Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1759/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e-2(060)-2597/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e-2(060)-2597/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcu, S3K5669370 saylı müqavilə üzrə 138 (bir yüz otuz səkkiz) manat əsas borc, 41 (qırx bir) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 804 (səkkiz yüz dörd) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Elmur Hüseynov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e-2(060)-2597/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ondan S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun tutulması hissəsində iddia tələbinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4577991 saylı müqavilə üzrə 458(dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcu, S3K5669370 saylı müqavilə üzrə 138 (bir yüz otuz səkkiz) manat əsas borc, 41 (qırx bir) manat faiz borcu və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 804 (səkkiz yüz dörd) manat tutulması və müqavilənin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə qismən razııdır. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmədə verdiyi izahatında da qeyd etmişdir ki, televizorun pulunu ödəməyə razıdır, iddianın telefon ilə bağlı hissəsini isə qəbul etmir . Belə ki, Bakı şəhərində yerləşən Soliton mağazasının sahibi İddiaçı ilə onun arasında xx.xx.2019-cu il tarixli S3K4577991 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 550 manat olan 1 ədəd Samsung Galaxy J6 markalı telefon almışdır. Həmin telefonun dəyərinin müəyyən qismini ödəmişdir. Sonradan telefonda nasazlıq yarandığına görə tərəfindən telefon iddiaçıya təhvil verilmişdir . Belə olan halda onda olmayan telefona görə iddiaçının həmin telefonun ödənilməmiş məbləğini tələb etməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur . İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olması, subyektiv hüququn pozulması, cavabdehin bu pozuntunu etməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər : öz hərəkətlərinə hüquqi ixtiya , başqa ( borclu ) şəxslərdən tələb etmək hüququ , müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə iddiaçının qeyd edilmiş hüquqi mövqeyə görə hazırki tələblə iddia qaldırmaqda , tələb etməkdə subyektiv hüququ yoxdur. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(060)-2597/2022 saylı qətnaməsi qismən ləğv edilməli, Cavabdeh S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun tutulması hissəsində iddia tələbinin təmin olunmaması ,qalan hissədə Sumqayıt şəhər məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması ilə bağlı yeni qətnamə qət edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ondan S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun tutulması hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e- 2(060)-2597/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2019-cu il və 07 aprel 2019-cu il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən 1 ədəd "Samsung Galaxy J6" markalı telefon və 1 ədəd "LG” markalı televizor almışdır. İş materiallarında olan ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 02 fevral 2019-cu il və 07 aprel 2019-cu il tarixlərində "Alqı-satqı" müqavilələri bağlanmış, cavabdeh 02 fevral 2019-cu il tarixli, S3K4577991 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 550(beş yüz əlli) manat olan 1 ədəd "Samsung Galaxy J6" markalı telefon almış, ilkin ödəniş etməmiş, nəticədə 55O(beş yüz əlli) manat borc yaranmış, 07 aprel 2019-cu il tarixli, S3K5669370 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 672 (altı yüz yetmiş iki) manat olan 1 ədəd "LG” markalı televizor almış, ilkin ödəniş etməmiş, nəticədə 672 (altı yüz yetmiş iki) manat borc yaranmış,cavabdeh tərəfindən 02 fevral 2019-cu il tarixli, S3K4577991 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019 -cu il tarixdə 46 (qırx altı) manat və 07 aprel 2019-cu il tarixli, S3K5669370 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 48(qırx səkkiz) manat ödəniş edilmiş, cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və S3K4577991 saylı müqavilə üzrə alqı- satqı qiyməti 550(beş yüz əlli) manat olan 1 ədəd “Samsung Galaxy J6" markalı telefon markalı telefon üçün ümumilikdə 458(dördyüz əlli səkkiz) manat ödənilməmiş hissə, 137 (bir yüz otuz yeddi) manat faiz borcu və S3K5669370 saylı müqavilə üzrə alqı-satqı qiyməti 715(yeddi yüz on beş) manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 138(bir yüz. otuz səkkiz) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmasını, müqavilələrə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 386.1, 385.1, 442, 448.1, 567, 601.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdeh S3K4577991 saylı müqavilə üzrə 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə əsaslı olmuşdur. Belə ki, tərəflər arasında müqavilə imzalanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, aldığı telefonun qarşılığında tələb olunan məbləği ödəməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin müqavilə üzrə cavabdehin 458 (dörd yüz əlli səkkiz) manat əsas borc, 137 (bir yüz otuz yeddi) manat faiz borcunun olması iş materialları ilə təsdiqini tapmışdır. Həmçinin cavabdeh izahatında və apellyasiya şikayətində telefonun nasaz olduğundan onu geri qaytardığını, telefonu təmir servisinə verməsini, lakin ordan götürməməsini bildirmişdir. Lakin telefonun servisə təqdim edilməsinə dair hər hansı sübutu təqdim etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman telefonun servisə təqdim edilməsinə dair hər hansı sənədin olub-olmaması cavabdehdən soruşulmuş, cavabdeh məsələni aydınlaşdırması üçün müraciət edəcəyini bildirmişdir, lakin nə birinci instansiya məhkəməsində qeyd edilən sənədi təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin şikayətdə qeyd etdiyi iddiaçının həmin müqavilə üzrə ondan pul tələb etməsi üçün subyektiv hüququnun olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh hazırki iddiaçının televizorun alınmasına dair müqavilə üzrə ondan pul tələb etməsinə etiraz etmədiyi halda, mübahisələndirdiyi müqavilə üzrə pul tələb etməsinə subyektiv hüququnun olmaması barədə dəlili əsaslı sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, telefon nasaz olduğundan geri qaytarıldığı halda tərəflər arasında bağlanmış müqavilə cavabdeh tərəfində mübahisələndirilmədiyindən iddiaçı həmin müqavilə üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e-2(060)- 2597/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, e-2(060)-2597/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1759/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1759/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver