Məhkəmə qərarları › İş №2(105)-1803/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1803/2023

15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1803/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X26 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh X12 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «DAF FTXF 105 Yük» markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “X17-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X19 ilə bərabər "xxxx" MMC adlı hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Fəaliyyət göstərdikləri sahəyə özlərini inkişaf elətdirmək, daha çox nəqliyyat vasitələri əldə etmək və hədəflərini genişləndirmək məqsədilə daima sərmayə yatırmışlar. Həmin sərmayələr öz vəsaitləri hesabına yatırılsa da bəzən elə hallar olmuşdur ki, onlar borc alaraq yatırımlar etmişlər. Borc aldıqları şəxslərdən biri məhz hazırkı iddia ərizəsi üzrə Cavabdeh adlı şəxsdir. Belə ki, onun mülkiyyətində olan, “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini öhdəliyin təminatı qismində cavabdehin anası X5 mülkiyyətinə keçirməklə faizi ödəmək şərtilə 60000 manat məbləğdə borc almaq barədə razılaşmışlar. xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini Cavabdeh göstərişi ilə anası X5 adına keçirməklə ondan 60000 manat vəsaiti borc almışlar. Nəqliyyat vasitəsini cavabdehin mülkiyyətinə keçirməkdə məqsəd əslində borc pul almaq və həmin pulu 12 aya geri qaytarmaq olmuşdur. Lakin bir müddət əvvəl X13 vəfat etmişdir. Nəticədə həmin əmlaklar vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir. Ötən müddət ərzində borcu qaytarmaq üçün cavabdehlə bir neçə dəfə əlaqə saxlamışlar. Lakin o, vəsaiti qəbul etmir. Dəfələrlə qaynatası X9 və şirkətin əməkdaşı X20 ödənişləri etmək, qalıq borc məbləğini öyrənmək məqsədilə onunla görüşmək istəsə də o, görüşməkdən qəti olaraq imtina etmişdir. Beləliklə borcun faizi ilə bərabər məbləğini öyrənmək və həmin borcu ödəmək cəhdləri də uğursuz olmuşdur. Cavabdeh artıq telefon zənglərinə cavab vermir və görüşə gəlmir. Məhz bundan sonra aydın olmuşdur ki, əslində onun niyyəti onları aldadaraq, etibardan istifadə edərək əmlakları öz adına rəsmiləşdirmək və bu qanunsuz yolla əldə etdiyi əmlakları özündə saxlamaqla qazanc əldə etmək olmuşdur. Aralarında bağlanmış “X17- Satqı Müqaviləsi” formal xarakter daşıyır. Həmin müqavilə əslində borc müqaviləsini pərdələmək üçün, alğı-satqı niyyəti olmadan bağlanmışdır. Onlar əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bu müqaviləni bağlamışlar. Bu nüansı təsdiq edən kifayət qədər sübutlar vardır. Qeyd olunanlara əsasən məhkəmədən “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mühərikkin nömrəsi və buraxılış ili 2007-ci il olan “KRONE SDR 27 YARİMQOŞQU” markalı, 99ZH742 dövlət nömrə nişanlı və mühərikkin nömrəsi və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 YÜK” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “X17-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

5. Məhkəmə müəyyən etmişdir ki, mübahisə edilən müqavilənin tərəfi X12 qarşı mübahisə predmeti barədə (müqavilənin etibarsızlığı) iddia tələbi irəli sürməklə İddiaçı ilə əslində nəzərədə tutduqları müqaviləni deyil, yəni cavabdehin iddia tələbini etiraf etməklə alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra icarəyə verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab etməklə iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Məhkəmə iclasında cavabdeh verilmiş iddia tələbini qəbul etməyək gətirdiyi dəlillərin inandırıcı hesab olunmasını təsdiq edə bilməmişdir. Yəni özünün əslində maşınları aldıqdan sonra icarəyə verməsi barədə gətirdiyi dəlillər əsassız olmaqla, işin hallarına uyğun deyildir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının müqavilənin tərəfi olaraq hüquqlarının pozulması, bununla da nəticələnən iradə ifadəsinin zidd olaraq bağlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bundan əlavə iradə ifadəsinin zidd olduğu, ödənilən pul məbləğini, müqavilə şərtlərinə əsasən ödənişləri qəbul etməklə, müqavilənin etibarsızlığını sübuta yetirilərək, öz-özlüyündə müqavilənin qarşılıqlı razılıq əsasında bağlanmadığını, əslində nəzərdə tutulmuş müqavilə deyil (borc müqaviləsi), bağlamaqlarını şəksiz nümayiş etdirmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 560.1, 560.2, 337.1-337.3, 339.1, 339.2, 339.4, 390.1-390.3, 427.3, 442, 324, 700, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07.07 2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkətin səlahiyyətli nümayəndəsi Cəfərov Rəmiş ona bildirmişdir ki, yükdaşıma şirkəti var. Pul qazanmaq istəyirsə bir maşın alıb ona versin, işlətsin, o da pul qazansın Belə bir maşının olmasını soruşduqda bildirib ki, “DAF FTXF 105 YÜK” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “KRONE SDR 27 YARİMQOŞQU” markalı, 99ZH742 dövlət nömrə nişanlı yük maşınını ona 60.000 manata təklif edir. O da bununla razılaşmış və maşını almışdır. Rəmiş ona deyib ki, ayda 2000-3000 manat pul qazanmaq olar, qazancı iki yerə bölərlər. Ondan aldığı 60.000 manata özünə 3 ədəd balaca və yarımqoşqu avtomobili xaricdən aldı. Sonra nə vaxt işə başlanacağını soruşduqda Rəmiş bilirmişdir ki, maşını ona versin, üzərində hazırlıq işləri aparsın, texniki cəhətdən hazırlıq və reklam işlərini tamamlayandan sonra onunla müqavilə bağlayıb işə başlayarlar. Hər dəfə maraqlandıqda bildirib ki, başı qarışıqdı, narahat olmasın, yaxın zamanda ona xəbər edəcək. Bir müddətdən sonra bilib ki, etibarnamə və müqavilə olmadan maşın xaricə gedib-gəlir. Təxminən 2022-ci ilin yanvar ayında bilib ki, Cəfərov Rəmiş həbsdədir. Artıq 2022-ci ilin aprel ayında mülkiyyətində olan «DAF FTXF 105 YÜK» markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və «KRONE SDR 27 YARİMQOŞQU» markalı, 99ZH742 dövlət nömrə nişanlı yük maşını Xırdalan dayanacağındadır. Maşın yüklü idi. Hazırda maşın gömrükdədir. Həmin yükün boşaldılmasına dair mülki işə Abşeron Rayon Məhkəməsində baxılır. Onu da bildirir ki, qətnamədə tərəfindən verilmiş ifadələr tamamilə yalnış, təhrif olunmuşdur. Məhkəmə iclasında qətnamədə qeyd edilən izahatı verməmişdir. İddiaçı “Whatsapp” sosial platformasında yazışmalar təqdim etməklə, sübut kimi yox, hakimi yanıltma dərəcəsinə gətirmə məqsədi güdürdü.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, maşını rəsmi qaydada almışdır, 3 ildir ki, onun mülkiyyətindədir. Məhkəməyə çıxışını Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ünvanlayıb. Yazışmalar bu maşınla bağlı deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07.07 2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh 2020-ci ilin avqustunda aldığı maşınla bağlı polisə iki ildən sonra müraciət edib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07.07 2023-cü il tarixli, e-2(060)- 2462/2023 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

13. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir.

15. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, yalnız iddia tələbinin təmin edilməsi hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07.07 2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsi qismən, mühərikkin nömrəsi və buraxılış ili 2007-ci il olan “KRONE SDR 27 YARİMQOŞQU” markalı, 99ZH742 dövlət nömrə nişanlı və mühərikkin nömrəsi və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 YÜK” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “X17-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. 21.AD seriyalı, 793973 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZH *** qeydiyyyat nişanlı, Krone SDR 27 yarımqoşqu markalı, furqon soyuducu tipli, 2007-ci il tarixli buraxılışlı nəqliyyat vasitəsi mövcuddur.

22. AD seriyalı, 793952 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZP *** qeydiyyat nişanlı, DAF FTXF 105 yük markalı, yəhərli dartıcı tipli, 2009-cu il tarixli buraxılışlı nəqliyyat vasitəsi mövcuddur.

23. DR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məlumatdan görünür ki, X13 alğı-satqı müqaviləsi BDYPİ bağlamışdır.

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X40 İdarəsinin xx.xx.2023cü il tarixli, 3-13-16/2-38318/2023 nömrəli Vəkil ünvanlanmış məktuba cavabdan görünür ki, DİN Baş X40 İdarəsi Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “DAF FTXF 105 YÜK” markalı, **-ZP-*** və “KRONE SDR 27 YARİMQOŞQU” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri 04.05.202-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Əlavə olaraq nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir.

25. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Qeydiyyat və Notariat Baş idarəsinə eyni zamanda 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat X2 miras qalmış əmlakı, miras əmlakına dair vərəsə dairəsi, mirasın qəbulu üçün müraciət etmiş vərəsələri, vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsi, verilibsə vərəsəlik işinin təsdiq edilmiş surətinin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə sorğular verilmişdir.

26. Sorğuya cavab olaraq 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu X14 tərəfindən 13 may 2023-cü il tarixli, 751 nömrəli sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələrinə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2012-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamələrin təsdiq olunmuş surətləri göndərilmişdir.

27. Reyestrdə 2V-1233 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 14 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X21 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD843526 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi və buraxılış ili 2007-ci il olan «KRONE SDR 27 YARİMQOŞQU» markalı, 99ZH742 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD843525 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi və buraxılış ili 2009-cu il olan «DAF FTXF 105 YÜK» markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AE005135 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi – mühərikkin nömrəsi və buraxılış ili 2008-ci il olan «HUMBAUR YARİMQOŞQU» markalı, 99ZK731 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AE005215 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi - mühərrikin nömrəsi və buraxılış ili 2007-ci il olan «MAN TGA 18.440 Yük» markalı, 90FY741 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

28. Reyestrdə 2V-1234 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 14 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X21 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********Jİ30312 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 154.80 kvadrat metr olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən ibarətdir.

29. AZ-İİ seriyalı, 187839 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 05-ci günündə 674 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi isə ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formalarıdır.

30. Cavabdeh tərəfindən Notariat ofisində ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 05 may 2021-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlak - 99HY208 dövlət qeydiyyat nömrəli avtomaşından, 99ZH742 dövlət qeydiyyat nömrəli avtomaşından, 99ZP735 dövlət qeydiyyat nömrəli avtomaşından 99ZK731 dövlət qeydiyyat nömrəli avtomaşından, 90FY741 dövlət qeydiyyat nömrəli avtomaşından, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən və mənzillərdən ibarətdir.

31. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 154.80 kvadrat metr olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən ibarət mülkiyyət onun adına rəsmiləşdirilmişdir.

32. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibinin adı X5 adına tam payda ********** qeydiyyat nömrəsi ilə 23.1.2020-ci il tarixdə qeydə alınmış əmlaka xx.xx.2021 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.

33. AZ-İ seriyalı, 947460 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 aprel 2018-ci il tarixdə ölmüşdür.

34. X22 Notariat ofisinə ərizə ilə müraciət edərək 05 may 2021-ci ildə ölmüş anası- X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir.

35. AC seriyalı, 0067 nömrəli mənzil-tikintisi haqqında müqavilədən görünür ki, fiziki şəxs X27 (icraçı) və X28 (payçı) arasında müqavilə bağlamışlar. İcraçı Sumqayıt Şəhər İH başçısının xx.xx.2016-cı il tarixli, 123 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, -1- blok, 2-ci mərtəbə, 3 nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

36. AC seriyalı, 0068 nömrəli mənzil-tikintisi haqqında müqavilədən görünür ki, fiziki şəxs X27 (icraçı) X28 (payçı) arasında müqavilə bağlamışlar. İcraçı Sumqayıt Şəhər İH başçısının xx.xx.2016-cı il tarixli, 123 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, -2- blok, 49m nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

37. AC seriyalı, 0069 nömrəli mənzil-tikintisi haqqında müqavilədən görünür ki, fiziki şəxs X27 (icraçı) X28 (payçı) arasında müqavilə bağlamışlar. İcraçı Sumqayıt Şəhər İH başçısının xx.xx.2016-cı il tarixli, 123 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, -2- blok, 56m nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X40 İdarəsinin 25 fevral 2020-ci il tarixli, 016-Q-29342 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, ev 77-də yaşayan İddiaçı məxsus olan, etibarnamə əsasında Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əliyev küçəsi, ev 251-də yaşayan X15 etibar olunan “DAF FTXF 105” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 755608 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır.

39. xx.xx.2020-ci il tarixli X17-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X13 ilə müqavilə bağlamışdır. Satıcı özünə məxsus olan nəqliyyat vasitəsinin markası «Krone Yarımqoşqu», qeydiyyat nişanı 99ZH742, buraxılış ili 2007-ci il olan avtomobil 5000 manata satılmışdır.

40. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisə edilən müqavilənin tərəfi X12 qarşı mübahisə predmeti barədə (müqavilənin etibarsızlığı) iddia tələbi irəli sürməklə İddiaçı ilə əslində nəzərədə tutduqları müqaviləni deyil, yəni cavabdehin iddia tələbini etiraf etməklə alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra icarəyə verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab etməklə iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə şərait yaratmışdır. Məhkəmə iclasında cavabdeh verilmiş iddia tələbini qəbul etməyək gətirdiyi dəlillərin inandırıcı hesab olunmasını təsdiq edə bilməmişdir. Yəni özünün əslində maşınları aldıqdan sonra icarəyə verməsi barədə gətirdiyi dəlillər əsassız olmaqla, işin hallarına uyğun deyildir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının müqavilənin tərəfi olaraq hüquqlarının pozulması, bununla da nəticələnən iradə ifadəsinin zidd olaraq bağlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bundan əlavə iradə ifadəsinin zidd olduğu, ödənilən pul məbləğini, müqavilə şərtlərinə əsasən ödənişləri qəbul etməklə, müqavilənin etibarsızlığını sübuta yetilərək, öz-özlüyündə müqavilənin qarşılıqlı razılıq əsasında bağlanmadığını, əslində nəzərdə tutulmuş müqavilə deyil (borc müqaviləsi), bağlamaqlarını şəksiz nümayiş etdirmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.

42. Belə ki, iş materiallarından görünür ki, “DAF FTXF 105 YÜK” markalı, **-ZP-*** və “KRONE SDR 27 YARİMQOŞQU” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X5 adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsinin dəyəri 5000 manatı satıcı alıcıdan alıb.

43. Sözügedən nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh adına rəsmiləşdirilmişdir.

44. Daha sonra X16 xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu ilədək, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, mübahisələndirilən müqavilələr tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış, cavabdehin anası X13 tərəfindən razılaşdırılmış məbləğ satıcıya ödənilmişdir.

46. Göründüyü kimi tərəflər öz iradə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcburetmə halına məruz qalmamışlar.

47. İddiaçı müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq formal xarakterli alğısatqı müqaviləsi bağlanmasını göstərmiş, bunu təsdiq edəcək sübutlar təqdim edilməmişdir.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.

49. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixlə alğısatqı müqaviləsi əsasında iddiaçı «DAF FTXF 105 YÜK» markalı, **-ZP-*** və “KRONE SDR 27 YARİMQOŞQU” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini X1.

50. Hazırda iddiaçı bildirir ki, əslində o, avtomoilləri cavabdehin anasına satmamışdır, sadəcə olaraq qeyd edilən alğı-satqı müqavilələrini bağlamaqda onun məqsədi cavabdehdən aldığı borcun qaytarılmasının təminatı kimi avtomobilləri cavabdehin adına keçirmək olmuşdur. Yəni iddiaçınının bildirdiyinə görə həmin müqavilələr görünüş üçün bağlanmış əqddir, yəni uydurma əqddir.

51. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin müqavilələrin görünüş üçün bağlanıldığını, onun iradə ifadəsini ifadə etmədiyini bildirsə də bunu əsaslandıra bilməmişdir. Dəlillərini əsaslandırmaq üçün “Whatsapp” mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalara istinad etmişdir ki, orada borc pul tələbindən bəhs olunur, hazırkı mübahisə barədə orada hər hansı bir qeyd yoxdur.

52. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehin anası arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin uydurma əqd olması və tərəflərin həqiqi iradəsinin ona uyğun olmayan nəticələr yaratmaq olması iş materialları ilə sübut edilmir.

54. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilələr xx.xx.2020-ci ildə bağlanmışdır, iddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və əhəmiyyətsiz əqd olduğu üçün müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehin anası arasında bağlanmış müqavilədə iddiaçının iddia etdiyi hallara dair hər hansı şərt göstərilməmişdir.

57. İş materiallarından görünür ki, tərəflər arasında müqavilələr qanunvericiliyin tələblərinə uyğun olmaqla, hər iki tərəfin iradi ifadəsinə uyğun olunmaqla bağlanmışdır. Yəni müqavilə bağlanarkən hər iki tərəf könüllü olaraq rəsmi qaydada bağlamış, şəxsən imzalamış, heç bir qeyd-şərt göstərməmiş, hər hansı bir narazılıqlarını bildirməmişlər. Eləcə də iş materiallarından tərəflərdən hər hansı birinə təsir və ya təzyiq nəticəsində müqavilə bağlanması və imzalanması müəyyən olunmamışdır.

58. Beləliklə iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir

59. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd edilən formada qismən təmin etməklə yekunda səhv nəticəyə gəlmişdir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsaslı hesab edir.

62. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

63. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edilən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsi qismən, mühərikkin nömrəsi və buraxılış ili 2007-ci il olan “KRONE SDR 27 YARİMQOŞQU” markalı, 99ZH742 dövlət nömrə nişanlı və mühərikkin nömrəsi və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 YÜK” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “X17-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2462/2023 qətnaməsi qismən, mühərikkin nömrəsi və buraxılış ili 2007-ci il olan “KRONE SDR 27 YARİMQOŞQU” markalı, 99ZH742 dövlət nömrə nişanlı və mühərikkin nömrəsi və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 YÜK” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “X17-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə də təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar