Məhkəmə qərarları › İş №2(105)-1766/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1766/2021

04.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1766/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı «su təchizatına görə əsassız hesabat verilmiş 5.638,00 manat pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1760/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsi tərəfindən su təchizatına görə əsassız hesablanmış 5.638,00 manat pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin yekun aktı çıxarılana qədər ünvan 1 ünvanında abonent kodu 130876 olan anbar üçün nəzərdə tutulmuş obyektə məxsus elektron su sayğacının bloklaşdırılması, suyun verilməsinin dayandırılması, abonent kartına pul məbləğinin ödənilməsinə maneələrin yaradılması və həmin koda aparılan ödənişlərdən hər hansı məbləğdə tutmanın aparılmasının Cavabdeh ASC, Abşeron Sukanal İdarəsinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(012)-1760/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı «su təchizatına görə əsassız hesabat verilmiş 5.638,00 manat pul məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı məhkəmə prosesinin yekun aktı çıxarılana qədər ünvan 1 ünvanında abonent kodu 130876 olan anbar üçün nəzərdə tutulmuş obyektə məxsus elektron su sayğacının bloklaşdırılması, suyun verilməsinin dayandırılması, abonent kartına pul məbləğinin ödənilməsinə maneələrin yaradılması və həmin koda aparılan ödənişlərdən hər hansı məbləğdə tutmanın aparılmasının Cavabdeh ASC, Abşeron Sukanal İdarəsinə qadağan olunması ilə bağlı iddianın təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov) Hazırda həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, 05.03.2021-ci il tarixli Qəradadı ləğv etməklə, suyu kəsilmiş anbarın icarəyə verilməsini nəzərə alaraq məhkəmə prosesinin yekun aktının çıxarılacağına qədər ünvan 1 ünvanında abonent kodu 130876 olan anbar üçün nəzərdə tutulmuş obyektə məxsus elektron su sayğacının bloklaşdırılması, suyun verilməsinin dayandırılması, abonent kartına pul məbləğinin ödənilməsinə maneələrin yaradılması və həmin koda aparılan ödənişlərdən hər hansı məbləğdə tutulmanın aparılması Cavabdeh ASC, Abşeron Sukanal İdarəsinə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(012)-1760/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayəti belə əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən suyun kəsilməsi, su sayğacının bloklaşdırması ünvan 1 ünvanında “Anbar” kimi nəzərdə tutulan obyektin icarəyə verilməsinə əngəl törədilir. Suyun kəsilməsi, su sayğacının Cavabdeh ASC tərəfindən bloklaşdırılması, tərəfindən aparılan ödənişlərdən hər hansı məbləğdə tutmanın həyata keçirilməsi cavabdehə qadağan edilməlidir. Çünki o, obyekti icarəyə vermək istəyir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etməklə tədbirlər görə bilər. Həmin Məcəllənin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəsinin əsaslandırmamasını, iddianın təmin edilməsi haqqında məsələlər həll edilərkən yalnız iddiaçının deyil, işdə iştirak edib-etməməsindən asılı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalı olmasını müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Bundan əlavə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Hazırki işdən isə görünür ki, hazırki işdən isə görünür ki, tələb su təchizatına görə əsassız hesablanmış 5.638,00 manat pul məbləğinin silinməsidir. Başqa sözlə, hazırki işdə qətnamənin gələcəkdə icrasını mümkünsüz edən hallar, yəni onun məhv edilməsi, özgəninkiləşdirilməsi və s. hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1760/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)- 1760/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar