Məhkəmə qərarları › İş №2(105)-1783/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1783/2023

21.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1783/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(060)-2845/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, St.Sumqayıt y/s 138-də elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 947.86 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Sumqayıt şəhəri, St.Sumqayıt y/s 138-də istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri vardır. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 947.86 manat debitor borcu olduğu bildirilmişdir. "xxxx" ASC-yə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. Əlavə olaraq bildirir ki, bu borc barmekin dövründən qalan borcdur. Ona məxsus ünvana yeni sayğac quraşdırılmışdır. Vaxtlı-vaxtında işıq sərfiyyatına olan borcu ödəyir. Heç bir borcu yoxdur. "xxxx" ASC-nin 028727 saylı, xx.xx.2022-ci il tarixli aktı məsul işçilərin məsuliyyətsizcəsinə tərtib etdikləri qanunsuz aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunmuşdur. Həmin qanunun 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməsinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmiş, həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla istifadəsində olmuş yaşadığı mənzilə qanunsuz olaraq 947.86 manat məbləğində hesablaşma aparmışdır. EEİQ-nin 8.4-cü maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş tələb edir, hansı ki bu borc barmek dövründən qalmış borcdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(060)-2845/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(060)-2845/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdeh tərəfindən əsassız hesablanmış cərimə borcunun silinməsi ilə bağlı olmuş və o, ərizəsində cavabdehin bu borcun haradan yarandığını bildirmədiyini, yalnız şifahi olaraq Barmek borcu olduğunu bildirdiyini qeyd etmiş və sonradan ona verilmiş 2022-ci ilin iyun tarixli aktın da qanunsuz olduğunu məhkəmədə bildirmiş, lakin məhkəmə iddia ərizəsində «debitor» sözünün yazılmasına əsaslanmaqla iddiasını təmin etməmişdir. Halbuki burada söhbət borcun silinməsindən gedir və məhkəmədə bu borcun qanunsuz iki akt əsasında yazıldığı üzə çıxmış və o da məhkəmədə aktların qanunsuz olduğunu demiş, lakin məhkəmə buna baxmayaraq onun iddia tələbinin düzgün yazılmadığını bildirməklə iddia tələbini rədd etmiş, yenidən ərizə ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu onun bir daha istehlakçı hüquqlarının pozulmasına yol açmışdır. Məhkəmə hazırki qətnamə ilə qanunsuz tərtib olunmuş aktlar əsasında hesablanan bu borcu silməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və sayğac göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə,enerji sərfiyyatına görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində enerjidən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində enerjidən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər.Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. İstehlakçı kimi ondan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Məhkəmədə cavabdehin ondan tələb etdiyi borcun tamamilə əsassız olması və hər iki aktın qanunsuz tərtib olunması sübut edilsə də, məhkəmə onun əsaslı olan iddia tələbini təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, nəzarətçi ilə onun arasında olan narazılığa görə qanunsuz olaraq onun barəsində 2 dəfə akt tərtib olunmuş, ona görə həmin aktlar qanunsuz olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 028727 saylı, 17 iyun 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, kənar mənbədən (dayaqdan) əlavə faza xətti götürülərək sayğac sxemdən kənarlaşdırılaraq kənar xətdən istifadə olunmuşdur. Baxış zamanı onlar tərəfindən ölçü aparılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 030470 saylı, 28 noyabr 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xətdən istifadə edir. Kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat millimetr mis naqildən ibarətdir. İş materiallarında olan 030470 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərindən görünür ki, İddiaçı ünvanında olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xətdən istifadə edir. Kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat millimetr mis naqildən ibarətdir. Cəmi 449.40 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan 028727 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərindən görünür ki, İddiaçı ünvanında olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, kənar mənbədən (dayaqdan) əlavə faza xətti götürülərək sayğac sxemindən kənarlaşdırılaraq kənar xətdən istifadə olunmuşdur. Cəmi 491.16 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, St.Sumqayıt y/s 138 ünvanına iddiaçının adına "xxxx" ASC tərəfindən sayğac quraşdırılmış və abonent kodu verilmişdir. "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının ünvanında abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı abonentin dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xəttdən istifadə etdiyi, kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat metr və mis naqildən ibarət olduğu müəyyən edilmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən iki akt tərtib edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli akt əsasında 491,16 manat dəyərində, xx.xx.2022-ci il tarixli akt əsasında 449,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, St.Sumqayıt y/s 138-də elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 947.86 manat məbləğində borcun silinməsini xahiş edir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, St.Sumqayıt y/s 138 ünvanında olan elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı abonentin dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xəttdən istifadə etdiyi, kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat metr və mis naqildən ibarət olduğu müəyyən edilmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən iki akt tərtib edilmiş, xx.xx.2022-ci il tarixli akt əsasında 491,16 manat dəyərində, xx.xx.2022-ci il tarixli akt əsasında 449,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçı şikayətində öz dəlillərini təsdiq edəcək hallara dair məhkəməyə hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində həmin borcların qanunsuz və əsassız olduğunu, həmin borcların barmekin dövründən qalan borc olduğunu qeyd etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı həmin borc məbləğlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar əsasında elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma nəticəsində hesablandığı müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərtib olunmuş aktların ləğvi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(060)-2845/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar