Məhkəmə qərarları › İş №2(105)-1778/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1778/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1778/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış borcun tutulması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-656/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASCnin xeyrinə 8769,55 manat məbləğində əsas borcun, 762,72 manat məbləğində faiz borcunun, cəmi 9532,27 manat borcun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2021-ci il tarixdə imzalanmış CP/93457/80 saylı Kredit Sazişindən (müqaviləsindən) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 23 % hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli kassa məxaric orderinə əsasən kredit bankdan götürülmüşdür.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 8769,55 manat əsas borcu və 762,72 manat faiz borcu vardır.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1788 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 25 oktyabr 2022-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 9089,87 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə - 8727,82 manat, faiz borcu üzrə - 362,05 manat. Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 3743 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 3743 manat məbləğində ödəniş nəzərə alınmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2023cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 26 noyabr 2022-ci il tarixinə (maliyyə arayışında qeyd edilən) İddiaçı ASC-yə olan borcu 5587.46 manat məbləğində, o cümlədən əsas borc üzrə 5583.89 manat, faiz borcu üzrə 3.57 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-656/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsinin (saziş) ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5346,87 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 116 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh 100 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 449.4, 739.1, 743, 421.1, 421.2, 421.3 və 424.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 107, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

11. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-656/2023 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin maliyyə arayışına uyğun olaraq, yəni 6117,79 manat əsas borc, 3,91 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manat borcun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, qətnamənin nəticə hissəsi ilə razı deyildir. Hesab edir ki, hakimin iddia tələbi üzrə gəldiyi nəticə düzgün deyildir. Səlahiyyət həddindən kənara çıxaraq, səhv hesablama aparmış və səhv nəticə əldə etmişdir. İddia tələbinin qismən təmin olunması hissəsində maddi və prosessual normalara riayət etməyərək məhkəmə qətnaməsi qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qət etdi hissəsi dəyişdirilməli və ödənilən vəsaitin borc məbləğindən hesablanması müqavilə şərtlərinə uyğun hesablanılaraq qətnamə qəbul olunmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixində 3200 manat, xx.xx.2022-ci il tarixində 543 manat ödəniş etmişdir. Müqavilə ləğv olunana qədər müqavilə şərtləri qüvvədə olur və ödənilən məbləğə faiz və cərimənin hesablanması da həm qanunvericilik, həm də müqavilə şərtlərinə uyğun hesablanaraq ümumi borcdan çıxılır. Məhkəmə tərəflərin müqavilə azadlığı prinsipinə əməl etməmiş, qətnamə qəbul olunan günə qalıq borcun məbləğini iddiaçıdan dəqiqləşdirmək əvəzinə səlahiyyət həddindən kənar yalnış hesablama apararaq, səhv nəticəyə gəlmişdir. Yəni ekspertizanın rəyinə uyğun olaraq rəydə müəyyən olunmuş ümumi borcdan ödənilən məbləği çıxmışdır. Halbuki, müqavilə şərtlərinə uyğun olaraq ödənilən məbləğ üzrə hesablamalar müqavilə şərtlərinə uyğun olaraq anunitet qaydada hesablanmalı idi. Müqavilə şərtlərinə uyğun qaydada hesablandıqda isə cavabdehin qalıq borcu 6117.79 manat əsas borc, 3,91 manat faiz borcu təşkil edir. Həmin hesablama nəticəsində qalıq borc barədə maliyyə arayışı hazırkı apellyasiya şikayətinə əlavə olunmuşdur. Cavabdeh yuxarıda qeyd olunan ümumilkdə 3743 manat olan pul vəsaitini iddiaçının iddia ərizəsi verdikdən sonra, həmçinin, məhkəmənin yekun qətnaməsi çıxarılmamışdan əvvəl ödəmişdir. Yəni ödəniş etdiyi zaman müqavilə qüvvədə olduğundan ödənilən məbləğin ümumi borcdan çıxılması qaydası müqavilə şərtlərinə uyğun olaraq hesablanmalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 3200 manat, xx.xx.2022-ci il tarixində 543 manat ödəniş etmişdir. Müqavilə ləğv olunana qədər müqavilə şərtləri qüvvədə olur və ödənilən məbləğə faiz və cərimənin hesablanması da həm qanunvericilik, həm də müqavilə şərtlərinə uyğun hesablanaraq ümumi borcdan çıxılır. Həmçinin bildirdi ki, iddia tələbində göstərilməsindən və məhkəmə qətnaməsi ilə həll edilməsindən asılı olmayaraq, cavabdeh tərəfindən ödənilmiş ödənişdən bank 116.40 manat məhkəmə xərclərini çıxmış, qalan ödəniş məbləği borc hesabına nəzərə alınmışdır.

15. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyator verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, borc məbləğinin tutulması hissədə məhkəmə qətnaməsi mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin borcun tutulmasına aid hissəsinə münasibətdə səhv nəticəyə gəlmişdir.

20. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5346,87 manat əsas borcun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin daha ədalətli və obyektiv araşdırılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 8727,82 manat məbləğində əsas borcun və 362,05 manat məbləğində faiz borcunun olduğu müəyyənləşdirilmişdir. Bununla belə, həmin tarixdən sonra da cavabdeh tərəfindən 3743 manat ödəniş edildiyi müəyyən edilir. Məhkəmə ekspertin bu rəyini daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, müqavilə üzrə faiz borcu tam ödənilmişdir, cavabdehdən tutulmalı olan əsas borc isə hazırki tarixə 5346,87 manat (9089,87-3743) məbləğindədir.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək məhkəmə tərəfindən səhv hesablama aparıldığını, müqavilə şərtlərinin nəzərə alınmadığını, iddia tələbinin qismən təmin olunması hissəsində maddi və prosessual normalara riayət edilmədiyini göstərmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq şikayəti qismən əsaslı hesab edir.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin müəyyən edilməsi hissəsində yanlış hesablama apararaq, səhv nəticəyə gəlmişdir.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

28. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh tərəfindən banka 07 iyul 2021-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək 7431,60 manat ödəniş aparılmışdır. Ödənilmiş pulun 4416,11 manatı əsas borcdan, 3015,49 manat faiz borcundan silinmişdir. Cavabdeh 26 noyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 5587,46 manat məbləğində, o cümlədən əsas borc üzrə 5583.89 manat, faiz borcu üzrə 3.57 manat müəyyən edilir.

29. Ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə (maliyyə arayışının tərtib edildiyi 25 oktyabr 2022-ci il tarixdən sonra, iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatında olarkən) 3083,60 manat, xx.xx.2022-ci il tarixdə 543 manat ödəniş etmişdir.

30. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan və iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, borclu tərəfindən xx.xx.2022-ci il tarixdə 3200 manat ödəniş edilmiş, həmin ödəniş məbləğindən 116.40 manat məhkəmə xərclərinin əvəzi olaraq Bank tərəfindən tutulmuş, həmin məbləğ borcun silinməsi hesabına nəzərə alınmamışdır. Ekspert rəyinin məzmunundan görünür ki, xx.xx.2022-ci ildə ödəniş məbləğ 3083,60 manat göstərilmiş, 116.40 manat hesablamada nəzərə alınmamışdır.

31. Kollegiya hesab edir ki, 116.40 manat ödəniş məhkəmə xərclərinin əvəzi olaraq Bank tərəfindən heç bir qanuni əsas olmadan tutulmuşdur.

32. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas və faiz borcu keçirilmiş ekspertiza rəyi və 116.40 manat ödəniş nəzərə alınmaqla müəyyən edilməlidir. Kollegiya hesab edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin 116,40 manat ödənişin iddiaçı tərəfindən heç bir əsas olmadan məhkəmə xərcləri əvəzinə tutulması, borc hesabına nəzərə alınmaması işin mübahisəsiz halıdır.

33. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin əvəzi iddia tələbində göstərilməklə məhkəmə qərarı ilə həmin məsələyə qiymət verilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin borc məbləğinin dəyişdirilməsi üçün əsasdır.

35. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə 5346,87 manat əsas borcun tutulması hissədə dəyişdirilərək, borc məbləği (5583,89manat əsas + 3,57manat faiz = 5587,46 manat – 116,40= 5471,06manat) 5471,06 manat məbləğində müəyyən edilməlidir.

36. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 57 manat Cavabdeh, 43 manat "xxxx" ASC-dən alınaraq X1 hesabına keçirilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-656/2023 nömrəli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5346,87 manat məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilərək, borc məbləği 5471,06 (beş min dörd yüz yetmiş bir manat, altı qəpik) manat müəyyən edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5471,06 (beş min dörd yüz yetmiş bir manat, altı qəpik) manat borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 57 (əlli yeddi) manat Cavabdeh, 43 (qırx üç) manat İddiaçı ASC -dən alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar