Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1777/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X4 adlı iki uşaqları var. Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında 15 noyabr 2005-ci il tarixində bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalması qət edilmişdir. Cavabdeh İddiaçı qarşı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçürülməyi və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə küçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-615/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4047/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Tərəflər arasında münaqişələr var və davam etməkdədir. Tərəflərin bir evdə yaşamaqları mümkün deyil və çox böyük problemlərə gətirib çıxardacaqdır. Cavabdehlə bir evdə yaşamaqları iddiaçının həyat və sağlamlığını təhlükə altında qoyur. Bundan başqa qeyd etmək istəyir ki, yetkinlik yaşına çatmayan uşaqları da iddiaçı ilə birlikdə yaşayır. Qeyd etdiyi təhlükə uşaqları da gözləyir. Uşaqlar da cavabdehlə birlikdə yaşamaq istəmir. Hətta uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert tərəfindən uşaqların anası olan Cavabdeh psixoloji yardım almasının məqsədəmüvafiq olması qeyd edilmişdir. Buna görə də cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi üçün iddiaçı məhkəməyə müraciət edir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Elman Məmmədov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir. İşin faktiki hallarından göründüyü kimi sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydiyyata alınmamış, yəni özbaşına tikilidir. Mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili hesab olunduğundan, iddiaçı tərəf iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Cavabdeh keçmiş həyat yoldaşıdır. Onunla aralarında münaqişələr var və davam etməkdədir. Onunla bir evdə yaşamağı mümkün deyil və cox böyük problemlərə gətirib çıxardacaq. Cavabdehlə bir evdə yaşamağı həyat və sağlamlığını təhlükə altında qoyur. Bundan başqa qeyd etmək istəyir ki, yetkinlik yaşına çatmayan uşaqları da onunla birlikdə yaşayır. Qeyd etdiyi təhlükə uşaqları da gözləyir. Uşaqlar da cavabdehlə birlikdə yaşamaq istəmir. Uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert tərəfindən uşaqların anası olan Cavabdeh psixoloji yardım almasının məqsədə müvafiq olması qeyd edilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunvericilik normaları səhv tətbiq və təfsir edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə öz qətnaməsi ilə qanunsuz bir nəticəyə gəlmişdir. Cavabdeh həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərkən iddia tələbi qanunun analogiyası əsasında təmin edilmişdir. Köçürülmənin də məqsədi gələcəkdə hazırki cavabdehin təminatla (kompensasiya ala bilməklə) təmin olunmaqla çıxarıla bilməsinin mümkün olması olmuşdur. Mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isə «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləndirilir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göründüyü kimi Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5- ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər 2005-ci ildə nikaha daxil olublar. Nikah pozulduqdan sonra uşaqlar atanın himayəsində saxlanılıb. Cavabdeh məhkəməyə müraciət etməklə mənzilə köçürülməyə nail olub. Amma tərəflərin bir yerdə yaşaması problem yaranmasını qaçılmaz edir. Məhkəmə bir qətnamə ilə İddiaçı qarşı mənzilə köçürülmə barədə iddianı təmin edirsə, deməli gözlənti hüququ olan şəxs kimi İddiaçı qəbul edib. Burdan gəlinən nəticə budur ki, kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddianı qaldırmağa da iddiaçının subyektiv hüququ var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarına göstərmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-615/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4047/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-615/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmiş, işin faktiki hallarından göründüyü kimi sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydiyyata alınmamış, yəni özbaşına tikilidir. Mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili hesab olunduğundan, iddiaçı tərəf iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydiyyata alınmamış, yəni özbaşına tikilidir.
21. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsindən göründüyü kimi, həmin maddə imperativ norma olaraq mülkiyyətçiyə münasibətdə rəsmi qeydiyyata alınmış yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini özündə ehtiva edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarına göstərmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
23. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan və dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, iddiaçı həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından hazırki tələbi irəli sürə bilməz.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işi tam araşdıraraq əsaslı nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından və fərdi yaşayış evi dövlət qeydiyyatında alınmadığından hazırki mübahiyəsəyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilə bilməz. bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393, 405- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, e-2(012)-1479/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.