Məhkəmə qərarları › İş №2(105)-1781/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1781/2021

04.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1781/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı aktın etibarsız hesab olunması və əssasız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-828/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-828/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına akt əsasında hesablanmış 427,69 manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-828/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 4-cü küçə, 1L ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibarsız hesab edilməsi, həmin akt əsasında yazılmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 4-cü küçə, 1L ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış 427,69 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 4-cü küçə, 1L ünvanında yerləşən fərdi yaşayış evində 2013-cu ildən ailəsi ilə birlikdə yaşayır. Cavabdehin əməkdaşları 27.02.2020-ci il tarixdə fərdi yaşayış evinə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaca baxış keçirmiş və bildirmişlər ki, sayğac dəyişdirilməlidir. 28.02.2020-ci il tarixdə fərdi yaşayış evinə yeni sayğac quraşdırılmışdır. Bu yaxınlarda ünvanına cavabdeh tərəfindən daxil olmuş bildirişdə göstərilmişdir ki, onun 216 manat borcu vardır. O, bu barədə məlumat alandan sonra başa düşmüşdür ki, smart karta yüklədiyi qaz pulunun 50 faizi borca görə silinir. O, fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadəyə görə quraşdırlmış sayğac qonşunun hasarının küçəyə baxan hissəsində quraşdırılmışdır, həmin sayğacın onun tərəfindən yararsız hala gətirilməsi mümkün deyildir. Onun sayğac üzrə bu günə qədər heç bir borcu yoxdur. Qaz sayğacına müdaxilə etmədiyindən onun üçün yazılmış borc əsassız və qanunsuzdur. Bu barədə tərtib olunmuş akt da qanunsuz tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 4-cü küçə, 1L saylı fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 27.02.2020-ci il tarixli aktda sayğacda qeyd olunan “sayğac sərfiyyatı qeydə almır, men1-390.00, men2-4180.00” nöqsan yazılmışdır. 27.02.2020-ci il tarixdə akt tərtib olunmaqla sayğac çıxarılmış və laboratoriyada yoxlanılmısı üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti informasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə ”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca baxış keçirildi, sayğacın klapanı işlək deyil, hesablama mexanizmini hərəkətə gətirən bir ədəd dişli çarxın oxu qırılıb, sayğacın yaddaş arxivi oxundu, sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018 və 14.04.2018-ci il tarixlərdə Alarm-1 rejimi aşkar olunub” qeydi yazılmış, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Əməkdaşlar həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutmuş, bu barədə akt tərtib etmiş və abonentin dövlətə vurduğu ziyan müəyyən edilərək 19.06.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə hallarının hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. Bu hallar kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayəti ilə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, silinməsini tələb etdiyi borc məbləğinin 216 manatı ona yazılmış cərimə məbləği, 211 manatı isə ondan əsassız tələb edilən sayğacın dəyəridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” ərazisi, 1 saylı Məhəllə Komitəsinin 08.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İşə əlavə edilmiş “Cavabdeh” İB-nin əməkdaşları A.Musayev, Y.Gülməmmədov, M.Salmanov və R.Abbasovun iştirakları ilə ünvan 3-ə dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, 27.02.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı evə aid sayğacın bir ədəd dişli çarxı oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimində işləyir. İşdə olan “Cavabdeh” İB-nin 17 iyun 2020-ci il tarixli, MSK 29/1710- 00501-2 saylı aktının surətindən görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********30991710X00501 saylı, 11 mart 2020-ci il tarixli telefonoqramına əsasən 16 mart 2020-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasına aparılmış Fransa istehsalı G4 markalı smart kart və “Gallus Pay” tipli qaz sayğacları 11 iyun 2020-ci il tarixində dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli qaz sayğaclarına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın klapanı işlək deyil, G-4 markalı, (№16** AZ ***1********) sayğaca baxış zamanı bir ədəd dişli çarxın oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Yenə işdə olan “Cavabdeh” İB-nin əməkdaşları A.Musayev, Y.Gülməmmədov və Q.Əsgərovun iştirakı ilə ünvan 3-ə dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* saylı, 19.06.2020-ci il tarixli aktın surətindən görünür ki, 16.03.2020-ci ildə D/Y-na gətirilmiş G-4 markalı (№16** AZ ***1********) qaz sayğacının İTRİ-nin rəyinə görə sayğaca baxış zamanı bir ədəd dişli çarxın oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. Yenə də işdə olan “Cavabdeh” İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 19.06.2020-ci il tarixli sənədindən görünür ki, ******* saylı, 19.06.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3 . İş materiallarında olan “Cavabdeh” İB Sumqayıt QİS tərəfindən İddiaçı göndərilmiş 27.10.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında olan G-4 markalı, 1062AZ**********39 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən müəyyən edilmişdir ki, ünvandan çıxarılmış sayğacın klapanı işlək deyil, hesablama mexanizmini hərəkətə gətirən bir ədəd dişli çarxın oxu qırılmışdır və Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsızdır. Müdaxilə edilmiş sayğacın dəyəri 211,69 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli, ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Yenə də işdə olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1-ə tərtib edilmiş akta əsasən 216 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-828/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac kənar müdaxilə nəticəsində istismara yararsız kimi qiymətləndirilmiş və yeni sayğacla əvəzlənmişdir. İtirilmiş qazın bərpası üçün 216 manat məbləğində ödəniş, habelə sayğacın dəyəri kimi 211,69 manat abonentdən tələb edilmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Beləliklə, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-828/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar