Məhkəmə qərarları › İş №2(105)-1817/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1817/2021

23.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1817/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı1, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 930/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı2 məxsus olan ünvan 1 ünvanda yerləşən yuyucu sexinə görə hesablanmış 4.104 (dörd min yüz dörd) manat borcun silinməsi qət edilmişdir.(hakim C.Səfiyeva). Cavabdeh ASC qətnamədən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçıların cavabdehə qarşı “yuyucu” sexi barəsində 09332 saylı akta əsasən hesablanmış 4.104 manat məbləğində əlavə sərfiyyatın silinməsi” iddiasına dair mülki iş məhkəmə aidiyyəti qaydasında baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(102)-1135/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(105)-2243/2020 saylı qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin X4 İdarəsinin əməkdaşları tərəfindən yazılmış inventar aktının etibarsız hesab edilməsi və hesablanmış 4104 mənbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 2009-cu ildə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 203 ünvanındakı tikilini obyekt kimi işlətmək qərarına gəlmişdir. Ağdam rayonundan məcburi köçkün, işsiz və İİ qrup əlil kimi səhhətində olan problemlərlə bağlı bu işi başa çatdıra bilməmişdir. Bu səbəbdən həmin tikilini işlətmək üçün kirayəyə vermişdir. 01.03.2009-cu il tarixdə “Abşeron Sukanal” İdarəsi ilə “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” 19379101 saylı müqavilə bağlamaqla obyektə su çəkdirib, 130862 abonent kodu açdırmışdır. Həmin qeyri-yaşayış sahəsində “Yuyucu” sexi fəaliyyətə başlamışdır. Burada icarəçi kimi İddiaçı2 bir müddət işlədikdən sonra. 2014-cü ildə obyekti ona təhvil verərək işləmək istəmədiyini bildirmişdir. Həmin sahəyə suyu İddiaçı2 çəkdirmiş və bu səbəbdən də abonent kodu və müqavilə onun adına rəsmiləşdirilmişdir. 25 Fevral 2019-cu il tarixdə “Abşeron Sukanal” İdarəsinin əməkdaşları sözügedən ünvanda yuyucu sexinin ətrafında rezin şlanqdan ərazinin təmzilənməsini, yuyulmasını aşkar etməklə 09332 nömrəli inventar aktı tərtib edərərk, 1 illik hesabat yazmaqla əsassız və qanunsuz 4.104 manat cərimə yazmışlar. 15 Fevral 2012-ci il tarixdə 01.01.2012 – 31.12.2015-ci illər üçün ünvan 4 ünvanında yuycu sexin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-nin Abşeron Sukanla İdarəsi ilə 130862 saylı müqavilə bağlanmışdır. Müqavilənin müddəti də 2015-ci ildə bitmiş, yeni müqavilə bağlanmamışdır. Qeyd edilən obyektə 2012-ci ildə 15/15 Alfasu B0718380 plomblu, sayğac nömrəsi 49997918, qiyməti 247,23 olan su ölçən cihazı quraşdırılmışdır. Su ölçən cihaz quraşdırılana kimi və sonralar həmin sexdə su təchizatı və kanalizasiya xidmətlərinə görə Abşeron Sukanal İdarəsinə heç bir borc olmamışdır. Ancaq Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən abonentə əsassız, qanunsuz cərimə yazılmışdır, buna səbən kimi bildirirlər ki, guya yuyucu işləməyə-işləməyə ətrafdakı zibilliyin, palçığın təmzilənməsində 15 mm-lik rezin boru vasitəsi ilə qanunsuz qoşulma var. Heç bir fəaliyyəti olmayan sexdə sudan istifadə olunmadığı halda, cavabdeh Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən hələ kanalizasiya xidmətinə görə də cərimə yazılmışdır. Cavabdeh tərəfindən quraşdırılmış su sayğacının prombu üstündə ola-ola sudan istifadə olunmursa, kanalizasiya xidmətinə görə əsassız cərimə nəyə görə yazılmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh ASC apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 10 mart 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1115-ci madələri, «Sudan istifadə qaydaları haqqında» və «Su təchizatı və tullantı suları haqqında» Qanunun normaları və prosesaual qanunverciliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. İş materialları ilə tamamilə təsdiq edilir ki, iddiaçılara məxsus sexə 25.02.2019-cu il tarixdə baxış keçirilən zaman sayğacdan kənar, yəni qeyriqanuni sudan istifadə edilmişdir. Bunun təsdiq edilməsilə bağlı MXD-9332 saylı akt tərtib edilmiş, dövlətə vurulmuş ziyan hesablanaraq 4104 manat müəyyən edilmişdir. İddiaçılar tərəflər arasında imzalanmış 01.03.2009-cu il tarixli müqavilənin müddəalarına əməl etmədiklərinə görə onların öhdəliyi yaranmışdır və akt əssında tələb edilən məbləğ ödənilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(0127)- 930/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə etdi ki, təmsil etdiyi Cəmiyyətlə istehlakçı İddiaçı2 arasında müqavilə bağlansa da, onun icarəyə götürdüyü obyektin sahibi İddiaçı1dur. Buna görə də cərimə İddiaçı2 tətbiq edilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı1 məhkəmə kollegiyasında bildirdi ki, şikayət əsassızdır və o, qanuni qətnamənin ləğv edilməsinə əsas hesab edilə bilməz. Əlavə etdi ki, onun yuyucu sex kimi işlətmək istədiyi yerin heç bir sənədi olmamışdır. O, iki binanın arasında yüngül konstruksiyalı balaca sex düzəltmiş, lakin Qarabağ əlili kimi səhəti imkan vermədiyinə görə oranı işlədə bilməmiş, işlətmək üçün İddiaçı2 vermişdir. O da müəyyən müddət işlədikdən sonra sərf etmədiyi üçün çıxıb getmişdir. Rüfət gedərkən o, xəstəxanada müalicədə olmuşdur. 2015-ci ildə sexin yerində Abşeron RİH tərəfindən park salınmışdır. Bundan sonra o, həmin sahə ilə maraqlanmamışdır. Onun heç bir sənədi yoxdur, vergi ödəyicisi deyildir. Buna görə də şikayətin rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında digər İddiaçı2 da şikayətlə razılaşmadığını və onun təmin edilməməsini xahiş etdi. O da əlavə etdi ki, sex kimi müəyyən müddət işətdiyi yerin heç bir sənədi olmamışdır. Onunla müqavilə heç bir sənəd olmadan 2012-ci ildə bağlanmışdır. Həmin vaxt onun yalnız vergi uçotu olmuşdur ki, o da 2015-ci ildən bağlanmışdır. O, təxminən 2014-cü ilin sonlarından sərf etmədiyi, heç bir gəlir əldə edə bilmədiyi üçün sexi bağlayıb getmişdir. Həmin vaxt Elman xəstəxanada olmuşdur. Ondan sonra da həmin sexi söküb yerində park salıblar. 2015-ci ildən onun həmin yerə ayağı dəyməyib. Sex işləyən vaxt Su idarəsinin işçiləri hər ay gəlib oranı yoxlayıblar. 2015-ci ildən sonra onların gəlib oranı yoxlamaması heç bir məntiqə sığmır. Kənar şəxslərin su xəttinə qanunsuz qoşulub sudan istifadə etməsinin ona nə aidiyyatı var. Vətəndaşlar istənilən yerdə su xəttinə qanunsuz qoşula bilərlər. Bu işdə bir günahkar varsa, o da Su idarəsinin bu sahəyə nəzarət etməli olan işçiləridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 130862 saylı, 15 fevral 2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC-nin X4 İdarəsi ilə İddiaçı2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 203 ünvanında sudan istifadə ilə razılaşma əldə edilmiş, tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2015-ci ilədəkdir. Yenə iş materiallarında olan X4 İdarəsi tərəfindən tərtib edilmiş 25.02.2019-cu il tarixli, 09332 nömrəli inventar aktından görünür ki, ünvan 6 ünvanda yerləşən çayxananın su sayğacına keçirilən baxış zamanı sudan d=70 mm-lik boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi müəyyən edilmiş, MXS-nin mühəndisi, nəzarətçiləri tərəfindən imzalansa da, obyektin nümayəndəsi tərəfindən imzalanmasından imtina edilmişdir. Yenə də iş materiallarında olan X4 İdarəsinin 26.12.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 203 ünvanında yerləşən yuyucu sexində sudan D= 70 mm-lik boru vasitəsilə sayğacdankənar qeyri-qanuni istifadə olunur. Kənar xətt kəsilərək ləğv olundu. 2052 kub.metr miqdarında 4104 manat dəyərində sudan qeyriqanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13412/2017 saylı, 06 noyabr 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən, vaxtilə İddiaçı1 məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 203 ünvanında yerləşən yuyucu sexində su təchizatı və kanalizasiya sisteminə baxış keçirərək müəyyən etmişlər ki, obyektin su sayğacı qapalıdır, lakin ərazinin təmizlənməsi üçün sayğacdan keçməyən, d=70 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilir. Ona görə də sayğacdan keçməyən əlavə xətt kəsilərək ləğv olunmuş, akt tərtib edərək obyekti icarəyə götürmüş və cavabdehlə müqavilə imzalamış digər İddiaçı2 4104 manat cərimə tətbiq edilmişdir. Hazırda İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin X4 İdarəsinin əməkdaşları tərəfindən yazılmış inventar aktının etibarsız hesab edilməsi və hesablanmış 4104 mənbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar iddia edirlər ki, kənar qoşulmanın onlara aidiyyəti yoxdur, çünki artıq 2015-ci ildən yuyucu sex fəaliyyət göstərmir, orada park salınmışdır. Xəttə kənar qoşulmanın kim tərəfindən aparıldığı da onlara bəlli deyildir. Buna görə də tərtib olunmuş inventar aktı əsasında hesablanmış cərimə silinməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Yenə həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Yenə də həmin Məcəllənin 44-cü maddəsinə əsasən sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə, su obyektlərindən istifadə müddəti qurtardıqda, su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə, tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna xitam verilir. İstinad olunan maddənin tələblərinə görə artıq 2015-ci ildən iddiaçı tərəfin sudan istifadə hüququna xitam verilmiş hesab olnur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23, 24-cü maddələrinin ümüumi tələblərinə görə su təchizatı sisteminə qoşulmaq üçün əsas şərtlərdin biri müraciət edən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olmasıdır. Bundan əlavə su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatlar, habelə su təsərrüfatı pasportu təqdim olunmalı, su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalar yoxlanılmalıdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, “yuyucu sexi” kimi fəaliyyət göstərmiş obyektin heç bir sənədi olmamış, Su təchiztı müəssisəsi özbaşına quraşdırılmış qurğunu su ilə təzhiz etmişdir. İsitinad olunan Qanunun 30.1-ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin tədqiq olunan faktiki halı onu deməyə əsas verir ki, qeyd edilən obyektə su verilməsi ilə bağlı heç bir ciddi nəzarət olmayıb, sayğac quraşdırlsa da, müqavilə bağlansa da, su verilən obyekt öz fəaliyyətini dayandırdıqdan sonra orada sudan istifadə edilib-edilməməsi, yaxud qanunsuz istifadənin olub-olmaması ilə maraqlanan olmamış, nəzrətsizlikdən mövcud su xəttinə kənar qoşulma olmuş, bu hal da araşdırılmadan cərimə artıq heç bir aidiyyatı olmayan şəxslərə yazılmışdır. Halbuki, istinad olunan Qanunun 49-cu maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna uyğun olaraq hüquq və vəziflərin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli nümayəndələrini təyin edirlər. Səlahiyyətli nümayəndəyə onun fotoşəkli və şəxsi imzası olan müəyyən olunmuş formada vəsiqə verilir. Zəruri hallarda səlahiyyətli nümayəndə və ya ona bu səlahiyyəti verən su təchizatı və kanalizasiya müəssisəsi kömək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada ona lazımi kömək göstərməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). AR MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan “itirilmiş su hesabatı”dan görünür ki, su təchizatı müəssisəsi tərəfindən abonentə dəyəri ödənilməmiş 2052 kub su üçün 4104 manat məbləğində borc hesablanmışdır. 25.02.2019-cu il tarixli, 09332 nömrəli inventar aktından da göründüyü kimi qeyd olunan akt tərtib olunarkən, obyektin nümayəndəsinin və şahidlərin iştirakı təmin olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması nəticəsində aktda obyektin nümayəndəsi kimi qeyd olunmuş İddiaçı2 aktı imzalamqdan imtina etdiyi göstərilmiş, lakin bu imtinanın da təsdiqlənməsi üçün yeni akt tərtib edilməmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, “Abonent haqqında məlumat” cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçılar üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası da bu mövqe ilə razılaşır və işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gələr ki, hesablınmış cərimənin hüquqi əsası olmadığından iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı2 məxsus olan ünvan 1 ünvanda yerləşən sexdə sudan istifadəyə görə hesablanmış 44104 manat borc silinməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 25.02.2019-cu il tarixli, 09332 tarixli aktda göstərilən pozuntunun iddiaçılar tərəfindən törədilməsi iş materialları ilə sübut olunmadığından bu akt əsasında hesablanmış borc əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar