Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1819/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(067)- 2111/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(067)-2111/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və “Dəymiş ziyanın bərpasına dair” həmin tarixli tələbnamə əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 4665,60 manat məbləğində pulun silinməsi və iddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 66,65 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və yoxlamanın nəticələrinə dair komissiyanın qərarı əsasında abonent hesabına yazılmış 4665,60 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhəri, ünvan 1 ünvandakı yaşayış evi ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə təbii qazdan qeyri-qanuni istifadə olunması barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt yazılaraq onu cəmi 4665,60 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda yerləşir, heç nədən xəbəri olmamış, əlavə olaraq hər hansı bir müdaxilə, sayğacdan kənar qoşulma olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun tərəfindən hər hansı qanun pozuntusuna və nöqsanlara yol verilməməsi barədə dəfələrlə “Azəriqaz’' İB-nə müraciət etsə də, əsassız olaraq ona yazılmış cəriməni silməkdən boyun qaçırmışlar. Hətta bu barədə yaşadığı küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qazın haqqını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri də vardır. Hal-hazırda sayğacdakı göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2024-cü il tarixli akt yazılarkən onun xəbəri olmamışdır. Evə bildiriş gəldikdə “Azərqaz" İB-yə 4665,60 manat əlavə borcu olduğu ona məlum olmuşdur. Halbuki, onun borcu yoxdur, onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyi, heç bir kənar xəttə qoşulma və təbii qazdan qanunsuz istifadə etmə hallarına yol vermədiyi müəyyən ediləcəkdir. Onun hesabına əsassız yazılmış 4665,60 manat məbləğlə bağlı Cavabdeh İB-nin X6 İstismar İdarəsinə müraciət etsə də, əsassız yerə yazılmış pul hal-hazıradək silinməmişdir. Qazdan qanunsuz istifadə etməsi barədə heç bir fakt və sübut yoxdur. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt və yoxlamanın nəticələrinə dair komissiyanın qərarı əsasında abonent hesabına yazılmış 4665,60 manat pulun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə görə, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən təqdim olunan sənədlərə (materiallara) əsasən İddiaçı məxsus Xaçmaz şəhəri Bakı küçəsində yerləşən evdə qazdan qanunsuz qoşulmaqla istifadə olunmasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə etməsi halını aşkar edərək qanunvericiliyə uyğun hərəkət etmişlər. Təbii qazdan qanunsuz istifadə faktı videoçəkilişlə qeydə alınmış və videoçəkilişin yazıldığı disk məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın silinməsi barədə qəbul olunmuş qərar qanunvericiliyə və məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə qaz xəttindən qeyri-qanuni istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə və ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin iddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi işin faktiki hallarına qətiyyən uyğun gəlmir. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2111/2024 saylı qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə olan sübutları, o cümlədən videoçəkilişi tədqiq edərək onlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(067)-2111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, konkret halda iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, o cümlədən abonentin qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulması faktının həqiqətən də baş veribverməməsindən asılı olmayaraq, Cavabdeh İB-nin əməkdaşları aşkar olunduğu iddia edilən həmin faktı qanunvericiliyin tələblərinə uyğun qaydada və formada qeydə ala və sənədləşdirə bilmədiklərinə (bu işləri qüsurlu və pozuntu ilə icra etdiklərinə) görə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər (yoxlama aktı, videoçəkiliş) qanuni və mötəbər sübut standartlarına cavab vermir. Ona görə də məhkəmə həmin sənədlərə cavabdehin dəlillərini təsdiqləyən sübutlar kimi qiymət verə bilmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş və 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13.8-1-ci maddəsində deyilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahıyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir... Maddənin məzmunundan da aydın olduğu kimi, 2022-ci il mayın 1-dən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırkı iş üzrə 08 fevral 2024-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”da abonent İddiaçı baxış keçirilməsində iştirak etdiyi, aktı imzalamaqdan isə imtina etdiyi qeyd olunmuşdur. Belə olduğu halda aktın surəti İddiaçı özünə və ya yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim olunmalı idi (bu barədə akta qeyd və imza etdirilməklə). Lakin aktın surətinin İddiaçı və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim olunması, yaxud başqa üsulla verilməsi (çatdırılması) təsdiqini tapmır. Bununla qanunun tələbi və abonentin hüquqları pozulmuşdur. Bundan başqa, aktı tərtib edən şəxslər evə və həyətə daxil olmadıqları halda aktda göstərilən qaz işlədicilərinin həmin ünvanda istifadə olunmasının necə müəyyən edildiyi də bilinmir. Aktda baxışın texniki vasitələrdən istifadə edilməklə (foto və ya videoçəkiliş aparılmaqla) keçirilməsi qeyd olunmadığından məhkəməyə təqdim olunmuş diskdəki videoçəkilişin həmin baxışa aid olub-olmadığını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, təqdim olunmuş videoçəkilişdə nə baxış keçirən şəxslər, nə də baxış keçirilən ünvanda yaşayan hər hansı şəxs görünmür. Videoçəkilişdən belə təsəvvür yaranır ki, əslində iddiaçının ünvanında aktda təsvir olunan qaydada yoxlama və baxış keçirilməmiş, çəkiliş isə bir nəfər (yəqin ki, nəzarətçi) tərəfindən təkbaşına və gizli olaraq aparılmışdır. Habelə, videoçəkilişdə aşkar olunduğu iddia edilən qanunsuz xəttin qazpaylayıcı şəbəkədən ayrılması və qazın verilməsinin dayandırılması ilə bağlı tədbirlərin görülməsi də əksini tapmamışdır. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları aşkar olunduğu iddia edilən qanunsuz qoşulma faktının qeydə alınması və sənədləşdirilməsində çoxsaylı nöqsan və pozuntulara yol vermişlər ki, bunlar da tərtib olunmuş sənədlərin (o cümlədən videoçəkilişin) məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmasını və qiymətləndirilməsini qeyri-mümkün edir. Bundan başqa, MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu normanın tələbi baxımından istehlakçının qazın talanmasında təqsirli olması onun barəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin (onun aidiyyəti qurumunun) inzibati xəta haqqında iş üzrə qərarı, yaxud cinayət təqibi orqanının müvafiq qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər (etməlidir). Bundan ötrü, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinə müvafiq olaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahıyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İş materiallarından görünür ki, Cavabdeh İB-nın Xaçmaz X5 İdarəsi tərəfindən İddiaçı barəsində qazdan qanunsuz istifadə ilə bağlı inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə göndərilmişdir. Agentliyin Xaçmaz filialından birinci instansiya məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 3-15-2-11/2- 582/2024 nömrəli məktubdan məlum olur ki, Cavabdeh İB-nın Xaçmaz X5 İdarəsindən 29 aprel 2024-cü il tarixdə daxil olmuş 14-2-2-8/2-334/2024 nömrəli müraciəti əsasında İddiaçı barəsində qazdan qanunsuz istifadə ilə bağlı inzibati qaydada tədbir görülməsi üçün materiallara Agentliyin Xaçmaz filialında baxılmışdır. Təqdim edilmiş materiallar araşdırılarkən və fərdi yaşayış evinə baxış keçirilən zaman istehlakçının əməllərində İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən olunmadığından inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar yaranmış və 16 may 2024-cü il tarixdə həmin vətəndaşla bağlı inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsinə dair Qərar çıxarılmışdır. Göründüyü kimi, aidiyyəti orqanın araşdırması zamanı iddiaçı tərəfindən təbii qazın talanması faktı təsdiqini tapmamış və onun barəsində inzibati xəta haqqında iş üzrə inzibat başlanılması rədd edilmişdir. Cavabdeh İB tərəfindən EN-in X2 Agentliyinin (Xaçmaz filialının) İddiaçı barəsində İXM-in 282.1-ci maddəsi ilə inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsinə dair 16 may 2024-cü il tarixli qərarı mübahisələndirilməmiş və həmin qərardan məhkəməyə (həmçinin yuxarı inzibati orqana) şikayət verilməmişdir. Belə olduğu halda Cavabdeh İB-nin İddiaçı qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma yolu ilə təbii qazı talamaqda təqsirli hesab etməsi və ondan dəymiş zərərin əvəzini tələb etməsi qanunsuzdur. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə qaz xəttindən qeyri-qanuni istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Cavabdehin həmin dəlili də əsassızdır. İddiaçı “qaz xəttindən qeyri-qanuni istifadə etmədiyini” sübut etməyə borclu deyil, əksinə, istehlakçının (iddiaçının) təbii qazdan istifadə ilə bağlı qeyri-qanuni hərəkətlərini (qanunsuz istifadə hallarını) sübut etmək qaz paylayıcısının (cavabdehin) vəzifəsidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair” iddiasını təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(067)-2111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1819/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1819/2024
24.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver