Məhkəmə qərarları › İş №2(105)-1778/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1778/2021

10.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1778/2021 10.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-972/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-972/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27-də yerləşən 18-ci mənzilə yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 365,20 manat məbləğində borcun silinməsi qət edilmiş, cavabdeh “Cavabdeh” İstahsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 28 oktyabr 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07.07.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 365,20 manat sayğacın dəyərinə görə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ünvanında yerləşən 6/27 saylı evin 18 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilə görə onun adına MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X6 əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı yeni mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07.07.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Akta əsasən ona sayğacın dəyəri olaraq 365,20 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10.05.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. O, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində o, iştirak etməmiş və aktı imzalamamışdır. Bundan əlavə, cavabdeh tərəfindən quraşdırılmış mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Buna görə də ondan tələb edilən sayğacın dəyəri kimi 365,20 manat borcu da qəbul etmir. Qaz sayğacı mənzilinin çölündə yerləşir, sayğaca edilən hər hansı bir müdaxiləyə görə və qaz sayğacının sıradan çıxmasında günahkar deyildir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 6/27 saylı evin 18 saylı mənzilinə “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən baxış keçirilmiş və ünvan sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən yerində ******* saylı, 10.05.2018-ci il tarixli akt tərtib edilmiş və aktda aşkar olunan nöqsan, yəni sayğacın üzərində plomb aşkar edilmədiyi yazılmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 11.05.2018-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 410,40 manat cərimə hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, 6/27 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 28 yanvar 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 07 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə, 6/27 saylı evin 18 saylı mənzilinə quraşdırılmış smart tipli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 may 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə, 6/27 saylı evin 18 saylı mənzilində quraşdırılmış qaz sayğacının üzərində plomb aşkar edilməmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin 11 may 2018-ci il tarixli hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00180) itirilmiş qazın sərfiyyatı 4104 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00180) borc 365,20 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacının üzərində plomb aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(060)-972/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar