Məhkəmə qərarları › İş №2(105)-1831/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1831/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1831/2024 28.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı “avtodayanacaqların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(012)-3780/2024 nömrəli qərardadından cavabdeh Abşeron Xırdalan-4” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və “Abşeron, Xırdalan-4” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı avtodayanacaqların təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeronservis-A’’ МTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının -1-ci mərtəbəsində (zirzəmi mərtəbəsi) yerləşən və ona məxsus olan 11 ədəd avtodayanacağın (qarajın) plan sxeminin və onların iddiaçıya məxsusluğu barəsində müvafiq sənədlərin (müqavilə və maliyyə arayışı) dublikatının ona təqdim edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması, 11 ədəd avtodayanacağın ona geri təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması, həmçinin 2024-cü ilin fevral ayından ödənilməmiş qalmış 10 ədəd qarajın icarə haqqı məbləğlərini təşkil edən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət ünvanlayaraq iddiaçının onlara qarşı 11 qaraja dair maliyyə və müqavilə sənədlərinin verilməsinə öhdəliyinin qoyulması iddiasının inzibati məhkəmə aidiyyatı olduğu üçün aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində bu barədə ərizə ilə cavabdeh təşkilat "xxxx" MMMC-yə müraciət etmiş, onun tələbinə imtina verilmişdir. İddiaçı hüquqi şəxsin ona qarşı hərəkət və hərəkətsizliyindən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verməli olduğu halda bunu etməmiş, məhkəmə aidiyyəti qaydasını pozmuşdur. Nümayəndəsi olduğu hüquqi şəxsin səlahiyyətli nümayəndəsi hüquqşünas olmadığından bu halı görməmiş və bu səbəbdən də vəsatət verilmişdir. Məhkəmə isə hansı səbəbdənsə bu hala diqqət yetirməmişdir. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(012)-3780/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddianın inzibati məhkəməyə aid olması əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin məzmununa baxılsa görünər ki, iddiaçının iddia tələbi inzibati məsələlərin həlli ilə bağlı əmlak tələbidir. İddiaçının heç bir sənədi olmadan "xxxx" MMMC-nin əmlakları olan mülkiyyətçilərin müştərək sahiblərində olan avtodayanacaq (qaraj) adlanan xeyir şər yerlərdən 11 ədəd qaraja müqavilə və maliyyə arayışı vermək öhdəliyi qoyulmasını tələb etmişdir. Bu hal inzibati mübahisələrə dair əmlak məsələsidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı MPM-nin 385, 388, 389-cu maddələrinə əsasən ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(012)-3780/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və bunu qərardadında onunla əsaslandırmışdır ki, mülki işin aidiyyət üzrə İnzibati Məhkəməyə göndərilməsi qanunvericilkdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri bağlı aşağıdakıları qeyd edir ki, hazırki iddia açıq-aşkar bərabər hüquqlu mülki hüquq subyektləri arasında mülki hüquq münasibətlərindən irəli gələn mübahisə olmaqla aidiyyəti üzrə rayon (şəhər) məhkəməsində baxılmalı iddiadır. Tərəflər arasındakı mübahisə nə subyekt, nə də predmet, nə də münasibətlərin xarakteri baxımından inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin “Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti” adlanan 25-ci madddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bundan əlavə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı mübahisənin xarakteri, habelə inzibati mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində beş aydan artıq davam edən hazırlıq və məhkəmə baxış iclaslarından sonra cavabdehin nümayəndəsi, hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatın üzvü kimi ixtisaslı hüquqi yardım göstərməyə borclu Vəkil yuxarıda qeyd edilən məzmunda vəsatəti prosessual hüquqlardan vicdansızcasına istifadə, hüquqdan sui-istifadə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədilməsi kimi qiymətləndirilməklə MPM-in 174.5-ci maddəsinə əsasən onun cərimələnməsi, habelə MPM-in 120-ci maddəsinə əsasən iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tutulması ilə nəticələnə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Abşeron Xırdalan-4” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(012)-3780/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar