Məhkəmə qərarları › İş №2(105)-1786/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1786/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1786/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(027)-260/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X3 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsini (əqdini) etibarlı hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba Rayonu Dəlləkli kəndində yaşayır. Cavabdehlər onunla həmkəndlidirlər. 2004-cü ilin ortalarında cavabdehlər mülkiyyətlərində olan və yaşadıqları Dəlləkli kəndində yerləşən 1,28 ha torpağı ehtiyacları olduğu üçün satmaq istədiklərini bilmiş, o, onlarla görüşüb torpağı satın almağa razılığa gəlmiş, sənədlərində problem olduğu üçün öz aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsini tərtib edib torpağı satın alıb onlara razılaşdıqları miqdarda torpağın dəyərini onlara ödəmişdir. Onlar ona torpağı təhvil vermiş və hal-hazırda da cavabdehlərin adına olan 1,28 ha torpağı bir mülkiyyətçi kimi istifadə edir. O, torpağı satın aldıqdan sonra dəfələrlə cavabdehlərə müraciət edib alqı-satqını notariat qaydada rəsmiləşdirməyi təklif etmiş, lakin cavabdehlər sənədlərin problemini həll etmədiklərini bildirmişlər. Bir müddətdən sonra cavabdehlər Türkiyə köçüb getmişlər. Alqı-satqını notariat qaydasında rəsmiləşdirə bilməmiş, hal-hazırda cavabdehlərdən biri - Cavabdeh1 vəkilə etibarnamə verərək alqı-satqının etibarlılığına etiraz etmədiyini, digər ailə üzvlərinin isə gələ bilmədiyini bildirmiş, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2004-cü il tarixli müqavilədən aşkar olur ki, cavabdehlərlə bağladığı müqaviləyə əsasən JN-0082 KOD 30311058 saylı Dövlət Aktına əsasən onların mülkiyyətində olan 1,28 ha torpağı satın alaraq pulunu cavabdehlərə ödəmişdir. Quba Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(027)-260/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(027)-260/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini iddia tələbi ilə eyni qaydada əsaslandıraraq qeyd etmişdir ki, ailəsi ilə birlikdə Quba Rayonu Dəlləkli kəndində yaşayır. Cavabdehlər onunla həmkəndlidirlər. 2004-cü ilin ortalarında cavabdehlərin mülkiyyətlərində olan və yaşadıqları Dəlləkli kəndində yerləşən 1,28 ha torpağı ehtiyacları olduğu üçün satmaq istədiklərini bilmiş, onlarla görüşüb torpağı satın almağa razılığa gəlmişlər, sənədlərində problem olduğu üçün öz aralarında xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsini tərtib edib torpağı satın alıb onlara razılaşdığı miqdarda torpağın dəyərini onlara ödəmişdir. Onlar ona torpağı təhvil vermiş və hal-hazırda da cavabdehlərin adına olan 1,28 ha torpağı bir mülkiyyətçi kimi istifadə edir. O, torpağı satın aldıqdan sonra dəfələrlə cavabdehlərə müraciət edib alğı-satqını notariat qaydada rəsmiləşdirməyi təklif etmişdir, lakin cavabdehlər sənədlərin problemini həll etmədiklərini bildirmişlər. Bir müddətdən sonra cavabdehlər Türkiyəyə köçüb getmişlər. Alğı-satqını notariat qaydasında rəsmiləşdirə bilməmiş, hal-hazırda cavabdehlərdən biri-Cavabdeh1 vəkilə etibarnamə verərək alqı-satqının etibarlılığına etiraz etmədiyini, digər ailə üzvləri isə gələ bilmədiyini bildirmiş, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2004-cü il tarixli müqavilədən aşkar olur ki, cavabdehlərlə bağladığı müqaviləyə əsasən JN-0082 KOD 30311058 saylı Dövlət Aktına əsasən onların mülkiyyətində olan 1,28 ha torpağı satın alaraq pulunu cavabdehlərə ödəmişdir. Quba rayon məhkəməsinin 19 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. O, Quba rayon məhkəməsinin qeyd olunan qətnaməsi ilə razılaşmır. Qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan xx.xx.2004-cü il tarixli əlyazmada qeyd olunan alqı-satqı müqaviləsindən görünür ki, JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X3 əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətində olan və Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X2 görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X3 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin hazırda qanunla müəyyən olunmuş qaydada əqdi niyə bağlaya bilmədikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər tərəf əqdin bağlanmasından yayınmırsa o zaman qeyd edilən əqd hazırda notariat orqanında da bağlana bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X3 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini tələb edir. Mübahisə predmetini təşkil edən və Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X5 əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 05 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsi rəsmi qaydada bağlanmamış və notarius tərəfindən təsdiqlənməmişdir. Belə olan halda, qeyd olunan alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən təmin edilə bilməz. Həmçinin qeyd edilən şəxslər hazırda gedib müqavilə bağlaya bilərlər. Hazirki cavabdehlərdən yalnız bir nəfər məhkəmə prosesində iddianı qəbul edir. Digər cavabdehlərin razılığı olmadan əqdin etibarlı hesab edilməsi qanuna uyğun ola bilməz. 24 iyun 2005-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;(iş materillarından görünür ki yayınma mövcud deyil) - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, mübahisə edilən əqdlər bır tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahısələndirildiklərı təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşır və verilmiş iddia tələbi ilə bağlı həmçinin qeyd edir ki, hazırkı iş üzrə yalnız Cavabdeh1 başqa, digər cavabdehlərin iradə ifadəsinə dair iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə nəticə etibarı ilə iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillər əsassız hesab olmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(027)-260/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar