Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1816/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-1007/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon üçün 1320 manat ödənilməmiş hissə, 132 manat cərimə olmaqla, cəmi 1452 manat borcun və 34.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon almış və nəticədə 1452 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 1650 manat (yəni 12 ay x 110 manat + 330 manat ilkin ödəniş) olan İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon üçün ümumilikdə 1452 manat olmaqla, ondan 1320 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 132 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 330 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək göstərmişdir ki, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon almışdır. Həmin telefonda qüsur olduğu üçün, dəyişdirilməsini istəmiş, lakin dəyişdirilməmişdir. Ona görə də xahiş edir ki, telefonun bu günə olan qiyməti hesablansın, bundan sonra qalan məbləği qrafiklə ödəniş edəcəkdir.
4. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon almışdır.
5. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon üçün 1320 manat ödənilməmiş hissə, 132 manat cərimə olmaqla, cəmi 1452 manat borcu yaranmışdır.
6. "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)- 1007/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon üçün 1320 (bir min üç yüz iyirmi) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, ümumilikdə 1360 manat borc və 33,60 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 600.5, 385.1, 425.1, 448.1, 442 və 462.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-1007/2024 nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun 1450 manat borcu var. "xxxx" Şirkəti tərəfindən telefonun imei kodu 10 aydır bağlıdır, bu necə olur ki, bu müddət ərzində işlədə bilmədiyi telefona görə tam məbləği ödəməyini tələb edirlər və nə üçün mübahisənin yaranma səbəbi qeyd olunmayıb. O, bu telefonu “Kontakt Home”dən götürənə qədər ümumilikdə “Kontakt Home”dan 20-yə yaxın telefon və məişət avadanlıqları almış və adında gecikmə olmayıb. Samsung s22 telefonunu götürəndən sonra telefonda texniki problem olduğu üçün 3 gün ərzində kontaktın Şamaxı şəhərində yerləşən filialına yaxınlaşmış və yaranan problem barədə məlumat vermişdir. Filial rəhbəri ona bildirmişdir ki, telefon servisə getməlidir və 30 gün ərzində cavab veriləcək. Ondan sonra ona qərarları barədə məlumat verəcəklər. O bu qaydaya etiraz etmiş və bildirmişdir ki, bunu müəyyən etmək üçün 15 dəqiqə vaxt lazımdır. Niyə onun şəxsi məlumatları olan əşyanı onlara verməlidir? Bunu müəyyən etmək üçün istənilən servisə nümayəndə ilə yaxınlaşaq mobil telefon yoxlanılsın. Rəhbərlik ona şifahi olaraq bildirdi ki, onlarda belə qayda yoxdur və ödənişi etməlidir. Rəhbərlikdən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanununu oxumağı xahiş etmiş o, isə bildirmişdir ki, bu onun işi deyil. Qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, "Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya (alıcıya) yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının (alıcının) onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı (alıcı) malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər". Həmin qanunun 15-ci maddəsinin 2-ci bəndi isə alınan malın geri qaytarılması ilə bağlıdır. 2-ci bənddə deyilir: "Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir". Bu halları o, Şamaxı Rayon Məhkəməsində şifahi və yazılı etirazında bildirib ekspertiza keçirilməsini bildirsə də, Şamaxı Rayon Məhkəməsi işə başdan sovdu qeyri-səmimi baxaraq məhkəmə araşdırması aparmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixli qətnamənin surəti onun şəxsi kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilərək qətnamənin verilmə müddəti barədə MPM-nin tələbləri qanunları qorumalı olan məhkəmə tərəfindən ciddi şəkildə pozulmuşdur. Qənaətinə görə məhkəmə heç bir əsas olmadan iddianı təmin etməklə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur. Ona satılan S22 telefonu işləməmiş, xarab olmuş, bunu onlara bildirsə də heç bir tədbir görməmişlər. Zənnincə əgər işə baxan məhkəmə sübütlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, ekspertiza təyin etsəydi, iddianı rədd edərdi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
18. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, bir ədəd mobil telefon cihazı almış, cavabeh aldığı malın dəyərindən 330 manat ödəmiş, 1320 manat ödənilməmiş borcu qalmışdır. İddia müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********06767 SAMSUNG GALAXY S22 markalı telefon üçün 1320 (bir min üç yüz iyirmi) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, ümumilikdə 1360 manat borc və 33,60 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
21. Məhkəm mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında malların dəyərini hissə-hissə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malların nisyə almasına dair hüququndan istifadə etmiş, malların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə həmçinin cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 132 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 40 manat məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və bu səbəbdən əlavə araşdırma aparılmasına zərurət görmür, hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-1007/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kasaasiya şikayəti verilə bilməz.