Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1797/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı abonent hesabından (abonent kodu **********001:********) 358,20 (üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı sistemindən su buraxılmasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su təchizatı və kanalizasiya xidmətləri göstərmişdir. İllər ərzində müqavilə üzrə göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən müəyyən məbləğlər ödənilsə də xidmət haqlarının mühüm hissəsi ödənilməmişdir. Nəticədə iddiaçının təşkilata borcu yaranmışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmışdır ki, tələbin 358,20 manat hissəsi 2015-ci ilədək yaranmışdır. Borc üzrə 5 illik müddət keçdiyi üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən 358,20 manat borc silinməlidir. İddiaçı tərəfindən 2018-ci ildə göstərilmiş 96,95 manat xidmətin qarşılığından 170 manat, 2019-cu ildə göstərilmiş 99,75 manat xidmətin qarşılığından 100 manat ödəniş edilmiş, 2018-ci il üçün 73,05 manat, 2019-cu il üçün 0,25 manat artıq ödəmə həyata keçmişdir. Göründüyü kimi, 2018 və 2019-cu illərdə artıq ödəniş edilməsi borcun etiraf edilməsini göstərir, öhdəliklərin xitam üçün müddət axımını kəsmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar massivində fərdi yaşayış evində yaşayır. Həmin evin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin aprel 2008-ci il tarixli qərarına əsasən mülkiyyətinə verilmişdir. Bağ evinə su xəttini 2017-ci ildə Cavabdeh ASC-nin Novxanı qəsəbəsində yerləşən Sukanalı İdarəsinə ərizə ilə müraciət etməklə çəkdirmiş və həmin vaxtdan bu evə su xətti çəkilməklə su sayğacı quraşdırılmışdır. Hər ilin sonu 100 manat ödəniş edir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus bağ sahəsinə su sayğacının 2017-ci ildə qoyulmasına baxmayaraq ona əvvəlki illər üçün sudan istifadə ilə bağlı borc hesablanmış və həmin borc 500 manat vəsait təşkil edir. Halbuki onun 2017-ci ildən əvvəlki dövrə 500 manat məbləğində borcunun olması ilə bağlı qarşı tərəfin əlində heç bir sübut yoxdur, özbaşına olaraq düzgün olmayan hesablama aparmaqla onu bu əsassız öhdəliyə cəlb etmək istəyirlər, hətta su xəttini kəsməyə də cəhd etmişlər. həmin evdə əvvəl anası yaşamış, 2012-ci ildə vəfat etmişdir. O və həyat yoldaşı X1 1-ci qrup əlildir, heç yerdə işləmir, aldığı pensiya çörəyə, dərmana olan tələbatıı belə ödəmir, lakin cavabdeh təşkilat ondan əsassız pul tələb edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh Cavabdeh ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17.11.2020-ci il tarixli Abonent kartından görünürki, ünvan 1 ünvanına (abonent kodu **********001: ********) 546,90 manat borc hesablanmışdır. Abonent kartından və ətraflı arayışdan həmçinin görünür ki, abonent 2012-2017-ci illərdə heç bir ödəniş etməmiş, ardıcıl olaraq illər üzrə 28,20+108+115,50+106,50+159,35+91,35 manat borcu yaranmış, 2018-ci ildə 170 manat ödəniş etmiş (73,05 manat artıq ödəmə) borcu yoxdur, 2019-cu ildə 100 manat (0,25 manat artıq ödəmə) ödəniş etmiş, borcu yoxdur, 2020-ci ildə 100 manat ödəniş etmiş, 11,30 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının 2012-2015-ci illər ərzində borcu tam həcmdə ödəmədiyini, həmin dövrə yaranan borcun qüvvəsini itirməsini, həmin illər üçün 28,20+108+115,50+106,50 manat olmaqla, cəmi 358,20 manat borc məbləğindən çıxılmaqla silinməli olmasını müəyyən edərək iddianı yuxarıdaki qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəyə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. Həmin Qaydaların 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Həmin Qaydaların 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görəödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkəüzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından göründüyü kimi, 358,20 manat borc abonetin hesabına 2012- 2015-ci illər üçün sudan istifadəyə görə hesablanmışdır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, həmin məbləğdə olan borc 2012-2015-ci ilədək hesablandığından və həmin borcun hesablanmasından 5 ildən çox müddət keçdiyindən 358,20 manat məbləğindəki borcun qüvvəsi itirilmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilinə, cavabdeh tərəfindən 2018,2019-cu illərdə artıq ödəniş edilməsinə görə əvvəlki borcu etiraf etməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, həmin illərdə ödənilmiş artıq məbləğin məhz 2012-2015-ci illərdə hesablanmış borcdan ödənilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X3 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X3 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 543/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1797/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1797/2021
13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver