Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1792/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(027)-4432/2016 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(027)-4432/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Zamin Tahirov) İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı təbii qazdan istifadə ilə bağlı 2011-ci ilin oktyabr ayınadək yaranmış 242,50 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi, Cavabdeh X4 X7 İdarəsinin 22 iyun 2015-ci il tarixli, 095996 nömrəli aktının etibarsız hesab edilməsi, həmin 242,50 manat borcun və sayğacda mənşəyi məlum olmayan plombla bağlı hesablanmış 101,40 manat borc olmaqla, cəmi 343,90 manat borcun İddiaçı **********00020 saylı abunə hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 2230,10 manat pulun onun **********00020 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır və Cavabdeh X3 X6 abonenti olmaqla təbii qazdan istifadə edir. Yaşadığı mənzilə 2013-cü ilin yanvar ayında G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Quba QİS təbii qazdan istifadə etdiyinə görə 2013-cü ilin yanvar ayına kimi onun 601 manat debitor borcu olduğunu bildirmişdir. Həmin vaxtdan mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Ödənişlər edilməsinə baxmayaraq, ona məxsus **********00020 saylı abonent kodunda 2230,10 manat məbləğində əsassız borc yığılmışdır. Dəfələrlə Cavabdeh X3 X6 əməkdaşlarına qaz sayğacının düzgün işləmədiyini, sərfiyyatın çox hesablandığını bildirmişdir. Cavabdeh İB-nin Quba X6 əməkdaşları tərəfindən qaz sayğacı ona xəbərdarlıq edilmədən iki dəfə aparılmış və yenidən həmin sayğac yerinə quraşdırılmışdır. Lakin əsassız hesablanmış həmin borc abonent kodundan silinməmişdir. Hazırda G-4 markalı qaz sayğacları smart tipli sayğaclarla əvəz olunur. Abonent kodunda olan əsassız borcun aqibətini soruşduqda, Cavabdeh İB-nin Quba X6 əməkdaşları smart karta ödəniləcək vəsaitin 50 faizinin borcun silinməsinə, 50 faizinin sərfiyyata hesablanacağını bildirmişlər. Abonent kodundakı əsassız hesablanmış borcu başqa qaydada silmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun təbii qazdan istifadə ilə bağlı 2011-ci ilin oktyabr ayınadək yaranmış 242,50 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi, Cavabdeh X4 X7 İdarəsinin 22 iyun 2015-ci il tarixli, 095996 nömrəli aktının etibarsız hesab edilməsi, 242,50 manat və plomba edilmiş müdaxilə ilə bağlı qanunsuz hesablanmış 101,40 manat da daxil olmaqla qanunsuz hesablanmış cəmi 2258,40 manat məbləğində borcun onun **********00020 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı əsassız mülahizələri əsasında Quba Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, “Azəriqaz“ İstehsalat Birliyinin təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. Belə ki, “Azəriqaz“ X2 RQİİ ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı Elster tipli, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə baxış keçirilmiş, sayğac şübhəli olduğu üçün xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. İTRİ-nin MS456 saylı rəyinə əsasən sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğuna görə 22.06.2015-ci il tarixli, 095996 saylı “Qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Akta əsasən abonentə 101,40 manat itirilimiş qazın ziyanı hesablanmış və koduna işlənilmişdir. Həmin aktı İddiaçı etiraf edərək heç bir irad bildirmədən imzalamışdır. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Çünki qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qaz işlədici cihazlarında sərf edilmişdir. Buna görə də, əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəymiş ziyan abonentdən tələb olunmalıdır. Qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən törədilməsi sübut edilərsə, toplanmış material Energetika Nazirliyinə göndərilir və abonent “Enerji məsələlərinin tənzimlənməsi Agentliyi” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Buna görə də məhkəmənin İddiaçı abonent kodundan 101,40 manat məbləğin (abonentin sayğaca müdaxiləsi nəticəsində yaranmış təbii qaz itkisi üçün hesablanmış ziyan) silinməsi qanunvericiliyə uyğun deyildir. Qətnamə ilə 242,50 manat məbləğ tələbin icra müddətinin (2011-ci ilin oktyabr ayından-2016-cı ilin oktyabr ayınadək 5 il keçməsinə görə) bitməsinə görə iddiaçının kodundan silinmişdir. Azərbaycan Respublikası MM-nin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Lakin həmin Məcəllənin 553.1.1-ci maddəsində öhdəliyin xitamı üçün müddətin kəsilməsinin bir halı kimi mükəlləfiyyətli şəxsin tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə təminat verməklə icra etməsini nəzərdə tutulur. İddiaçı üçün 2016-cı ilin aprel ayında smart tipli sayğac quraşdırılmış, iddiaçı debitor borcunun ödənilməsini 3E proqramına keçirilməsini xahiş etmiş, hər ay ödəyəcəyi pulun 50 faizinin debitor borcundan çıxılmasına razılıq vermişdir. Bu üsulla ödəniş öhdəliyin icra müddətinin kəsilməsinə səbəb olur. Buna görə də qətnamədə tələbin icra müddətinin bitməsinə istinad edilərək borcdan 242,50 manat məbləğin silinməsi qanuna ziddir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdeh İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin olunmış hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmuş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 499698 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, dalan 8, 5 saylı evə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 14 yanvar 2016-cı il tarixli məktubdan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 095996 saylı akta əsasən itirilmiş qazın dəyəri 101,40 manat məbləğində hesablanaraq abonent hesabına daxil edilmişdir, itirilmiş qazın dəyəri də daxil olmaqla, yaşadığı mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyi üçün hazırda abonent hesabında 1784,80 manat məbləğində borc mövcuddur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 15 aprel 2015-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, Fətəlixan küçəsində yerləşən mənzilə quraşdırılmış qaz sayğacı Elster tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 095996 nömrəli, 22 iyun 2015-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, Fətəlixan küçəsində yerləşən evinə quraşdırılmış qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı ev üzrə (abonent kodu **********00020) akt əsasında borc 101,40 manat, istifadə olunmuş təbii qaza görə borc 2318,40 manat təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh X2 X8 İdarəsinə yazdığı 27.05.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, AGİS proqramında hesab nömrəsi **********020 olan, yaranmış 2258,40 manat borcu 3E proqramına keçirilməsinə və Smart tipli qaz sayğacına yükləyəcəyi məbləğin 50 faizini debitor borcundan çıxılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh X2 X8 İdarəsinin Quba sahəsi ilə istehlakçı İddiaçı arasında imzalanmış 27.05.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolunun surətindən görünür ki, qaz paylayıcısı funksiyasını yerinə yetirən Xaçmaz X8 və istehlakçı İddiaçı qarşılıqlı təsdiq etmişlər ki, 27.05.2016-cı il tarixə istifadə olunmuş təbii qaza görə istehlakçının debitor borcu 2258,40 manat və sökülən sayğac “Qazsazlama” İdarəsində dövlət yoxlamasından keçirildikdən sonra müdaxilə halı aşkar olunarsa, hesablanacaq dəymiş ziyanın məbləği təşkil edir, istehlakçı bu protokola uyğun olaraq hesab kodunda olan debitor borcunun 3E bazasına (ödəmə kartına) keçirilməsi şərti ilə ödənilməsini təmin edir. Birinci instansiya məhkəməsi İddiaçı təbii qazdan istifadə ilə bağlı 2011-ci ilin oktyabr ayınadək yaranmış 242,50 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi və sayğacda aşkar edilmiş mənşəyi məlum olmayan plomla bağlı hesablanmış 101,40 manat borcla əlaqədar iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut olmaması nəticəsinə gələrək iddia tələblərini həmin hissələrdə təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 550, 527.1 və 551.2.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında alqı-satqısı barədə müqavilənin 2.3.1-ci bəndinə görə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə görə hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı yaranmış borcu etiraf etmiş, 27.05.2016-cı il tarixdə Cavabdeh X2 X8 İdarəsinə müraciət edərək AGİS proqramında hesab nömrəsi **********020 olan, yaranmış 2258,40 manat borcu 3E proqramına keçirilməsinə və Smart tipli qaz sayğacına yükləyəcəyi məbləğin 50 faizini debitor borcundan çıxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhz iddiaçının bu ərizəsi əsasında Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında 27.05.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolu imzalanmışdır. Azərbaycan Respublikası MM-nin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə, müddətin axımı kəsilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2011-ci ilin oktyabr ayınadək yaranmış debitor borcu silərkən Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında 27.05.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolunu nəzərə almadığından borc öhdəliyinə beş illik tələb etmə müddətinin keçməsi əsası ilə xitam verməsi barədə düzgün nəticəyə gəlməmiş və bununla da Azərbaycan Respublikası MM-nin 553.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, 27.05.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolu imzalanarkən 5 illik müddət keçməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh İstehsalat Birliyi ilə 27.05.2016-cı il tarixdə istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolunu imzaladıqdan 2 ay sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi iddianın təmin olunmış hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 11.10.2016-cı il tarixli, 2(027)-4432/2016 saylı qətnaməsi iddianın təmin olunmış hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin, iddia tələbi 242,50 manat borcun və sayğacda mənşəyi məlum olmayan plombla bağlı hesablanmış 101,40 manat borc olmaqla, cəmi 343,90 manat borcun İddiaçı **********00020 saylı abunə hesabından silinməsi hissələrində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1792/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1792/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver