Məhkəmə qərarları › İş №2(105)-1804/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1804/2023

02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1804/2023 02.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(060)-2550/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anaları- X4 ünvan 5, 4 saylı mənzil miras qalmışdır. Cavabdeh iddiaçıların qardaşıdır. Tərəflər arasında miras əmlakın bölünməsi barədə mübahisə olduğuna görə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariusu tərəfindən 07 mart 2023-cü il tarixli, 566 saylı imtina məktubu verilmişdir. Aralarında olan mübahisə ondan ibarətdir ki, cavabdeh anaları sağ olarkən ona baxmamış, münasibətləri yaxşı olmamışdır. Hər dəfə anası və iddiaçılar tərəfindən mərhum analarının müalicəsi və xəstəliyi ilə əlaqədar bir övlad kimi köməklik etməsini istəsələr də, cavabdeh etinadsızlıq edərək biganəlik göstərmişdir. Heç bir vaxt anasına qayğı və diqqət göstərməmiş, onunla maraqlanmamışdır. İddiaçılar mərhum anaları ilə yaşayaraq onun qayğılarını və ehtiyaclarını ödəmişlər. O cümlədən, mənzili təmir etdirərək tərəflərindən 10000 manat məbləğində miras əmlaka pul qoyulmuşdur. Eyni zamanda, X4 miras qalmış ünvan 5, 4 saylı mənzildə son illərə kimi onlar yaşamışlar və dəfn xərcləri, yas mərasimləri onlar tərəfindən həyata keçirilmişdir. Həmçinin anaları - X6 xəstəliyi ilə əlaqədar qayğılarını çəkmiş, müalicə və müayinələrini öz hesablarına etmişlər. Qardaşları Cavabdeh analarının dəfn mərasiminə dəvət olunsa da, gəlməmiş, analarının müayinə və müalicə xərclərində iştirak etməmişdir. Bu xərclər 15000 manat təşkil etmişdir. Ümumilikdə tərəflərindən 25000 manat xərc çəkilmişdir. Çəkilmiş xərclərə dair şahidləri məhkəmədə ifadə verə bilərlər. Buna görə də miras əmlak onların arasında bərabər paylarla deyil, miras əmlakda onların üstünlük hüquqları nəzərə alınmaqla cavabdehə mirasdan bərabər paydan az hissədə miras verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yaşamış, hazırda Qobustan rayonunda yaşayır. Uzun müddət SK zavodunda fəhlə kimi işləmişdir. Göstərilənlərə əsasən mərhum anaları- X4 miras qalmış ünvan 5, 4 saylı mənzilin bölgüsünü apararaq iddiaçılara 3/4 pay, Cavabdeh 1/4 payın müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(060)-2550/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(060)-2550/2023 nömrəli qətnaməsinin ləğv edilərək X4 miras qalmış ünvan 5, 4 saylı mənzilin bölgüsünü apararaq iddiaçılara ¾ pay, Cavabdeh ¼ payin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası ağır xəstə olan zaman mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 29/32A, 4 saylı mənzili 10 il müddətinə xx.xx.2028-ci il tarixinə qədər etibarnamə əsasında bütün işlərin görülməsini ona həvalə etmiş, hətta evin alqı-satqısını etməyi də ona bildirmişdir. Buna dair xx.xx.2018-ci il tarixli etibarnamə də vardır. Son 5 ildə anasının vəziyyətinin ağırlaşması, etibarnamə əsasında görüləcək işlərə maneçilik törətmişdir. xx.xx.2022-ci il tarixdə anası X13 dünyasını dəyişdi. O, Sumqayıt şəhəri, 16-cı məhəllə ev 29/32A, 4 saylı mənzili təmir etdirmişdir. Təmir pullarını özü ödəmişdir, anası xəstəxanalarda yatan zaman yanında o, olmuşdur. İynə-dərmanlarını, müalicəsini o, etdirmişdir. Bu barədə video görüntülər də vardır. Dəfn mərasimlərini həm o, həm də bacısı Gülbibi etmişdir. Sinə daşını da öz hesablarına etmişlər. Bu səbəbdən heç vaxt anasının yanına gəlməyən, onu dindirməyən, nə müalicəsinə, nə də müayinəsinə köməklik göstərməyən, hətta dəfn mərasimində iştirak etməyən Cavabdeh yalnız varlanmaq məqsədilə vərəsəlik alaraq miras əmlakın bölüşdürülməsini istəyir. Böyük qardaşı X8 öz payından imtina edir ki, analarına qulluq edən bacıları olmuşdur. Hətta iddia ərizəsinə əlavə də vermişdir, səbəb də odur ki, onlar savadsız olduqlarına görə cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi vərəsəlik hüquqlarını onlara düzgün izah etməmiş, onların hüquqlarını pozmuşdur. Bundan başqa vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyərkən digər Cavabdeh vərəsə olmasına etiraz etdikləri halda, ona vərəsəlik şəhadətnaməsi vermişdir. Bundan əlavə tərəflər arasında mübahisə olduğu halda onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş, lakin buna baxmayaraq sonradan mübahisə olduğu halda qanunsuz olaraq miras əmlak barədə vərəsələrə 1/3 pay müəyyən olunmaqla, vərəsəlik şəhadətnamələri vermişdir. Bu isə Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimata və qanunvericiliyə zidd olmuşdur. Onlar məhkəmədə miras əmlakın bölünməsi barədə iddia qaldırdıqları halda mülki işə baxılarkən onlara məlum olmuşdur ki, notariat ofisi qanunazidd vərəsəlik şəhadətnaməsi vermişdir. Ona görə də hesab edirlər ki, mirasa dair 1/3 pay müəyyən olunmaqla verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və vərəsəlik şəhadətnamələri əsasında miras əmlaka Daşınmaz Əmlakın Dövlət Reyestrində 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməlidir. Bundan əlavə Cavabdeh miras qoyan mərhum anaları X9 baxmamış, bir övlad kimi onu maddi və mənəvi dəstəkləməmiş, əksinə bacılarının vərəsəlikdən məhrum edilməsi və gələcəkdə özünün yeganə vərəsə olacağını təmin etməyə yönəlmiş əxlaqa və mənəviyyata zidd hərəkətlərə yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 5, mənzil 4 (yeni qaydalarla: ünvan 4) X6 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № ******* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 15 mart 2022-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli «Qanun üzrə X12 şəhadətnamə»nin surətindən surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələri – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X9 verilmiş **********79-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı məhəllə, ev 32A/29, mənzil 4, Yeni qaydalarla AZ5000, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tərtib olunmuş aktdan məlum olur ki, qonşular X15, X16, X5 bu aktı ona görə tərtib edirlər ki, 16-cı məhəllə, ev 29/32A, mənzil 4 ünvanında qeydiyyatda olan mərhum X9 xəstə olan zaman qızı İddiaçı2 qulluq etmiş və dəfn zamanı xərcləri qızları İddiaçı2 və İddiaçı1 çəkmişlər. Aktı tərtib edənlər aktın düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 567 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası-X6 vəfatından sonra qalmış mirasa əmlaka dair qanun üzrə X12 şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2022-ci il tarixli ərizəsi qeydə alınmışdır, vərəsələrə xx.xx.2023-cü il tarixdə 2V-295 reyestr nömrəli Qanun üzrə X12 Şəhadətnamə verilmişdir. Miras əmlakına dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 49,1 kv/m olan ünvan 5, mənzil 4 (yeni qaydalarla, ünvan 4) 1/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 məxsusdur və bu barədə 85 nömrəli reyestr kitabının 133 nörməli vərəqində **********, ********** nömrələr ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-955/2023 nömrəli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 11/796 saylı order əsasında X7 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2003-cü il tarixli 4Ə3/327 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 4Ə3/468 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İcra olunması üçün idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 29060)-3527/24 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə mənzil üzərinə X6 hüquqları qeydiyyata alınmışdır. Bundan sonra təqdim olunan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli, 2V-291 və 2V-295 reyestr nömrəli qanun üzrə X12 şəhadətnamələri əsasında paylı mülkiyyət hüququ üzrə Cavabdeh, İddiaçı2 və İddiaçı1 1/3 hissədə adlarına qeydiyyata alınmışdır. Müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzil tərəflərin anası X9 məxsus olmuş, 15 mart 2022-ci il tarixdə X13 vəfat etmişdir. Mərhumun övladları miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər, müraciətləri əsasında hər birinin 1/3 payı müəyyən olunmaqla X12 şəhadətnamələr verilmişdir. Hazırda iddiaçılar ünvan 5, 4 saylı mənzilin bölgüsünü apararaq onlara 3/4 pay, Cavabdeh isə 1/4 payın müəyyən olunmasını tələb edirlər. İddiaçılar həmin tələblərini yuxarıda qeyd olunduğu kimi miras qoyana qulluq göstərilməsi, onun müalicəsi və dəfn xərcləri ilə əsaslandırırlar. Cavabdeh iddia tələbi ilə razı deyildir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, tibb bacısı işləyir və tərəflərin anası Starə Səfərova vəfat edənədək tibbi yardım göstərmişdir. O, Starə xanımın evinə gedən zaman sözügedən evdə sadəcə iddiaçıları, xüsusilə də İddiaçı2 və Starə xanımın bacısını görürdü. Cavabdehi tanımır. Starə xanım vəfat etməmişdən əvvəl telefon danışığı ilə cavabdehə onu görmək istədiyini bildirsə də, cavabdeh anasını heç vaxt görməyə gəlməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, mənzil kommunal istismar sahəsinin işçisidir. Mərhum Starə xanımın bacısı onun yaşadığı məhəllədə dalandar işləyirdi. Starə xanımın bacısı çox zaman işdən icazə alaraq, Starə xanımın qeydinə qalmaq üçün gedirdi. Dəfələrlə Starə xanımın vəziyyəti pisləşdiyi üçün yardım göstərmək üçün yaşadığı ünvana getmişlər. Bu müddət ərzində qızları anaları mərhum Starə xanımın qeydinə qalmışlar. Starə xanım hər zaman nəzarət altında olmuşdur. Mərhum Starə xanım işlədiyi mənzil kommunal istismar sahəsinə yaxınlaşaraq, sözügedən evin öz adına keçirilməsi ilə bağlı çıxarış aldığını bildirdi. Mənzil kommunal istismar sahəsi isə çıxarışa əsasən ev sahibinin Starə xanım olması ilə bağlı müəssisənin siyahısında qeydiyyatını apardı. Həmçinin, mərhum Starə xanım vəfat edən zaman iddiaçılar bütün dəfn və mərasim xərclərini şəxsən özləri qarşılamışlar. İddiaçıların qardaşını tanımır və onu həmin ərazidə görməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki,tərəflər anaları vəfat etdikdən sonra mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmiş və mirası 1/3 hissədə qəbul etmişlər. Bununla əlaqədar miras əmlaka dair tərəflərə qanun üzrə X12 şəhadətnamə verilmiş, bunun əsasında tərəflər 1/3 hissə olmaqla paylı mülkiyyətlərini hüquqi qeydiyyatdan keçirmişlər. İşdən görünür ki, mübahisəli əmlakın paylı mülkiyyətə verilməsinə əsas olmuş qanun üzrə X12 şəhadətnamə(lər) və onun əsasında verilmiş çıxarış(lar) mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin “Miras şərikləri” adlanan 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarından görünür ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi tərəflərin analarından miras qalmış əmlaka - ünvan 5, 4 saylı mənzilə 1/3 hissə olmaqla payları müəyyən olunmuş və buna müvafiq olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras qalmış mübahisəli əmlaka tərəflərin notariat ofisinə ünvanladığı müraciətləri əsasında bərabər şəkildə pay hüquqları müəyyən edilməsi qanunamüvafiqdir. İddiaçılar Mülki Məcəllənin 1157-ci maddəsinin tələbləri baxımından miras qoyana qulluq göstərilməsi, onun müalicəsi, dəfn xərcləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Əksinə iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, miras qoyan X1 hazırkı iddiaçı olan İddiaçı1 arasında hazırkı miras kütləyə daxil olan mənzilə, pul tələbinə dair uzun müddət məhkəmə mübahisələri olmuş, lakin mərhum S.Səfərovanın sağlığında onunla cavabdeh arasında hər hansı mübahisə olmamışdır. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdikləri dəlillər əsassız hesab olmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.12-ci maddəsinə əsasən torpaq sahəsi tələbi barədəki iddialarda iddianın qiyməti torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı2 apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(060)-2550/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar