Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1785/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi-sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə məhkəmə iclas katibi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(060)-2647/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyasının iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. xx.xx.2022-ci il tarixli № 40008939 saylı, Nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC dəyəri 456 manat olan malı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, malın dəyərini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 38 manat olmaqla ödəməlidir.
2. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə əsas məbləğ üzrə 456 (dörd yüz əlli altı) manat, 0 (sıfır) manat cərimə borcu vardır.
3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli № 40008939 saylı, Nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan “Samsung Galaxy A13” 4 GB/64GB Blue markalı mobil telefon texniki göstərişləri və yararlılığına dair irad bildirilmədən Cavabdeh tərəfindən akta imza edilərək təhvil alınmışdır.
4. Şikayətə əlavə edilmiş "xxxx" MMC–nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixli № 40008939 saylı, Nisyə alqı-satqı müqaviləsinin predmeti olan məhsulu (“Samsung Galaxy A13” 4 GB/64GB Blue markalı mobil telefon) əldə etməkdən Cavabdeh imtina etmişdir. Nəticədə müqavilə ləğv edilmişdir və İddiaçı QSC-nin 40008939 saylı müqavilə üzrə borcalanın adında olan 456 manat borc qalığı "xxxx" MMC-nin öhdəliyidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40008939 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 456 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40008939 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 456 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 456 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqısatqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqısatqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməliolduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bu günə 456 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(060)-2647/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilərək, Cavabdeh 456 (dörd yüz əlli altı) manat əsas borcu, 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli № 40008939 saylı, Nisyə alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC dəyəri 456 manat olan malı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, malın dəyərini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 38 manat olmaqla ödəməlidir. Alıcı tərəfindən mal satıcıya təhvil verilsə də, malın müvafiq dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh 456 (dörd yüz əlli altı) manat əsas borcu, 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 467, 600.1, 600.4, 600.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-5, 284-5.1, 284-5.2, 284- 5.3, 284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 40008939 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 456.00 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə bağlandıqdan təxminən 10 gün sonra o mobil telefon vasitəsi ilə "xxxx" MMC-yə zəng vurub maldan imtina etdiyini bildirmişdir. İmtinanın səbəbi isə mobil cihazı ona bir həftə ərzində təhvil verəcəklərinə söz vermiş, lakin əməl etməmələri olmuşdur. O isə gecikməyə görə həmin mobil telefon aparatından imtina etmişdir. İmtina etdikdən sonra həmin mobil cihazı cavabdeh “Kontakt Home” elektronika mağazalar şəbəkəsindən əldə etmişdir. Ona görə də hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır. Müqavilədə göstərilən 1 (bir) ədəd mobil cihaz “Samsung Galaxy A 13 (A 135) 4 GB/64GB Blue” ümumiyyətlə ona təhvil verilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. MPM-in 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
14. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, tərəflərə bu barədə məlumat verməklə işə məhkəmə iclasında baxılması məqsədə müvafiq hesab etmişdir.
15. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iddia tam əsassızdır. O nisyə alqı-satqı müqaviləsində qeyd olunan malı təhvil almamışdır. Ona görə ondan həmin malın dəyəri tələb edilə bilməz. Alqı-satqı müqaviləsində nəzərdə tutulan mal ona qeyd olunan müddətdən gec verildiyi üçün o malı əldə etməkdən imtina etmiş və bu barədə mövqeyini "xxxx" MMC-yə mobil telefon vasitəsilə zəng edərək bildirmişdir. Daha sonra həmin malı başqa mağazadan əldə etmişdir. Təhvil-təslim aktına imza etsə də, o telefonu əldə etməmişdir. Məhkəmə onun iştirakını təmin etməmiş və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış 40008939 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 456 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 456 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Lakin müqavilə predmeti olan əşya cavabdehə təhvil verilməmişdir. Belə ki, cavabdeh müqavilə bağlandıqdan bir müddət sonra malı qəbul etməkdən imtina etdiyini bildirmişdir. Bu barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. Lakin "xxxx" MMC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında çoxsaylı müqavilələr və həmin müqavilələrə uyğun olaraq borc münasibətləri mövcud olduğundan hazırkı iş üzrə göstərilən hal sonuncu tərəfindən qeydə alınmamışdır. Nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin heç borcu yoxdur. İddiaçının hazırkı tələbdə qeyd etdiyi məbləğ "xxxx" MMC-nin öhdəliyidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, dəlilləri tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(060)-2647/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" QSC-nin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcıilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Mülki Məcəllədə həmçinin qeyd olunur ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.).
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə görə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(060)-2647/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(060)-2647/2023 ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir.
23. İddia tələbinin mahiyyətindən görünür ki, tələb vurulmuş ziyanın tələb edilməsi barədədir.
24. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
25. Nəzərə alınmalıdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
27. Bu baxımdan ziyanın ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
28. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 40008939 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 456 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 456 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırılma aparılan zaman müəyyən edildi ki, cavabdeh müqavilə bağlandıqdan təxminən 10 gün sonra mobil telefon vasitəsi ilə "xxxx" MMC-yə zəng vurub maldan imtina etdiyini bildirmişdir. İmtinanın səbəbi isə mobil cihazın ona bir həftə ərzində təhvil veriləcəyi, lakin müqavilə şərtinə əməl olunmadığı, yəni müqavilədə göstərilən 1 (bir) ədəd mobil cihaz “Samsung Galaxy A 13 (A 135) 4 GB/64GB Blue” markalı telefonun ona zamanında təhvil verilməməsi olmuşdur. O da öz növbəsində gecikməyə görə həmin mobil telefon aparatından imtina etmişdir. İmtina etdikdən sonra həmin mobil cihazı cavabdeh “Kontakt Home” elektronika mağazalar şəbəkəsindən əldə etmişdir. Ona görə də cavabdeh hesab edir ki, iddiaçı "xxxx" QSC-nin ona qarşı məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır.
30. Kollegiyanın araşdırması zamanı 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi də qeyd olunan faktı təsdiq edərək bildirmişdir ki, Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etmiş və məhsul geri qaytarılmışdır. Nəticədə sözügedən müqavilə ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc göstərilmir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcalan Cavabdeh adında olan 456 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Cavabdehin yuxarıda qeyd müqavilə üzrə heç bir öhdəliyi və borcu yoxdur. Yuxarıda qeyd olunanlar barədə iddiaçıya məlumat verilmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
32. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur.
33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə əsasən real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, alqı-satqı müqaviləsi alıcının əşyanı qəbul etməsi anından bağlanmış sayılır.
34. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
35. Qeyd olunan yanaşmanı hazırkı işə tətbiq etdikdə görünür ki, tərəflər arasında istinad olunan nisyə alqı-satqı müqaviləsi onun predmeti alıcıya verilmədiyindən bağlanmış hesab edilə və ondan irəli gələn hər hansı öhdəliyə cavabdeh məsuliyyət daşıya bilməz.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
37. Göründüyü kimi hazırkı halda apellyatorun şikayətinin dəlillərinə dair qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmamış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə ilə iddia təmin edilməməlidir.
39. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 394-1.3, 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(060)-2647/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı İddiaçı QSC-nin xeyrinə 40008939 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 456 manat borcun, 0 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun tutulması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.