Məhkəmə qərarları › İş №2(105)-1784/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1784/2025

13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1784/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4928/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh 1049,24 manat borc və ödənilmiş 30,50 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1049,24 manat borcun (abonent kodu:**********260) və 30,50 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********260) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasıxidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1049,24 (min qırx doqquz manat, iyirmi dörd qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, O, həmin ünvanda uzun müddətdir faktiki yaşamır. Belə ki, xx.xx.2023-cü ildən etibarən həyat yoldaşına məxsus fərdi evdə ailəsiylə birgə daimi yaşayış yerini dəyişmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə, yataqxana 9/20a ünvanında yaşayan qonşular tərəfindən tərtib olunmuş aktda göstərilir ki, o, xx.xx.2023-cü ildən etibarən qeyd olunan ünvanda yaşamır və yalnız bəzən qısa müddətli başçəkmə məqsədi ilə həmin ünvanda olmuşdur. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKİS-in xx.xx.2025-ci il tarixli 2067 saylı rəsmi arayışı da eyni faktı təsdiqləyir. Arayışda qeyd edilir ki, o, xx.xx.2023-cü ildən göstərilən ünvanda yaşamır və mənzil faktiki olaraq bağlı vəziyyətdədir. Yəni, mənzildə yaşayışın olmadığı rəsmi icra hakimiyyəti qurumu tərəfindən təsdiqlənmişdir. Bu isə bir daha sübut edir ki, onun su təchizatı xidmətlərindən istifadə etməyi barədə iddia iddiaçı tərəfindən sübuta yetirilməmiş, əksinə, təqdim etdiyi sübutlarla təkzib olunmuşdur. xx.xx.2024-cü il tarixli ASAN xidmət arayışından göründüyü kimi, göstərilən ünvanda qeydiyyatda olan yeganə şəxs odur. Yəni, həmin mənzildə başqa heç bir şəxs qeydiyyatda deyil və ola bilməz. Buna baxmayaraq, iddiaçının məhkəməyə təqdim etdiyisu pulu qəbzlərində ailə üzvü sayı 4 nəfər göstərilmiş, su sərfiyyatı isə məhz bu normativ əsasında hesablanmışdır. Bu, hesablamanın süni şəkildə şişirdildiyini, xidmət qiymətinin əsassız olaraq artırıldığını və ona qarşı irəli sürülmüş borcun həcmində ciddi uyğunsuzluqlar olduğunu göstərir. Normativ hesablamanın real faktlarla uyğunlaşdırılmadan tətbiqi nəticəsində borc olduqca şişirdilmiş rəqəmlərlə hesablanmışdır. Ona məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilməmiş, yalnız sonuncu iclasın tarixi haqqında SMS göndərilmişdir. O, iclasın başlamasından təxminən 5 dəqiqə sonra məhkəmə zalına daxil olsa da, hakim artıq qətnaməni çıxardığını bildirmişdir. Bu səbəbdən o, nə öz etirazlarını bildirmək, nə də öz müdafiəsinə dair mühüm sübutları, qonşuların aktını, MKİS arayışını, ASAN xidmət sənədini məhkəməyə təqdim etmək imkanı əldə etmişdir. Bu isə işin mahiyyətini dəyişəcək dərəcədə əhəmiyyətli sübutların tədqiq edilmədən kənarda qalmasına səbəb olmuşdur. Beləliklə, iş üzrə faktiki hallar tam və hərtərəfli araşdırılmamış, onun göstərilən ünvanda yaşamamağı və su xidmətlərindən faktiki istifadə etməməyi kimi əsaslı hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İddiaçının təqdim etdiyi normativ hesablamalar real istifadə faktı ilə müqayisə edilməmiş, mənzil bağlı olduğu halda ailə üzvü sayı əsasında şişirdilmiş su sərfiyyatı tətbiq edilmişdir. Bütün bu hallar göstərir ki, iddiaçı tərəfindən irəli sürülmüş borc əsassızdır və işin həqiqi halları məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçı bu fakta əsaslanmamış, mənzilin istifadədə olmaması, qeydiyyatda olan şəxslərin sayını düzgün hesablamamışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Qətnamədə göstərilir ki, guya o, xidmətlərdən mütəmadi istifadə etmiş və borc yaranmışdır. Lakin real vəziyyətdə o, həmin ünvanda yaşamamış və su sərfiyyatı ailə tərkibi süni şəkildə artırılmaqla hesablanmışdır. Bu səbəbdən qətnamədə göstərilən nəticələr iş materialları və faktlarla uyğunluq təşkil etmir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərə birtərəfli qaydada üstünlük verib, onun təqdim edəcəyi mühüm sübutları nəzərə almadan qətnamə çıxarıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının üzərinə düşən öhdəliyi icra etməsi, yəni istehlakçı olan cavabdehi su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri ilə təmin etməsi, lakin sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə cavabdehin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə 1049,24 manat məbləğində borcun ödənilməmiş qalması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi su təhcizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması barədədir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir (bənd b.) Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. (a; b). “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 4 nəfərdən ibarət ailə tərkibi üzrə borc məbləği hesablanmışdır. Halbuki cavabdeh tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən Cavabdeh 28 noyabr 2018-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKİS-in xx.xx.2025-ci il tarixli 2067 saylı arayışa əsasən ünvan 4 ünvanında qeydiyyatdadır və xx.xx.2024-cü ildən yaşamır, qapı bağlıdır. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə, yataqxana 9/20a ünvanında yaşayan X6, X3 və X7 tərəfindən tərtib olunmuş aktda göstərilir ki, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh həmin ünvanda tək yaşayıb və xx.xx.2023-cü ildən etibarən qeyd olunan ünvanda yaşamır və tək-tək hallarda evə gələrək baş çəkir. Göründüyü kimi Cavabdeh həmin mənzildə tək qeydiyyatdadır, belə olduğu halda su təhcizatı və tullantı suların axıdılması xidmətlərinə görə borc məbləği bir nəfər üçün hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən (1049,24- 33=1016,24; 1016,24:4=254,06+33=287,06) 287,06 manat yaranmış borc tutulmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 287 (iki yüz səksən yeddi) manat 06 (altı) qəpik borc tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar