Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1763/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-581/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-335 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin İddiaçı üçün uzadılması və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsi üzərində İddiaçı payının 7/8, Cavabdeh payının isə 1/8 hissədə müəyyən edilməsi qət edilmişdir.
2. Cavabdeh vəkili və nümayəndəsi Prospekt Vəkil Bürosunun vəkili Vəkil2 Mübariz oğlu xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
3. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Prospekt Vəkil Bürosunun vəkili Vəkil2 Mübariz oğlunun Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Ayaz Məmmədov).
4. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin veriməsi müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadını Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qətnaməsinin “PDF” versiyasının Cavabdeh istifadəsində olan +7 982 *** ** ** nömrəli mobil nömrəsinə “WhatsApp” vasitəsi ilə göndərilməsi və həmin qətnamənin Cavabdeh tərəfindən alınması, habelə İddiaçı məhkəməyə təqdim etdiyi Cavabdeh səs yazısı ilə əsaslandırmağa çalışmışdır. Halbuki məhkəmə sənədləri o halda rəsmi qayda təqdim edilmiş sayılır ki, həmin sənədlər yaradılmış elektron kabinetdə yerləşdirilsin, ya da ki, sifarişli poçt göndərişi ilə məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilsin. Mülki Prosessual qanunvericiliyin heç bir normasında məhkəmə sənədlərinin "WhatsApp" vasitəsi ilə göndərilməsi rəsmi qaydada təqdim etmə kimi nəzərdə tutulmamışdır. b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı iddiaçı tərəfin yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunur ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehə poçt vasitəsilə, qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş, lakin həmin ünvanda sənədi qəbul etməyərək, cavabdehin yaşamadığı səbəbilə geri qaytarılmışdır. Buna görə də, dəftərxanadan iddiaçı tərəfin təqdim etdiyi, cavabdehə məxsus “WhatsApp” nömrəsi ilə əlaqə saxlanılaraq qətnamə ona PDF formatda təqdim olunmuşdur. Digər tərəfdən, Cavabdeh proses iştirakçılarının hər biri ilə ünsiyyətdə olmuş, məhkəmə təhqiqatı barədə mütəmadi məlumatlandırılmışdır. Göründüyü kimi mülki iş üzrə Cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüş, tamamilə əsassız olaraq şikayət vermiş və qanuni və əsaslı məhkəmə qətnaməsinin icrasına maneçilik törətmək məqsədilə formal şikayət vermişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
9. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
10. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
12. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.
13. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Göründüyü kimi məhkəmə aktlarının işdə olan şəxslərə rəsmi qaydada verilməsi imperativ xarakter daşıyır. Həmin məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsindən sonra tərəfin narazı qaldığı halda məhkəmə aktını mübahisələndirmək hüququ vardır.
15. İş üzrə cavabdehin prosessual müddətin bərpası barədə vəsatətini təmin etməyən birinci instansiya məhkəməsi bu barədə mövqeyini onunla əsaslandırıb ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi məhkəmə tərəfindən birneçə dəfə Cavabdeh qeydiyyatda olduğu və hazırki iş üzrə qəbul edilmiş qətnamədən cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətdə Cavabdeh yaşadığı ünvan kimi qeyd edilmiş ünvan 4a göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli telefonoqram tərtib olunaraq qətnamənin “PDF” versiyasının Cavabdeh istifadəsində olan +7 982 *** ** ** nömrəli mobil nömrəsinə “WhatsApp” vasitəsi ilə göndərilməsi və həmin qətnamənin Cavabdeh tərəfindən alınması və İddiaçı məhkəməyə təqdim etdiyi Cavabdeh səs yazılarından da görünür ki, artıq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənlərlə yanaşı hazırki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair vəsatətdə cavabdeh tərəfindən müvafiq müddətin ötürülməsi açıq-aşkar cavabdehin nümayəndəsi tərəfindən qeyd edilsə də, cavabdeh tərəfindən bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş və ərizədə də bununla bağlı, habelə Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, ev 50 ünvanına göndərilmiş qətnamənin hansı səbəblərdən sonuncu tərəfindən alınmadığı əsaslandırılmamışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyini işin hallarına uyğun hesab etmir. Hesab edir ki, hazırkı halda məhkəmə qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosesssual müddət ötürülməmiş, bununlada birinci instansiya məhkəməsi verilmiş vəsatətə fərqli yanaşmışdır.
17. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə tərəflərə göndərilmiş, həmçinin xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə iş üzrə Cavabdeh qeydiyyatda olduğu - ünvan 2 ünvanına göndərilmiş, lakin məhkəmə zərfi “bu ünvanda yaşamır” qeydi ilə ünvançıya təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır.
18. Bundan sonra məhkəmənin işçisi tərəfindən qətnamənin “PDF” versiyasının Cavabdeh istifadəsində olan +7 982 *** ** ** nömrəli mobil nömrəsinə “WhatsApp” vasitəsi ilə göndərilməsi və həmin qətnamənin Cavabdeh tərəfindən alınması barədə hala qiymət verən məhkəmə kollegiyası nəzərə alır ki, “WhatsApp” mesajlaşma və zəng proqramıdır (aplikasiyasıdır), hansı ki, internet (Wi-Fi və mobil data) vasitəsilə əlaqə saxlamağa imkan verir, mətn mesajları göndərmək, səsli-video zənglər etmək, sənədlər paylaşmaq, qruplar yaratmaq və status paylaşmaq kimi əsas funksiyaları tam şifrələmə ilə təmin edir. "WhatsApp" vasitəsilə bir mesajın oxunub-oxunmadığını göstərən işarələr: bir mavi işarə (✓): mesaj göndərildi; iki mavi işarə (✓✓): mesaj alıcının telefonuna çatdı və iki mavi işarə (✓✓) mavi rəngdə: mesaj oxundu (alıcı mesajı görüb). kimi funksiyalardan ibarətdir.
19. İş materiallarının 143-cü səhifəsində olan fotoşəkildən müəyyən edilir ki, qətnamənin “WhatsApp” vasitəsi cavabdehə ünvanlansa da, iki mavi işarə (✓✓) mavi rəngdə: mesaj oxundu statusunda deyil, bir mavi işarə (✓): mesaj göndərildi statusunda qalmışdır. Yəni qeyd edilən “PDF” formatında olan məhkəmə aktı cavabdehin istifadəsində olan əlaqə nömrəsinə çatdırılmamışdır.
20. Bununla yanaşı İddiaçı məhkəməyə təqdim etdiyi Cavabdeh səs yazıları kimi istinad etdiyi səs yazısı sübut qismində qəbul və istinad etdiyi səs yazısı sübut vasitəsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə...” 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe baxımından “başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqlar” barədə məhkəməyə təqdim olunan sübutların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir; bu cür sübutların (məsələn, mübahisə tərəfləri arasında olan telefon danışıqlarının) əldə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
21. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi səs yazısının Cavabdeh aid olması sübuta yetirilmir və bu halın araşdırılması da məhkəmə tərəfindən həyata keçirilməmişdir. İddiaçının telefon danışığını gələcəkdə sübut kimi istifadə edilməsi məqsədilə gizli olaraq yazması (telefonun yaddaşında saxlaması) və həmin səs yazısının hazırkı iş üzrə sübut kimi məhkəməyə təqdim olunması isə Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsiri altına düşür ki, bu normaya (maddəyə) görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Gizli yazılmış telefon danışığına o halda sübut kimi istinad oluna bilər ki, həmin danışıq məhkəmə işində tərəf (iddiaçı və cavabdeh) kimi keçən şəxslər arasında olsun. Hazırkı iş üzrə məhkəmənin istinad etdiyi səs yazısı bilavasitə tərəflər arasındakı telefon danışığı olmadığından sübut kimi qəbul edilə və istifadə oluna bilməz.
22. Məhkəmə kollegiyası sadalanan hallara istinad edərək hesab edir ki, qeyd olunan hallar məhkəmə aktının cavabdeh tərəfindən qəbul edilməsi halını təsdiq etmir.
23. Göründüyü kimi cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsində məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsini tələb etmiş və həmin tarixdə qətnaməni rəsmi qaydada qəbul edərək xx.xx.2025-ci il tarixdə müvafiq qaydada apellyasiya şikayəti ilə müraciət etmişdir.
24. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına zərurət yoxdur.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddət ötürülmədiyindən bərpa edilməsinə də zərurət olmadığından vəsatət təmin olunmamalı, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-581/2025 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməsin. Mülki iş qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.