Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1793/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Əmirəli oğluna, Cavabdeh7, Cavabdeh8 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Əmirəli oğluna, Cavabdeh7, Cavabdeh8 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 iyun 2006-cı il tarixli, 2(027)-318/2006 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Əmirəli oğlu, Cavabdeh7 və Cavabdeh8 arasında hər biri ilə 0,23 ha torpaq sahəsinin, Cavabdeh6 Əmirəli oğlu arasında 0,46 ha torpaq sahəsinin satılmasına dair alqı-satqı müqavilələri bağlanılmış hesab edilmiş, iş üzrə Cavabdeh9 dair hissədə icraata MPM-in 261.0.7-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir (hakim Lətifə Məmmədova). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilən qətnamədən apelyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 23 iyun 2006-cı il tarixli, 2(027)-318/2006 nömrəli qətnaməsinin qismən, Cavabdeh1 münasibətdə 0.23 ha torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 23 iyun 2006-cı il tarixli, 2(027)-318/2006 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Aydın Babayev). Qərardaddan narazı qalan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətlə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən onlar bu işdə üçüncü şəxsdirlər və apellyasiya şikayəti vermək hüquqları vardır. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin hansısa hallarda başqa cür hesablanmasına dair (məs: əgər prosesdə şikayət verən tərəfin nümayəndəsi iştirak etmişsə yaxud proses iştirakçılarına qətnamə elan olunmuşsa, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi və s.) qanunvericilikdə başqa göstəriş yoxdur. Əksinə, apellyasiya şikayəti vermə müddətinin qətnamənin rəsmi qaydada verildiyi andan hesablanmasına dair qanunda düzünə göstəriş vardır. Bildirirlər ki, tərəflərin məhkəmə prosesində iştirak edib-etməməsi, yaxud qətnamənin proses iştirakçılarına elan olunmasının, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən 1 aylıq müddətin axımına heç cür təsir etmir, həmin müddətin axımı qətnamə rəsmi qaydada verildiyi andan başlanır. Qeyd edirlər ki, həmin qətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 16 iyun 2023-cü il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 130932/23-07”3815” saylı məktubu ilə poçt zərfində daxil olunmuş və sözügedən məktubun və zərfin surətləri sübut kimi apellyasiya şikayətinə əlavə olunmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumatları olmamış və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır. Apellyasiya şikayəti isə 11 iyul 2023-cü il tarixində verilmişdir. Bildirirlər ki, Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə apellyasiya şikayətinin müddəti nəinki hansısa səbəbdən buraxılmışdır, əksinə ümumiyyətlə müddətin buraxılması halı mövcud deyildir və apelyasiya şikayəti vaxtında verilmişdir. Quba Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 23 iyun 2006-cı il tarixli, 2(027)-318/2006 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Əmirəli oğlu, Cavabdeh7 və Cavabdeh8 arasında hər biri ilə 0,23 ha torpaq sahəsinin, Cavabdeh6 Əmirəli oğlu arasında 0,46 ha torpaq sahəsinin satılmasına dair alqı-satqı müqavilələri bağlanılmış hesab edilmiş, qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün icra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş, İdarə isə qeyd edilən qətnamənin onların maraqlarına toxunduğunu əsas gətirərək apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə isə apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş apellyasiya şikayətindən göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qeyd edilən qətnamənin idarənin hansı hüquq və vəzifələrinə toxunduğu əsaslandırmamış, eləcə də qeyd olunan mübahisənin həmin torpaq sahəsinə iddia edən şəxslər arasında olan mübahisə olduğu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mübahisə tərəflərindən birinin maraqları üçün şikayət verməsi onun mübahisədə bitərəfliyi şübhə altına ala biləcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, hazırki apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifəsinə toxunulması halının mövcud olması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifəsinə toxunulması halı müəyyən edilməmişdir. Apellyasiya şikayətində yalnız qeyd olunur ki, Cavabdeh1 münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair hissədə qətnaməni icra etmək mümkün deyildir, çünki həmin torpaq sahəsinə dair Cavabdeh1 artıq vəfat etdiyindən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququ onun vərəsələrinə keçmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin qeyd olunan hissədə icrasının mümkün olmaması “İcra haqqunda” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi ilə tənzimlənir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifəsinə toxunması halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(027)-318/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1793/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1793/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver