Məhkəmə qərarları › İş №2(105)-1830/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1830/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1830/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)-3439/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)-3439/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Qətnamədən iddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair” iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********04773 olan “Huaweı Nova Y90” markalı telefon üçün 224.04 manat ödənilməmiş hissə, 22.96 manat cərimə olmaqla ümumilikdə 247 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" MMC-dən İMEİ kodu **********04773 olan “Huaweı Nova Y90” markalı telefon almış və nəticədə 247 (iki yüz qırx yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 746.04 manat olan (ödəmə şərti: 12 ay x 62.17 manat + 0 manat ilkin ödəniş) “Huaweı Nova Y90” markalı telefon üçün ümumilikdə 247.00 manat olmaqla, 224.04 manat qiymət fərqinə görə hesablanan borcu və 22.96 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 522 manat təşkil etmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh aldığı telefonu bir müddət sonra heç bir qanuni əsas olmadan geri qaytarmış, bununla müqavilə öhdəliklərini pozmuşdur. İddiaçı ilkin satış qiyməti 746.04 manat olan telefonu təkrar satışa 522 manat qiymətlə çıxarmağa məcbur olmuş, həmin qiymət fərqi iddiaçının üzərində cavabdehin vurduğu zərər kimi qalmışdır. Ona görə də "xxxx" MMC hesab edir ki, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh telefonu 2023-cü ilin noyabr ayında MMC-yə geri qaytarmışdır. Həmin tarixdə hər hansı akt tərtib edilməmiş və video görüntü mövcud deyildir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Huaweı Nova Y90” markalı telefonu almışdır. xx.xx.2023-cü il tarixdə isə mağazanın Əhmədli filialına yaxınlaşaraq telefonu geri qaytarmışdır. Bu zaman telefonu geri qaytarması ilə bağlı ona heç bir sənəd təqdim olunmamışdır. Telefonu qaytarmasının səbəbi atasının sağlamlıq vəziyyətinin pisləşməsi olmuşdur, belə ki, sonradan atası vəfat etmişdir. Telefonun heç qablaşdırılmasını da açmamış, nömrə də taxmamışdır. Bundan xeyli müddət sonra ona xx.xx.2024-cü il tarixində bildiriş gələrkən məlum olmuşdur ki, telefonun ödənişi ilə bağlı 247 manat borcu yaranmışdır. MMC tərəfindən ona telefonun qaytarılması ilə bağlı heç bir sənədin verilməməsi, Cəmiyyətlə aralarında bağlanmış müqavilənin ləğv olunmaması məhz iddiaçının nöqsanıdır. "xxxx" MMC qərəzli şəkildə müqaviləni ləğv etməmiş və öz maraqlarını güdmüşdür. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara əsasən belə nəticəyə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilənin predmeti iddiaçıya qaytarıldığından iddia təmin edilməməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə aldığı telefonu 1 gün sonra, iddiaçı isə telefonun xx.xx.2023-cü il tarixdə qaytarıldığını iddia etsələr də, bu barədə təhvil-təslim aktı və ya başqa sənəd tərtib edilməmişdir. Belə olan halda iddiaçı geri aldığı mala görə əlavə ödəniş tələb edə bilməz. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 623.1 və 623.2ci maddələrinə istinadla əsaslandırmışdır. Mübahisənin həllinə bu mövqedən yanaşan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)-3439/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab etmir. Əvvəla, qeyd edir ki, cavabdeh məhkəmə prosesində əşyanı 1 gündən sonra qaytardığını bildirsə də, lakin əşyanı 4 ay istifadə etdikdən sonra, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Kontakt Home”nin Əhmədli mağazasına “atıb” getmiş, rəsmi təhvil verməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, HUAWEİ NOVA Y90 4GB/128 GB CRYSTAL BLUE markalı telefonu cavabdeh tam və qüsursuz şəkildə təhvil alaraq bunu imzası ilə təsdiq etmişdir. Cavabdeh sözügedən telefonu xx.xx.2023-cü il tarixində mağazaya atıb getmiş, telefonu qaytarmasını sənədləşdirməmişdir. Məhsul və zəmanət 522 manat qiymətləndirilib cavabdehin borcundan silinmiş, bu barədə ona 18 aprel 2024-cü il tarixdə məktub göndərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.10-cu bəndinə əsasən "Müştəri” ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərcİərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ "Müştəri”nin ümumi borcundan çıxılır. Eyni zamanda, iddiaçının nümayəndəsi məhkəmə proseslərində dəfələrlə sədrlik edənə bildirmişdir ki, satılarkən aktiv olunan telefonu qaytarılandan sonra yeni məhsul kimi satmaq mümkün deyil. Lakin məhkəmə bunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsipləri ilə uzlaşmamaqla işin düzgün və ədalətli həllini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)- 3439/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən nisyə qaydada “HUAWEİ NOVA Y90” markalı mobil telefon almış və malın qiymətini 1 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə görə, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə məhsul qaytarıldıqdan sonra ona qoyulan yeni satış qiyməti 522 manat çıxılmaqla qiymətlər fərqini təşkil edən 224,04 manat və dəbbə pulu 22,96 manat olmaqla ümumilikdə 247,00 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.1 və 623.2-ci maddələrinə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər... Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 645.2 və 645.3-cü maddələrinə müvafiq olaraq, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər... Müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. İstinad edilən normalardan göründüyü kimi, qanunda alğı-satqı müqaviləsi üzrə alıcının aldığı malı on dörd gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdə isə alıcıdan geri qəbul edilən malın yenidən satıldığı (yaxud satışa çıxarıldığı) qiymətlə əvvəl satılmış qiyməti arasındakı fərq (ucuzlaşma məbləği) öhdəliyi pozmuş alıcı tərəfindən satıcıya ödənilməlidir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin də 3.10-cu bəndində göstərilir ki, "Müştəri” “ABC”nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərcİərini qarşıladığı halda “mal”ı geri qaytara bilər. Bu zaman “mal” “ABC”nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ "Müştəri”nin ümumi borcundan çıxılır. Həmin müqavilənin 3.11-ci bəndinə görə, “Müştəri” hər hansı səbəbdən “mal”ı qaytararsa, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu “mal”ı “ABC”nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin “mal”ın dəyərini tam şəkildə ödəməlidir. İş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatlarında xx.xx.2023-cü il tarixdə aldığı telefonu 1 (bir) gün sonra, birinci instansiya məhkəməsinə təqdim etdiyi “iddiaya qarşı etiraz və mülahizələr”ində isə həmin telefonu alandan 2 (iki) gün sonra mağazadan qəbul etdiyi, istifadə olunmamış və hətta, qablaşdırılması pozulmamış vəziyyətdə geri qaytardığını, buna səbəb atasının sağlamlıq durumunun qəflətən pisləşməsi və telefonun pulunu ödəməyə imkanı olmayacağını başa düşməsi olduğunu, lakin mağazada onun telefonu geri qaytarmaq istəməsinin narazılıqla qarşılandığını, telefonu qaytarması barədə heç bir sənədləşmə aparılmadığını və nəticə etibarilə telefonu mağazada qoyub getdiyini bildirmişdir. "xxxx" MMC isə cavabdehin telefonu 4 ay istifadə etdikdən sonra, həmin müddətdə heç bir ödəniş etmədən gətirib mağazada ataraq getdiyini iddia edir. Halbuki, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, “xx.xx.2023cü il tarixində istifadənizdə olan və dəyəri tam ödənilməmiş həmin mal (HUAWEİ NOVA Y90 4GB/128 GB CRYSTAL BLUE markalı telefon) qiymətləndirmə üçün əməkdaşlarımız tərəfindən təhvil alınmışdır”. Həmin bildiriş sifarişli sürətli poçt xidməti vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Göründüyü kimi, istinad edilən bildirişdə xx.xx.2023-cü il tarixdə nisyə alınmış telefonun xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən geri təhvil alındığı qeyd olunsa da, lakin telefonun hansı vəziyyətdə təhvil verilib-alınması barədə cavabdehin iştirakı ilə akt tərtib edilməmişdir. Halbuki, “mal”ın geri qaytarılmasını vaxtında, alıcının iştirakı ilə və qaytarılan “mal”ın vəziyyətini (zahiri görünüşünü, onda sonradan yaranmış qüsur və ya zədələrin olub-olmamasını) təvsilatlı şəkildə təsvir etməklə (zərurət olduqda foto və ya video çəkiliş aparmaqla) aktlaşdırmaq satıcının vəzifəsidir, eyni zamanda, satıcı belə aktlaşdırma aparılmamasının riskini özü daşıyır. İddiaçı telefonun cavabdeh tərəfindən bir müddət istifadə olunduqdan sonra qaytarıldığını iddia etsə də, bu barədə məhkəməyə müvafiq sübutlar (təhvil-təslim aktı, mütəxəssis rəyi və s.) təqdim edə bilməmişdir. Ona görə də məhkəmə mübahisəli telefonun qısa müddətdə (bir və ya iki gündən sonra) və qüsursuz (istifadə olunmamış) vəziyyətdə geri qaytarıldığı barədə cavabdehin dəlillərini işin həqiqi halı kimi qəbul etmək məcburiyyətindədir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə”də mübahisəli telefonun alğı-satqısı ilə əlaqədar satıcının hər hansı əlavə (çatdırılma, quraşdırılma, daşınma və s.) xərclər çəkməsi müəyyən olunmur. İddiaçının apellyasiya şikayətində qeyd edilir ki, satılarkən aktiv olunan telefonu qaytarılandan sonra yeni məhsul kimi satmaq mümkün deyil. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini onun iddiasının əsaslılığına dəlalət edən hal kimi qəbul etmir. Belə ki, mobil telefon satılarkən onun satıcı tərəfindən aktiv edilməsi bütün telefonlara aid olmayıb, bəzi telefon markaları üzrə tətbiq olunan və alıcının həmin telefonun ilk sahibi olduğuna təminat verən bir qaydadır. Bu qaydanın tətbiqi özlüyündə müvafiq markalı telefonların daha bahalı olmasını və daha yüksək qiymətlərə satılmasını şərtləndirir. Həmin qaydanın tətbiq olunduğu telefon alınandan sonra istifadə olunmadan qısa müddətdə geri qaytarılanda belə, onun yeni satış qiyməti satıcı tərəfindən aşağı salınırsa, bu, həmin telefonun əmtəə dəyərinin azalması mənasını ifadə etmir və əvvəlki alıcı tərəfindən vurulmuş zərər kimi qiymətləndirilə bilməz. Qanunun tələbinə görə, alıcı işlədilməmiş və istehlak xassələri qorunub saxlanılmış malı satıcıya geri qaytara bilər. Konkret halda Cavabdeh da aldığı telefonu qeyd edilən tələblərə uyğun olan vəziyyətdə iddiaçıya qaytarmışdır. Ona görə də iddiaçı hansısa kommersiya adətləri baxımından telefonu yenidən qiymətləndirib onu təkrar satışa bir qədər aşağı qiymətlə çıxarırsa, bu zaman qiymət fərqini ona dəymiş zərər kimi cavabdehdən tələb etməsinin qanuni əsası yoxdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)-3439/2024 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(012)- 3439/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar