Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1805/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdeh “xxxx” MMC nümayəndəsi Nümayəndə1, Cavabdeh “X4 Bankı”nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin direktoru Nümayəndə2, “xxxx” MMC-nin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 və “X4 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-540/2021 saylı qərardadından cavabdehlər “xxxx” MMC və “X4 Bankı”, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC-yə, Cavabdeh3 və “X4 Bankı”na qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək “X4 Bankı” ilə “xxxx” MMC arasında bağlanmış 28.12.2017ci il tarixli, 3M-1382 reyestr nömrəli ipoteka müqavilənini etibarsız hesab edilməsi, RX 12187073 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-540/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olmuş İddiaçı “xxxx” MMC-yə və Cavabdeh3 qarşı “borcun, ona hesablanmış fazilərin qaytarılması və s.” tələbinə dair ilk, “xxxx” MMC və Cavabdeh3 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə verilmiş apellyasiya şikayəti ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-972/2021 saylı mülki işə mahiyyəti üzrə baxılıb, çıxarılacaq yekun qərar qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. (hakim A.Süleymanova) Həmin qərardaddan cavabdehlər “xxxx” MMC və “X4 Bankı”, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC şikayət verərək, onun ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-540/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 02 aprel 2021-ci il tarixli, 2(060)-540/2021 saylı qərardadından verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC nümayəndəsi Nümayəndə1, cavabdeh “X4 Bankı”nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin direktoru Nümayəndə2, həmçinin “xxxx” MMC-nin vəkili X2 qərardaddan vaxtında şikayət verildiyini bildirdilər və şikayətin mümkün sayılmasını, onun təmin edilməsini xahiş etdilər. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd olunmuş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, 02 aprel 2021-ci il tarixdə işə baxılarkən cavabdeh “xxxx” MMC nümayəndəsi Nümayəndə1, cavabdeh “X4 Bankı”nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin direktoru Nümayəndə2, həmçinin “xxxx” MMCnin vəkili X2 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onların iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 12 aprel 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, cavabdehlər “xxxx” MMC və “X4 Bankı”, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC həmin qərardaddan 15.04.2021-ci il tarixdə şikayət vermiş, şikayət 19.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişlər. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın cavabdehlər “xxxx” MMC və “X4 Bankı”, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC tərəfindən gec əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 və “X4 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-540/2021 saylı qərardadından cavabdehlər “xxxx” MMC və “X4 Bankı”, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1805/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1805/2021
07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver