması, tikili və hasarı 1998-ci ildə tikməsi əsası ilə iddiaya etiraz etsə də etirazının əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş matertialları ilə, o cümlədən ekspert rəyi ilə cavabdehin naturada istifadə etdiyi, eləcə də təndir damı və dam inşa etdiyi 8 kv.m torpaq sahəsinin iddiaçının mülkiyətində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq cavabdehin naturada istifadə etdiyi, eləcə də təndir damı və dam inşa etdiyi 8 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğuna dair həmin rəylərlə razılaşaraq cavabdehin iddiaçının mülkiyətində olan torpaq sahəsinin 8 kv.m hissəsindən naturada istifadə etdiyini, eləcə də təndir damı və dam tikintisini iddiaçının torpaq sahəsinin 8 kv.m hissəsində apardığını işin hallarına uyğun saymış, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanuni əsasla istifadə etməsi halının təsdiq edilmədiyini nəzərə alaraq torpaq sahəsinin onun tərəfindən zəbt edildiyi nəticəsinə gəlmişdir. Bununla yanaşı iddiaçı cavabdehin hasarın üstünə onun həyətinə doğru 60 sm ərazini tutan beton dirəklər düzməsinə dair hər hansı sübutu təqdim etməmişdir. İş üzrə olan sübutlarla həmin halın mövcudluğu və bunun iddiaçının maraqlarına toxunması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd etmişdir ki, yalnız torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər. Cavabdehin isə belə bir hüququ olmadığından, onun iddiaçının mülkiyyətində olan torpaq sahəsində apardığı tikinti istənilən halda özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının özünə məxsus torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin 8 kv.m hissəsində aparılmış tikinti özbaşına tikinti sayıldığından və yerləşdiyi torpaq sahəsindən təyinatı üzrə istifadədə iddiaçı üçün maneə yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 8 kv.m hissəsindən çıxarılmalı, həmin hissədə inşa edilmiş təndir damı və dam cavabdehin hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa cavabdehin hasarın üstünə onun həyətinə doğru 60 sm ərazini tutan beton dirəklər düzməsi və bunun iddiaçının maraqlarına toxunması halı təsdiq edilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməməsini, istfiadəsində olan torpaq sahəsinin özünə məxsus olmasını bildirsə də, bu dəlillər iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunur. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-58/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X6 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar