Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1836/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1941/2021 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1941/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211,69 manat borcun və abonent saldosunda göstərilən 216 manat borcun ləğv olunması, **********10700 saylı abonentin hesabından silinməsi qət edilmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.11.2020-ci ildə tərtib edilmiş ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 216 manat cərimənin və sayğacın dəyərinə görə hesablanmış 211,69 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən 2a saylı evin 70-ci mənzili onun mülkiyyətindədir. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X6 əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02 iyun 2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının kalibirləmə laboratoriyasında yoxlama keçirilmiş, 18.11.2020-ci il tarixli, MSK-29/1710-02955-1 saylı akta əsasən sayğacın klapanının işlək olmadığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğu aşkar edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 20.11.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, akta əsasən 216 manat cərimə hesablanmış, mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. O, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir, ondan tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibatında iştirak etməmiş və aktları imzalamamışdır. Bundan əlavə, mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğacı mənzilin blokunda yerləşir, sayğaca edilən hər hansı bir müdaxilələrə görə və sayğacın sıradan çıxmasında o, günahkar deyildir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 11-ci məhəllə ünvanında yerləşən 2a saylı evin, 70-ci mənzilinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində ******* saylı, 02.06.2020-ci il tarixli akt tərtib edilmişdi. 02.06.2020-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış qaz sayğacı laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında klapanın işlək olmadığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğu, sayğacda istismar müddətində Alarm-1 rejiminin aşkar olunmadığı aşkar edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X6 əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək 20.11.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. 02.06.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız G-4 markalı sayğacın dəyəri 211,69 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 2A saylı evin 70 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 20.05.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02.06.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20.11.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış qaz sayğacının klapanı işlək deyildir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulmuşdur, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar edilməmişdir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin 20.11.2020-ci il tarixli hesabatının surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********10700) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********10700) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X7 tərəfindən İddiaçı ünvanlanmış 07.01.2021-ci il tarixli “Sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, ünvanında olan G-4 markalı, 1202AQ**********9 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın klapanının işlək olmaması səbəbindən, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olduğundan, metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 211,69 manat tələb olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin Sumqayıt X4 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacında klapanın işlək olmadığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğu, sayğacda istismar müddətində Alarm-1 rejiminin aşkar olunmadığı müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-1941/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1836/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1836/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver