Məhkəmə qərarları › İş №2(105)-1793/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1793/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1793/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli, 2(060)-710/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 687 (altı yüz səksən yeddi) manat 85 (səksən beş) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 717 (yeddi yüz on yeddi) manat 85 (səksən beş) qəpik məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan su və kanalizasiya xidmətləri üzrə yaranmış 687 (altı yüz səksən yeddi) manat 85 (səksən beş) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 717 (yeddi yüz on yeddi) manat 85 (səksən beş) qəpik məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 01.09.2020-ci il tarixinə abonentin 687,85 manat borcu qalmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 20.08.2020-ci ildə xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Belə ki, abonentin ünvanında hesabat ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 08.04.2011-ci il tarixli fərmanına əsasən 01.02.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 88,48 manat borc silinmişdir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 06.01.2007-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 5 saylı MKS tərəfindən verilmiş 28.08.2020-ci il tarixli 1088 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 4 (dörd) nəfər qeydiyyatdadır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Təchizatçı müəssisə tərəfindən mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən istehlakçıya göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, düzgün nəticəyə gəlməyərək qanunsuz və ədalətsiz qərar qəbul etmiş, hüquqlarını pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının üzərinə düşən öhdəliyi icra etməsi, yəni istehlakçı olan cavabdehi su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri ilə təmin etməsi, lakin sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə cavabdehin İddiaçı ASC-yə 687,85 manat məbləğində borcun ödənilməmiş qalması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi su təhcizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması barədədir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir (bənd b.) Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. (a; b). “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququ yaradır. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası qanununun 30-cu maddəsinə əsasən istehlakçıya verilən suyun həcmi su ölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İşdən göründüyü kimi cavabdehin su təhcizatı olan iddiaçıya istifadə etdiyi xidmətlərə görə borcu yaransa da, həmin borc iddiaçı təşkilata ödənilməmişdir. Lakin iddiaçının təqdim etdiyi abonent kartından görünür ki, qeyd olunan borc məbləği 2016-cı ildən 01.09.2020-ci il tarixədək hesablanmışdır. Halbu ki, iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi arayışdan görünür ki, 01.09.2017-ci il tarixdən 01.10.2020-ci il tarixədək olan dövrə cavabdehin 385,50 manat borcu yaranmışdır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (Mülki Məcəllənin 373.3. maddəsi). Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Qeyd etmək lazımdır ki, iddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə 01.10.2020-ci il tarixdə müraciət etmiş, lakin mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbi baxımından son üç il üzrə borcu tələb etməli olduğu halda, ondan əvvəlki dövrə yaranmış borcu da tələb etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 01 sentyabr 2017-ci il tarixdən etibarən yaranmış borc tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 26 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 385 (üç yüz səksən beş) manat 50 (əlli) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar