Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1816/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Gasan Güseinovun, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(074)-993/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(074)-993/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 16 may 2016-cı il tarixli, AL-464 daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2017-ci il tarixə 206,9 manat əsas, 59,83 manat mükafat və həmin günə hesablanmış 3,75 manat dəbbə pulu, 7035 manat avtomobilə dəymiş zərər olmaqla, cəmi 7305,48 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli, 2(105)-1637/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(074)-993/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-94/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1637/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - avtomobilə dəymiş zərərə görə 7035 manat pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında bağlanmış 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 sentyabr 2018-ci il tarixə 2054,76 manat əsas, 458,99 manat mükafat və həmin günə hesablanmış 1001,64 manat dəbbə pulu, 7035 manat dəymiş zərər olmaqla, cəmi 10550,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2017-ci il tarixdə 206,9 manat əsas, 59,83 manat mükafat və həmin günə hesablanmış 3,75 manat dəbbə pulu, 7035 manat dəymiş zərər olmaqla, cəmi 7305,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsinə əsasən cəmiyyətin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE9ET044541 ban, 25620 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 249,66 manat, ümumilikdə isə 8987,44 manat məbləğində pulu İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyətində olan “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2018-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və serviz mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7035 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 noyabr 2017-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2017-ci il tarixə 206,9 manat əsas, 59,83 manat mükafat və həmin günə hesablanmış 3,75 manat dəbbə pulu, cəmi 7035 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi, öhdəliklərin ötürülməsi müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə onun arasında 2016-cı ilin mayında istifadə olunmuş “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqlə alınması ilə bağlı müqavilə bağlamışdır. Müqavilə bağlandığı gün İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına 1600 manat vəsait ödəmişdir. Həmçinin aralarında bağlanmış müqaviləyə əsasən o, İddiaçı açıq səhmdar cəmiyyətinə 7000 manat vəsait ödəməli idi. 2017-ci ilin noyabr ayında avtomobillə avtoqəza törətdikdən sonra ona və avtomobildə olan sərnişinə yüngül xəsarət dəymişdir. Bundan sonra psixoloji gərginlik və həyəcan keçirdiyindən avtomobili idarə etməmiş və üzürlü olaraq lizinq ödənişini edə bilməmişdir. Lakin hadisə baş verən ana kimi İddiaçı açıq səhmdar cəmiyyətinə 4553 manat və müqavilə bağlandığı vaxt 1600 manat, ümumilikdə 6153 manat pul ödəmişdir. Bundan sonra ona bildirilmişdir ki, maşını qaytarsın və İddiaçı açıq səhmdar cəmiyyəti ilə son haqq-hesabı qurtarsın. O, 2018-ci ildə avtomobili şirkətə təhvil vermişdir. Lakin sonradan İddiaçı açıq səhmdar cəmiyyəti əsassız olaraq avtomobilə 7035 manat ziyan dəydiyini əsas gətirərək məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin avtomobilə 7035 manat ziyan dəydiyini bildirməsi tamamilə uydurma tələbə əsaslanır. Belə ki, ikinci əl olan avtomobili 7000 manata aldığı halda, amortizasiya nəzərə alınmaqla avtomobilə dəymiş zərərin 7035 manat olması heç bir məntiqə əsaslanmır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Gasan Güseinov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə dəymiş zərərin ödənilməsinə dair olan hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi avtomobilə dəymiş zərərə görə 7035 manat pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin avtomobilə dəymiş zərərə görə olan hissəsində yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsinin və həmin müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ümumi məbləği 7000 manat təşkil edən “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini illik 17 faizlə, 36 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, 36 ay ərzində mükafat olaraq 1987,44 manat ödənilməlidir. İş materiallarında olan fərdi sahibkar İ.H.Həsənov tərəfindən verilmiş qüsur aktından görünür ki, “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 5355 manat, təmir işləri üzrə 1680 manat olmaqla, cəmi 7035 manat maddi ziyan dəymişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 10 avqust 2018-ci il tarixli, 1195 saylı xəbərdarlıq məktubundan görünür ki, 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsi üzrə olan borcunu ödəməsi barədə xəbərdar edilmiş, əks təqdirdə yaranmış borcun qaytarılması, daxili lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 17 sentyabr 2019-cu il tarixli 1886 saylı arayışından görünür ki, Cavabdeh 16 may 2016-cı il tarixli, AL-464 saylı daxili lizinq müqaviləsi üzrə 20 noyabr 2017-ci il tarixə 206,9 manat əsas, 59,83 manat mükafat, 3,75 manat cərimə olmaqla, cəmi 270,48 manat borcu qalmışdır. İş materiallarında olan 18 dekabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh 20 noyabr 2017-ci il tarixdə saat 09:00-da Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 71,1 kmdə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına çıxararaq aşırmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, daxili lizinq müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti dəyəri 700 manat təşkil edən “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 17 faizlə, 36 ay müddətinə Cavabdeh oğlunun müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İşin mübahisə olunmayan hallarından görünür ki, tərəflər arasında lizinq hüquq münasibətləri yaranmış, müqavilə bağlandıqdan sonra lizinq obyekti Cavabdeh təhvil verilmiş, 20 noyabr 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyekti olan avtomobilə ziyan dəymiş və lizinq obyekti 12.09.2018-ci il tarixdə zədələnmiş şəkildə iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd olunan maddənin məzmunundan görünüyü kimi, həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinin 11.3-cü bəndinə əsasən lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyektinə dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə lizinq verən tərəfindən bərpa edilir. Əgər lizinq obyekti olan avtomobil heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnərsə, lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bu halda, bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə lizinq ödənişlərinin ödənilməsi davam etdirilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə lizinq alanın avtomobilin zədələnməsi ilə bağlı öhdəliyindən iki istisna-lizinq obyekti olan avtomobilin tam məhv olması və avtomobilin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnməsi hallarını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının MM-nin 751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının MM-nin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, lizinq obyekti olan “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2018-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinə təhvli verilmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin hazırki iddiası 20 avqust 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının MM-nin 697.4-cü maddəsində nəzərdə tutulmuş 6 aylıq müddət kəsici müddətdir. Bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur və bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın tələbinin avtomobilə dəymiş zərərə görə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin avtomobilə dəymiş zərərə görə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(074)-993/2019 saylı qətnaməsi iddia tələbinin avtomobilə dəymiş zərərə görə pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1816/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1816/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver